Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması ilə bağlı Sərəncam imzalayıb. Hökumət Komissiyası əhaliyə dəyən ziyanın aradan qaldırılması, mövcud problemlərin yoluna qoyulması və üzləşilən digər çətinliklərin həll olunmasında nə kimi köməklik göstərə biləcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Elşad Mirbəşiroğlu,
politoloq:
- İlk öncə, onu qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanla bərabər dünyanın bir çox dövlətləri də təbii fəlakətlə üzləşib və sözügedən fəlakətdən çox əziyyət çəkir. Amma baş verən təbii fəlakətlə bağlı olaraq, ölkə rəhbərliyi tərəfindən məsələyə vaxtında, çox ciddi reaksiya nümayiş etdirildi. Prezident İlham Əliyev fəlakətin baş verdiyi bölgəyə gedərək, orada zərər çəkmiş sakinlərlə görüşdü və vəziyyətlə yerində tanış oldu və Bakıya qayıtdıqdan sonra, Hökumət Komissiyanın yaradılması haqqında sərəncam imzaladı. Hər şeydən öncə, bu, ondan xəbər verir ki, cənab Prezident hər zaman öz xalqının yanındadır. Hökumət Komissiyasının yaradılması isə, əminlik yaradır ki, həqiqətən də, Prezidentimiz və komandası baş verən təbii fəlakətin aradan qaldırılması istiqamətində bütün imkanlarını səfərbər etməyə hazırdılar və bu istiqamətdə real addımlar atılır. Bir şeyi qeyd etmək istəyirəm ki, baş vermiş təbii fəlakətlə bağlı olaraq, dünyanın bir sıra dövlətləri, o cümlədən, ABŞ kimi dövlətlər bu cür təbiətin şıltaqlığı ilə bacara bilmir və aciz şəkildə qalır. Amma çox sevindirici haldır ki, bu gün Azərbaycan Respublikasında bu fəlakətin qarşısının alınması istiqamətində çox ciddi addımlar atılır və bu istiqamətdə görülən işlər də öz bəhrəsini verməkdədir. Bir sözlə, hesab edirəm ki, cənab Prezident tərəfindən imzalanmış bu sərəncamla komissiyanın yaradılması baş verən fəlakətin aradan qaldırılması istiqamətində çox böyük töhfələr verəcəkdir. Baş vermiş fəlakət zonasının insanları da Prezidentimizin diqqət və qayğısına çox böyük dəyər verirlər və dövlətə çox böyük inam bəsləyirlər.
Kamil Seyidov,
"Azad Respublikaçılar" partiyasının sədri:
- Baş vermiş bu hadisə, təbii ki, təbiət hadisəsidir. Bu təbii fəlakətin qarşısının alınması, hadisə zamanı əhaliyə dəyən ziyanın aradan qaldırılması, təbii ki, Azərbaycan dövlətinin gücü daxilində aradan qaldırılacaq. Təsadüfi deyildir ki, baş vermiş hadisənin ilk günündən artıq dövlət məmurları, şirkət rəhbərləri bu işə cəlb olunublar. Cənab Prezidentin də fəlakət bölgəsinə gələrək müşavirə keçirməsi, bir daha onu göstərdi ki, hər zaman Azərbaycan dövləti çətin anlarda öz vətəndaşlarının qayğısına qalmağa və onlara dəymiş olduqları ziyanı qaldırmağa düşmüş olduqları ağır vəziyyətdən çıxarmağa qadirdir. Sözügedən Hökumət Komissiyanın yaradılması bir daha imkan yaradacaq ki, baş vermiş təbii fəlakətin nəticələri tamamilə aradan qaldırılsın. İnanıram ki, yeni komissiyanin fəaliyyəti nəticəsində təbii fəlakətin aradan qaldırılması, bütövlükdə, dövlətin nəzarəti altında olacaq.