PDF Oxu

Sosial

  • 11

Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müxtəlif beynəlxalq və regional qurumların diqqət mərkəzində saxlanılmaqdadır. Onlar öz iclaslarında bu münaqişəni müzakirə mövzusuna çeviriblər. Nəticədə münaqişəyə dair müxtəlif qərarların qəbul olunması danışıqlar prosesinə öz təsirini göstərən amillərdəndir. Avropa Birliy (AB) da bu təşkilatlardandır. Belə ki, qurumun son iclasında Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul olunub. Bu da, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur. AB-nin bu qərarının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə göstərəcəyi təsir barədə isə, politoloqlar öz münasibətlərini bildirdi.

Politoloq Rüstəm Məmmədov:

- Əlbəttə, Avropa Birliyinin Azərbaycanda maraqları çoxdur. Təbii ki, beynəlxalq hüquq və onun tərkib hissəsi olan Avropa hüququ Avropa üçün hər şeydən üstündür. Bu nöqteyi-nəzərdən də Azərbaycan torpaqlarının işğal altında qalması tamamilə qanuna uyğunsuzluqdur. Bunu dərk edən AB ölkələri həm öz maraqlarını, həm də beynəlxalq hüquq normalarını əsas tutaraq, bugünkü gündə Ermənistanı haqqa gəlməyə çağırır. İşğal olunmuş torpaqların boşaldılmasını tələb edir.

Politoloq Qabil Hüseynli:

- Mənim zənnimcə, çağırışın özü müsbətdir. Ermənistanın əməl etməsi məsələsinə gəldikdə isə, bu, artıq işin sonrakı hissəsidir. Çünki əsas məsələ Ermənistanın təcavüzkar olması, baş verən olaylara siyasi qiymət verilməsi, beləliklə, dünya ictimaiyyətinin rəyində kimin təcavüzkar və kimin təcavüzə məruz qalmış olması ideyasının möhkəmləndirilməsidir. AB-nin bu çağırışı mühüm əhəmiyyətə malikdir. Bizə imkan verir ki, baş vermiş hadisələrə, yəni təcavüzlərə siyasi qiymət vermək üçün artıq istər AB təşkilatı, istərsə də, Avropa Şurasının qurumlarına müraciət və istinad edək. Beləliklə, BMT-nin qətnamələri ilə yanaşı, Avropa təşkilatlarının qətnamələrinə istinad etməklə, təcavüz faktını asanlıqla isbatlayaq. Bundan sonra, danışıqlar stolu ərafında öz iddialarımızı, yəni ərazi bütövlüyü, işğal edilmiş torpaqların azad edilməsi məsələlərini irəli sürək. Əgər bu məsələlər baş tutmasa, onda ölkə Prezidentinin dediyi kimi müharibə variantını çox inamla, həm də dünya ictimai rəyinin bildiklərinə söykənməklə həyata keçirə bilərik. Madrid prinsiplərinin qəbul edilməsi məsələsinə gəldikdə isə, mən bu qənaətdəyəm ki, Ermənistan bu prinsipləri qəbul edəcək. Əgər qəbul etməsə, onda özünü bütün dünyaya qarşı qoyur və bu zaman Ermənistan çox pis vəziyyətə düşəcək. Bu nöqteyi-nəzərdən, onun qəbul etməsi, mənim zənnimcə, artıq an məsələsinə çevrilməkdədir.

Digər xəbərlər