"Ecovision" jurnalının növbəti sayı işıq üzü görüb
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nəşri olan "EcoVision" jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu nömrəsi qlobal iqtisadi böhran, onun Azərbaycan və Türkiyə iqtisadiyyatına təsiri məsələsinə həsr olunub ATİB tədqiqatlar şöbəsinin, Türkiyənin 1957-ci ildən fəaliyyət göstərən iş adamları dərnəyi TÜSİAD-ın ekspertlərinin hazırladığı analitik yazılarda mövzuya müxtəlif aspektlərdən toxunulur, ölkəmizin böhran dövründə yeritdiyi siyasət təhlil edilir, qlobal böhran kontekstində iqtisad elminin qarşılaşdığı problemlər müzakirə olunur.
Oxuculara Azərbaycan və Türkiyə arasındakı qaz ixracı ilə bağlı danışıqlar barədə məlumat verilir, mövzu ilə bağlı mütəxəssislərin yazıları təqdim edilir. "EcoVision"un bu nömrəsində ölkədə, regionda, dünyada baş verən hadisələr, ATİB-in fəaliyyəti, Azərbaycanda nəşr edilən maraqlı kitablardan bəziləri barəsində məlumatlar, Azərbaycanın son 10 ildə keçdiyi iqtisadi yolun göstəriciləri də əksini tapıb.
Nəşrdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycan və Türkiyə əlaqələri ilə bağlı verdiyi müsahibədə Türkiyənin rəsmi mövqeyi oxucuların diqqətinə çatdırılır. Əhməd Davudoğlu bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri gücünü iki xalqın arasındakı səmimi dostluqdan alan, dərin tarixi köklərə malik münasibətlər sistemidir. Əlaqələrimiz Azərbaycanın müstəqilliyindən sonrakı illərdə artıb, əməkdaşlığımız siyasətdən xarici siyasətə, iqtisadiyyatdan enerjiyə, təhsildən elmə qədər geniş bir aspektdə qüvvətlənib. Cənubi Qafqazın mövcud münaqişəli mühitdən xilas edilib, təhlükəsizlik və əməkdaşlıq sahəsinə çevrilməsi bu regiondakı bütün ölkələrin gələcəyi və bölgənin rifahı baxımından lazımlıdır. "Cənubi Qafqazda əhatəli sülhün yaradılması məqsədi ilə mühüm bir şərt də Dağlıq Qarabağ probleminin həll edilməsidir. Azərbaycanın qanayan yarası olan bu ixtilafın həlli istiqamətində 2010-cu ildə müsbət inkişafın olmasına ümidimiz sonsuzdur.