PDF Oxu

Sosial

  • 15

Beynəlxalq ictimaiyyət qondarma seçkiləri tanımır

Beynəlxalq ictimaiyyət qondarma seçkiləri tanımır
İşğalçı Ermənistan dövlətinin mayın 23-də işğal etdiyi Dağlıq Qarabağda keçirmək istədiyi parlament seçkiləri ilə bağlı beynəlxalq səviyyədə geniş müzakirələr aparılmaqdadır. Qondarma Dağlıq Qarabağ Respublikasında may ayının 23-də keçiriləcək "parlament seçkiləri" təkcə regional səviyyədə deyil, eyni zamanda, beynəlxalq səviyyədə bütün təşkilat və qurumların diqqət mərkəzində qalmaqdadır. Azərbaycan dövlətinin həyata keçirdiyi aktiv xarici siyasət nəticəsində bu qondarma seçkilərə qarşı beynəlxalq ictimaiyyət də öz reaksiyasını bildirməli olub.
Heç bir dövlət və ya beynəlxalq qurum tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasının həyata keçirdiyi fəaliyyət də qanunsuzdur və beynəlxalq norma və prinsiplərə uyğun deyil. Keçirilməsi nəzərdə tutulan seçkiləri də bu qeyri-qanuni fəaliyyətin təzahürü kimi göstərmək olar. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası da qondarma seçkilərlə bağlı bəyanat yayıb. Bu bəyanat Azərbaycan dövlətinin ermənilərin növbəti seçki oyununa qarşı etiraz kimi qiymətləndirilir. Bəyanatda bildirilir ki, keçiriləcək bu seçkilər Azərbaycanın qanunlarına və konstitusiyasına tamamilə ziddir. MSK Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə dırnaqarası seçkiləri qanunsuz hesab edir.
Azərbaycan Xarici İşlər Nazirliyi də qondarma seçkilərin keçirilməsinə qarşı öz bəyanatını bir neçə gün bundan əvvəl bildirmişdi.
Bundan başqa, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda işğalçı rejimin keçirmək istədiyi seçkiləri pisləyib və tanımadığını bildirib. Dövlət Departamentinin rəsmisinin AzərTac-a verdiyi açıqlamada, həmçinin, ABŞ-ın münaqişənin dinc yolla Minsk Qrupunun vasitəçiliyi ilə tənzimlənməsinin də tərəfdarı olduğunu bildirib.
Azərbaycanın BMT-dəki səfiri də bununla bağlı BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. O, məktubda bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində indi həyata keçirdiyi seçki kimi qanunsuz tədbirlərlə, əslində, Azərbaycan ərazilərinin özünə birləşdirilməsi prosesini davam etdirir.
Digər bir beynəlxalq qurum olan İslam Konfransı Təşkilatı da bir neçə gün bundan öncə, Dağlıq Qarabağ münaqişəsi barədə bəyanat yayıb. İKT Xarici İşlər Nazirləri Şurasında qəbul olunan bu bəyanat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxmasını nəzərdə tutur. Qeyd edək ki, bir müddət bundan öncə, bu qurumun Parlament Birliyi tərəfindən də Dağlıq Qarabağ münaqişəsi barədə bəyanatı yayılmışdı.
Türkiyə Xarici İşlər Nazirliyi də bu seçkini beynəlxalq hüquq qaydalarına, BMT Təhlükəsizlik Şurasının qərarlarına və ATƏT-in dəyərlərinə zidd addım adlandırıb.
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən Minsk Qrupunun bu məsələyə hələ də mövqe bildirməməsi və ümumiyyətlə, Ermənistanın bu seçkiləri keçirməsinə icazə verməsi də nəzərdən qaçırıla bilməz. Həmsədr ölkələr öz işlərinin səmərəli olmasını istəyirlərsə, Ermənistana bu məsələlərdə, xüsusilə, işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsində öz təzyiq vasitələrindən istifadə etməli, bu cür addımların atılmasına yol verməməlidir. Əks-təqdirdə, yuxarıda da qeyd etdiyimiz kimi, münaqişənin həlli ilə bağlı bütün səylər boşa çıxacaq və danışıqlar prosesinə ziyan dəyəcək.

Digər xəbərlər