Məlum olduğu kimi, bu gün iki qardaş dövlətlər - Türkiyə ilə Azərbaycan arasında strateji münasibətləri bütün sahələri əhatə edir. İki ölkə ümumi düşmənə qarşı, eləcə də beynəlxalq təşkilatlar da dövlət və milli maraqları müdafiə etməkdə eyni mövqe sərgiləyirlər. Ölkəmizə hər səfəri uğurlu olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın növbəti rəsmi səfərini də millət vəkilləri, siyasi icmalçılar yüksək qiymətləndirir və bu səfərin olduqca önəmli xarakter daşıdığını söyləyirlər.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov Azərbaycan və Türkiyə strateji maraqlarının eynilik daşıdığını bildirib. Qeyd edib ki, bəlli protokolların iflasa uğramasından sonrakı dövrdə səfər böyük maraq doğurub. Hər bir tərəf və regionla bağlı maraqlı dairələr Azərbaycan və Türkiyənin bundan sonrakı dövrdə hansı addımlar atacağını proqnozlaşdırmaqdadırlar. Həqiqətən də, etiraf etmək lazımdır ki, bu, iki ölkənin münasibətləri və ölkənin geosiyasətini müəyyənləşdirən başlıca amildir. Keçmiş dövrdə regionla bağlı siyasətlərdə və iqtisadi xarakterli layihələrdə Türkiyə və Azərbaycanın birgə addımları nə qədər vacib rol almışdısa, gələcək dövrdə də bu iki ölkənin arasındakı münasibətlər vacib olaraq bölgənin ümumi həyatına təsir göstərəcək. Məhz buna görə də, son illər, xüsusilə də, Qarabağ məsələsində Türkiyənin rolu artmaqdadır. Təbii ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər. Türkiyə ilə Azərbaycanın arasında olan həm siyasi, həm iqtisadi, həm də digər əlaqələr bizə imkan verir ki, Cənubi Qafqaz, Şərqi Avropa, ümumiyyətlə, Avropada daha geniş birgə addımlar ataq. Düşünürəm ki, gələcəkdə də region üçün vacib olan məsələlərdə Azərbaycanın iştirakı və məlumatlandırılması vacib şərtdir. Regionda olan vəziyyət siyasi, enerji və digər amillərlə bağlıdır. Azərbaycan bu günə qədər bütün müttəfiqlərinin istər siyasi, istərsə də, enerjiylə bağlı istəklərini yerə salmayıb. Hər zaman dediyini həyata keçirib. İki qardaş ölkə arasında yaranan qaz probleminin həlli istiqamətində də uğurlu işlərin aparıldığını söyləyən E.İbrahimov bildirdi ki, enerji məsələləri elə bir prosesdir ki, sadəcə olaraq, fikir söyləməklə bunu həll etmək olmaz. Bununla bağlı iki ölkənin müvafiq qurumları arasında danışıqlar aparılır. Burada təkcə Türkiyəyə qaz nəqlindən söhbət getmir. Sadəcə olaraq, Azərbaycanın Avropaya və digər ölkələrə, yəni marşrutların müzakirəsi və bu marşrutların regional bir mərkəz olaraq Türkiyədən keçməsi onun bu prosesdə iştirakını genişləndirib. Burada məsələ qlobal şəkildə ortaya qoyulub. Layihənin önəmliyi ilə bağlı Avropa və digər ölkələrin marağı olduğu üçün məsələnin, birmənalı olaraq, həll olunacağını ancaq danışıqlar aparan insanlar və qurumlar bəyan edə bilərlər. Bütün enerji layihələrinin geniş müzakirəsindən sonra nə isə açıqlayıb, sənəd imzalamaq olar.
YAP Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirdi ki, R.T.Ərdoğanın Azərbaycana ötənilki səfəri də may ayına təsadüf etmişdi. O zaman Türkiyə-Ermənistan arasında məlum protokolların meydana çıxdığı ərəfədə baş tutan səfər Azərbaycanla Türkiyə arasında yaranan gərginliyin aradan qaldırılmasına hesablanmışdı.
Millət vəkili xatırlatdı ki, keçən il Azərbaycan və Türkiyə müxalifətinin sərt mövqeyi AKP iqtidarını ehtiyatlı davranmağa məcbur etdi və protokolların parlamentə göndərilməsini ləngitdi: "Ərdoğan parlamentdə çıxış edərək Türkiyənin əhdinə sadiq qalacağını bildirdi və əlavə etdi ki, Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməyəcəyi təqdirdə protokollarla bağlı müsbət addım atılmayacaq. Azərbaycan da Türkiyənin mövqeyindən razı qaldı və münasibətlərdəki gərginlik müəyyən qədər aradan qalxdı, Qars məsələsi də nisbətən konstruktiv məcraya daxil oldu".
Bu yaxınlarda Türkiyə ilə qaz məsələsində də razılıq əldə edildiyini bildirən A.Mirzəzadə Azərbaycan qazının 220 dollara alınmasına dair razılıq əldə olunduğunu qeyd etdi: "Son vaxtlara qədər Azərbaycan Türkiyəyə qazı 120 dollara satırdı. Yəqin ki, Türkiyə ilə sənəd imzalanandan sonra qazın qiymətində dəyişikliklər olacaq. Azərbaycana bir milyard dollardan çox pul və qalıq borcu ödənəcək".
YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun fikrincə isə, R.T.Ərdlğanın səfər zamanı iki ölkə arasında münasibətlərin son zamanlar gəlişmiş sahələri də müzakirə mövzusu olub: "Məlum olduğu kimi, "Nabucco" layihəsi razılaşdırılır. Bu məsələdə Türkiyə və Azərbaycan arasında da mövqe ortaqlığı yaranmaqdadır. Türkiyəyə nəql olunacaq qazla bağlı da müqavilənin imzalanması istisna olunmur. Məhz bundan sonra Azərbaycan, Türkiyə, İtaliya və Yunanıstan dördlüyünün qazla bağlı sammitinin keçirilməsi baş tutacaq. Həm Azərbaycan, həm də Türkiyə aralarındakı münasibətləri möhkəmləndirmək, bu münasibətləri həqiqi-strateji müttəfiqlik səviyyəsinə qaldırmaq niyyətindədirlər. Bu səbəbdən də, tək bölgədə deyil, bütün dünyada daim birgə hərəkət strategiyasını cızmaq üçün yaxınlarda iki ölkənin rəsmiləri taktiki addımları müzakirə edib, qərar qəbul edəcəkləri istisna olunmur".