PDF Oxu

Sosial

  • 18

Yaşayan və yaşadan lider

Yaşayan və yaşadan lider

Həyatın məqsədi yaratmaq və mümkün qədər parlaq yanmaqdır, öz fəaliyyətini, həyatını adamlara həsr etməyən xoşbəxt ola bilməz. İnsan təklikdə sevinə bilər, nəşələnər, lakin xoşbəxt ola bilməz.
Fransız yazıçısı xanım de Stal

Şəxsiyyətin islam modelində əsas cəhət Allah iradəsinin ciddi və qüsursuz olaraq həyata keçirilməsidir.
Fəlsəfə tarixində insan şüurlu varlıq kimi zəruri olaraq özünün bu dünyadakı yerini - həm mənşəyinə, həm də indiki mövcudluğuna görə mənliyi ilə dünya arasındakı əlaqəni, birliyi və fərqi müəyyənləşdirməyə çalışır. İnsan öz mahiyyətinə görə yaradıcıdır. O, həm özünü, həm də öz dünyasını yaradır. Heydər Əliyev öz dünyasını yaratmaqla bərabər dünyanı xeyir və ədalət əsasında qurdu.
Fəlsəfə tarixində insan varlığı geniş nəzəri səpkidə araşdırılır, həyatın mənası, insanın mahiyyəti, məqsədi və idealı kimi məsələlər tədqiq edilir. Belə ki, fəlsəfi məsələ kimi, məhz insan çıxış edir. Lakin insan həm də onu şəxsiyyət kimi müəyyənləşdirən keyfiyyət və xassələrin daşıyıcısıdır.
İnsan haqqında müxtəlif konsepsiyalar olubdur. İslamın insan haqqında görüşləri isə tamam başqadır. İnsanları Yaradana görə sevin, o sizləri başqalarına sevdirər. Mən düşünürəm ki, xalqın Ümumliderə olan sevgisi, onun insanlığa verdiyi dəyərin məntiqi təcəssümüdür.
Hər bir şəxsin həyatının məqsədi və mənası, eyni zamanda, bütün insan tarixinin, insanın yaşadığı cəmiyyətin məqsəd və mənasına təsir göstərən sosial ideyalar və fəaliyyətlər ilə sıx əlaqədardır.
May ayı türk dünyası üçün mübarək aydır. Belə ki, 1918-ci il mayın 18-də Mustafa Kamal Paşa Atatürk İstanbuldan Anadoluya gedərək, vətən və millət naminə savaşa başlamış və sonralar bu günü özünə ad günü götürmüşdür. Bundan 10 gün sonra isə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası qurulmuşdur. Beş il sonra-1923-cü il mayın 10-da gələcək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, bütün türk dünyasının iftixarı, ulu öndər Heydər Əliyev dünyaya gəlmişdir. Bu faktlar may ayının qardaş xalqlar üçün, doğrudan da, şərafətli bir ay olduğunu deməyə bizə əsas verir. Həmçinin, 1923-cü il türk aləmi üçün əlamətdar bir il- Türkiyə Respublikasının yarandığı ildir.
Bəli, türk dünyası üçün mühüm tarixi hadisələrlə əlamətdar olan bir dövrdə anadan olan Heydər Əliyev də öz xalqının milli varlığını dünyaya tanıtmaq və onun müstəqil dövlətini yaradaraq, onu daim zəfərlərə doğru aparmaq kimi olduqca çətin və şərəfli bir missiyanı onu Azərbaycana bəxş edən Tanrının bu xalqa olan istəyinə layiq səviyyədə həyata keçirmişdir. Ümummilli lider kəskin zəka, analitik təfəkkür, yüksək milli-mənəvi dəyərlərə malik şəxsiyyət, filosof idi. Bu xüsusiyyətlər ulu öndərdə sonradan qazanılmış xüsusiyyətlər deyildi, Uca Tanrının lütfü idi. O, dahi olaraq doğulmuşdu. Sanki Azərbaycan xalqına xas bütün xüsusiyyətlər, əsrlər boyu cilalanaraq ümummilli lider Heydər Əliyev şəxsiyyətində təcəssüm olunmuşdu.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirədək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Azərbaycan şairi Səməd Vurğuna aid olan bu misralar Azərbaycan şeirini və ədəbiyyatını özünə yaxın görən hər kəs tərəfindən çox yaxşı bilinməkdədir. Bəşəriyyət yolunun başlanmasından etibarən hər bir toplum, zəka işığının içərisində yetişdirən fikir adamlarından - öndərlərindən almışdır. Hər toplum tarixi dəyişim qarşısında dahi bir liderə ehtiyac duymuşdur - Sevərək yaşayan və yaşadan liderə.
Bir insan olaraq, anlayışın və mərhəmətin, bir lider olaraq, əzəmətin, bir vətəndaş olaraq, həyatın şüarını, vətəninin, xalqının gələcəyinə həsr etməyin minlərlə Azərbaycan gəncinin gələcəyinə çağırışdır.
Ulu öndərin xalqa müraciəti zamanı onun millətə, vətənə dərin sevgisini duymamaq mümkün deyil.
"Bu siyasəti mən onun üçün apara bilirəm ki, bu, mənim iradəmdir, həyatımın qayəsidir, mənasıdır."
