PDF Oxu

Sosial

  • 13

Türkiyə ilə Rusiya arasında viza rejiminin ləğv olunması Ermənistanı ciddi narahat edib

Türkiyə ilə Rusiya arasında viza rejiminin ləğv olunması Ermənistanı ciddi narahat edib
Cənubi Qafqaz regionu və bu regionun mövcud problemləri bu günlərdə yenidən danışıqlar mövzusuna çevrilib. Belə ki, regionda gedən proseslər və ayrı-ayrı dövlətlərin başçıları tərəfindən verilən bəyanatlar bunu deməyə əsas verir. Bu regionun ən böyük problemi sayılan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da region dövlətləri tərəfindən müxtəlif yanaşmalar müşahidə olunmaqdadır. Regionun təhlükəsizliyi üçün mühüm rol oynayan bu problem, əslində, region dövlətləri daxil olmaqla, eyni zamanda, burada marağı olan bütün dairələrin diqqət mərkəzindədir. Çünki Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmadan heç bir sülh və təhlükəsizlik məsələsindən söhbət gedə bilməz. Məhz bu səbəbdəndir ki, istər Rusiya prezidentinin Türkiyə səfəri, istər Davudoğlu - Klinton telefon danışığının, istərsə də Türkiyə xarici işlər nazirinin verdiyi son bəyanat zamanı Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Bütün bu proseslərin gedişatına nəzər salmaqla münaqişə ətrafında baş verən hadisələri və onun gələcək perspektivdə nələrlə qarşılaşacığını daha yaxşı anlamaq olar. Bu günlərdə Türkiyə-Rusiya yaxınlaşması və bu yaxınlaşma prosesinin regionda gedən proseslərə təsiri barədə müxtəlif yanaşmalar yayılmaqdadır. Qeyd edək ki, bu həftə Rusiya prezidenti Dmitri Medvedevin Türkiyə səfəri, demək olar ki, nəinki regionun, eyni zamanda, bütün dünya mətbuatının gündəmini tutan məsələdir. Bu isə, məsələnin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərmiş olur. İki ölkə arasında olan münasibətlərin, əməkdaşlıq əlaqələrinin yüksək templə inkişaf etdirilməsi bu səfər zamanı da nəzərdən qaçmayıb. Rusiya prezidenti D.Medvedevin Türkiyədə səfərdə olarkən prezident A.Gül və baş nazir R.T.Ərdoğanla görüşü zamanı əldə olunan razılaşmaları nəzərə alsaq, bu səfərin çox səmərəli olduğunu demək olar. Belə ki, iki ölkə arasında viza rejiminin ləğvi və digər sahələrdə əldə olunmuş əməkdaşlıq razılaşmaları bunu deməyə əsas verir. Eyni regionun iki ölkəsi arasında belə bir münasibətin yaranması regionda sülh və sabitliyin təmin olunması üçün mühüm əsas yaradan məsələlərdir. Bu ölkələrin başçıları arasında keçirilən görüş zamanı da Dağlıq Qarabağ mövzusu müzakirə olunmuşdur. Hər iki dövlətin danışıqları maraqla izləməsi və münaqişənin nizamlanmasında maraqlı olduğunu bəyan etməsi, onların bu məsələnini müzakirəsi zamanı da müsbət nəticələrə gələcəyinə ehtimal yaratmış olur. Rusiya və Türkiyə prezidentləri arasında keçirilən görüşdən sonra da jurnalistlərə açıqlamalarında prezidentlər bu məsələni müzakirə etdiklərini və onun həlli üçün hər cür kömək göstərəcəklərini bəyan ediblər. Rusiya prezidenti xüsusilə bu məsələ ilə bağlı şəxsən öz adından bəzi işlərin görüldüyünü, bir neçə dəfə prezidentlərin Rusiyada görüşdürüldüyünü qeyd etmişdir. O, həmçinin, yaxın vaxtlarda da belə bir görüşün təşkil ediləcəyini nəzərə çatdırıb. Rusiya prezidentinin Türkiyədə verdiyi bu bəyanat, əslində, reallığı əks etdirsə də, görülən bütün səylər hələ də heç bir nəticə vermir. Düzdür, son dövrlərdə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Rusiyada bir neçə dəfə görüş keçirilmişdir. Bunu Rusiyanın münaqişənin həllinə göstərdiyi diqqət kimi qiymətləndirmək olar. Lakin bu, heç bir nəticə vermir. Nə qədər ki, Ermənistan öz mövqeyini dəyişməyib və qeyri - konstruktiv mövqeyindən dönməyib, nə Rusiyanın, nə də başqa bir dövlətin görüşlər təşkil edib müzakirələr keçirməsi heç bir nəticə verməyəcək. Yaxşı olardı ki, Rusiya regionda xüsusilə, Ermənistana