Təbii fəlakətlə bağlı Hökumət Komissiyası fəaliyyət göstərir
Azərbaycan Prezidenti İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, son vaxtlar yağan aramsız yağışlar nəticəsində qırx rayonun ərazisində subasma halları baş verib, ilkin məlumatlara əsasən, 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb.
Yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınıb, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülüb, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunub.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aşağıdakı tərkibdə Hökumət Komissiyası yaradılıb.
Hökumət Komissiyasına tapşırılıb ki, yaşayış yerini itirmiş ailələrə, ilk növbədə, həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyat keçirsin, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın, təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmi qiymətləndirilsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün, təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidən qurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin, təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan Prezidentinə, mütəmadi olaraq, məlumat versin, gələcəkdə mümkün ola biləcək belə qarşısının alınması üçün kompleks tədbirlər dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
Qeyd edək ki, dünən təbii fəlakətlə əlaqədar yaradılmış Hökumət Komissiyanın iclası keçirilib. Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış Hökumət Komissiyasının bu gün ilk iclası keçirilib.
Baş nazir Artur Rəsizadənin sədri olduğu komissiyanın iclasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması yolları müzakirə olunub. Bu barədə fəlakət zonasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadə bildirib.
Onun sözlərinə görə, iclasda fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı daha genişmiqyaslı işlərin görülməsi barədə tapşırıqlar verilib: "Araz çayının suyunun azaldılması və yaxud Kürdən ayrılması məsələsi barədə düşünürük".
Son məlumatlara görə, görülən tədbirlər öz bəhrəsini verməkdədir. Fəlakət bölgəsində çalışan dövlət qurumlarının koordinasiyalı şəkildə işləmələri nəticəsində durum nəzarət altına alınıb. Mayın 20-si saat 13.00-a qədər olan məlumata görə, Kür çayının müəyyən məntəqələrində səviyyədə azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Kürün səviyyəsi Qıraq Kəsəməndə dəyişməyib, Yevlaxda 3 sm, Zərdabda isə 1 sm azalıb. Surrada səviyyə 3 sm, Şirvanda 1 sm artıb, Salyanda 2 sm, Bankədə 1 sm azalıb. Araz çayının Novruzlu məntəqəsində səviyyəsi 1 sm, Qanıxın Əyriçay məntəqəsində 3 sm artıb.
Ümumiyyətlə, təbii fəlakət başlandığın günlərdən proses Prezident İlham Əliyevin şəxsi nəzarəti altında olub. Dövlət başçısı çayların daşması nəticəsində yaranan problemlərin aradan qaldırılması və bu halın bir daha təkrar olunmaması üçün önləyici tədbirlərin görülməsi məqsədilə ciddi tapşırıqlar verib. Müvafiq dövlət qurumlarının rəhbərləri, nazirlərin, Prezident Administrasiyası rəsmilərinin, millət vəkillərinin bölgəyə ezam olunması görülən tədbirlərin effektliliyini artırıb. Proqnozlara görə, yaxın günlərdə çaylarda suyun səviyyəsi aşağı düşəcək və fəlakətin nəticələri tam aradan qaldırılacaq.