"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəlimizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub."
"Heç bir qüvvə Azərbaycan müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".
Müstəqil Azərbaycanın keçdiyi sınaqlar dövlətçiliyimizin ən ağır günlərdə ümummilli lider Heydər Əliyevin göstərdiyi qətiyyət və əzimkarlıq bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib.
Azərbaycan tarixində Heydər Əliyev silinməz izlər buraxmışdır. Onun fəaliyyəti nəticəsində qazanılan nailiyyətlər Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə dəyərlidir. Azərbaycanın əldə etdiyi uğurların, nailiyyətlərin təməlində ulu öndərin hazırladığı unikal inkişaf konsepsiyasının fundamental əsasları dayanır.
Bütün mənalı həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi xadim və dövlət rəhbəri kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, dövlət idarəçiliyi məktəbi yaratmışdır. Mak-Qreqor qeyd etmişdir ki, "idarəetmə qabiliyyəti insan münasibətlərini tənzimləmək bacarığından ibarətdir."Bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşun birinin tənəzzülü, digərinin tərəqqisi ilə müşayiət olunan siyasi proseslər dalğasının kulminasiya nöqtəsində uğurlar qazanan Heydər Əliyev siyasi məktəbi, idarəçilik sistemi beynəlxalq idarəetmədə ən optimal variantdır. Azərbaycan xalqının daha bir çox nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən xalqımızın rifahı naminə faydalanacaqdır. Ümummilli lider hər zaman yaşadığı dövrün qəlibləşmiş stereotip və şablon düşüncə tərzindən üstün olan innovativ ideyalarla çıxış etmişdir. Akademik Ramiz Mehdiyevə istinadla deyə bilərik ki, siyasi lider dahiliyi yaşadığı zamana və gələcəyə təsiri,idarəetmə qərar qəbul etmə tərzlərində novatorluq keyfiyyətləri ilə önəmli sayılır. Belə ki, ulu öndər bütün keyfiyyətlərinə yüksək mənəviyyatına, siyasi liderlik xüsusiyyətlərinə görə alternativsiz, fenomenal şəxsiyyət idi.
Bütün həyatını doğma Azərbaycanın xoşbəxtliyinə həsr edərək, bu yolda ölçüyəgəlməz və misilsiz xidmətlər göstərən, bəşər tarixində təkrarı olmayan dahi Heydər Əliyev Azərbaycanı müstəqil bir dövlət kimi ən ağır təhlükələrdən xilas etmiş, qısa zaman ərzində ölkədə sabitlik və əmin-amanlığı bərqərar edərək, respublikamızı inkişaf yoluna səfərbər etmiş, xalqımızın iqtisadi, sosial-mədəni tərəqqisini stimullaşdıran, ümumən Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafını təmin etməyə qadir olan müdrik siyasi strategiyanın müəllifi olmuşdur.
Həyatı mənalı olan dahi şəxsiyyət respublikanı dünya birliyində layiqli mövqeyə sahib etmək kimi misilsiz tarixi missiyanı yüksək səviyyədə yerinə yetirməklə bərabər, eyni zamanda, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü dövlət kursununu əsasını qoymuşdur.
Əlbəttə, bu böyük xidmətləri Azərbaycan xalqı daim sonsuz minnətdarlıq hissi ilə xatırlayır və xalqımız üçün fərəhlidir ki, dünya şöhrətli ümummilli liderimizin müdrik siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə yeni-yeni tarixi nailiyyətlər qazandırır, dövlət müstəqilliyimiz daim güclənir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla dünya birliyində fəal mövqe qazanır.
Bir Azərbaycan gənci olaraq bu həqiqətləri vurğulamaqda misilsiz qürur duyuram:
- Yolunuzda ümidlə irəliyə doğru gedərək bizə irs qoyub getdiyiniz yolla Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə fədakarlıqla çalışacaq, milli birliyimizə sədaqətlə xidmət göstərəcək, bizlərə əmanət etdiyin bayrağı qürurla gələcəyə aparacaq, hər zaman müdrik baxışınla gələcəyə baxacaq, insanlığa verdiyin dəyər hər zaman dəyərimiz olacaqdır. Heç bir siyasi qüvvə, heç bir güc övladlarını Heydər Əliyev ideyalarından, təməl prinsiplərindən kənarlaşdıra bilməz. Yolunuz yolumuz, gələcəyə ümidlə baxışınız gələcəyimizin təminatıdır!

İntizar Məmmədova,
BDU-nun psixologiya kafedrasının dissertantı

Digər xəbərlər