qarşı təsir gücünə malik bir qüvvə kimi, Ermənistana öz mövqeyində dəyişiklik etmək üçün təsir və təzyiq vasitələrindən istifadə etsin. Belə olan təqdirdə, münaqişənin nizamlanması daha tez mümkün olar. Bu prosesə Türkiyənin qoşulmaq istəyi də sevindirici haldır. Belə ki, Türkiyə də regionda söz sahibi olan dövlətdir. Onun münaqişədə vasitəçi kimi iştirak etməsi nizamlanmaya öz müsbət təsirini göstərəcək. Onun Minsk Qrupunda həmsədr kimi təmsil olunmaq istəyinin olması da Türkiyənin münaqişənin nizamlanmasında maraqlı olduğunun göstəricisidir. Türkiyə tərəfinin bu təşəbbüsü Azərbaycan tərəfindən də müsbət qarşılanır. Xarici işlər nazirinin müavini A.Əzimov bununla bağlı verdiyi açıqlamada rəsmi Bakının Türkiyənin Minsk Qrupunun həmsədri olmasını alqışlayacağını bildirib. Bunun üçün isə Türkiyənin, ilk növbədə, öz istəyini bildirməsinin lazım olduğunu qeyd edən nazir müavini belə bir halın baş verməsinin tamamilə normal olduğunu nəzərə çatdırıb. O bildirib ki, əgər həmsədrlərin sayı qurum yarandığı gündən birdən üçə çatıbsa, onun dörd olması da tamamilə mümkündür. Bunun digər həmsədrlərlə müzakirə olunmasına gəldikdə isə, artıq bu işin Rusiya ilə görüldüyünü demək olar. D.Medvedevin Türkiyəyə səfəri zamanı bu məsələnin də müzakirə olunduğu məlumdur. Digər bir tərəfdən, qeyd etmək lazımdır ki, Türkiyə xarici işlər naziri Ə.Davudoğlu da bu günlərdə region haqqında verdiyi bəyanatı ilə də geniş miqyasda marağa səbəb olub. O bildirib ki, Türkiyə mütləq Cənubi Qafqazın taleyini dəyişdirəcək. Ə.Davudoğlu, həmçinin, bir gün Qarsdan çıxan maşının Yerevandan, Kəlbəcərdən və Ağdamdan keçərək, rahat şəkildə Bakıya çatacağına inandığını vurğulayıb. Türkiyə xarici işlər nazirinin belə bir bəyanatla çıxış etməsinin nə dərəcədə gedən prosesləri əks etdirdiyini demək çətindir. Lakin D.Medvedevin səfərindən sonra belə bir bəyanatın verilməsi Türkiyə ilə Rusiya arasında bu barədə hansısa razılığın olmasına dəlalət edə bilər. Görünür, iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mövzusunda müzakirələrin aparılması Ə.Davudoğlunu belə bir bəyanat verməyə sövq edib. Bundan başqa, Ə.Davudoğlunun ABŞ dövlət katibi H.Klinton ilə telefon danışığı zamanı da Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması Türkiyənin məsələyə nə qədər ciddi yanaşmasını göstərmiş olur. Onun belə bir yanaşma nümayiş etdirməsi münaqişə ilə birbaşa və dolayı yolla əlaqədar olan subyektlərin də öz işlərində ciddi olmasına şərait yaratmış olacaq. Bu sırada Rusiyanın adını xüsusilə qeyd etmək lazımdır. Onun Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi ilə bağlı göstərdiyi səylər də bunu deməyə əsas verir. Türkiyə ilə əməkdaşlıq fonunda Rusiya istər-istəməz Dağlıq Qarabağ münaqişəsinin də həllinə biganə qalmayacaq və bu yöndə Türkiyə ilə birgə çalışmalı olacaq. Göründüyü kimi, regionda hazırda cərəyan etməkdə olan proseslər, bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bununla da, bilavasitə regionda sülh və sabitliyin bərpa olunmasına yönəldilmişdir. Bunun həyata keçirilməsi üçün yeganə lazım olan şey Ermənistanın qeyri-konstruktiv mövqeyinin dəyişməsidir ki, bu yöndə də hələ ki, heç bir şey müşahidə olunmur. İşğalçı dövlət hələ də Azərbaycan torpaqlarından geri çəkilmək niyyətində deyil. Lakin hazırda dünyada gedən proseslər tamamilə Ermənistanın bu mövqeyinə əksdir və gec-tez onu öz mövqeyindən döndərəcək. Prezident İlham Əliyevin də bu günlərdə, Serbiya prezidenti ilə görüşdə qeyd etdiyi kimi, bu münaqişə yalnız beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Lakin bunun sülh yolu ilə həll olunması daha arzulanandır. Bu hal baş vermədikdə isə Ermənistana qarşı zor tətbiq edilməsi qaçılmaz olacaq.

Digər xəbərlər