Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə xatirə gecəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, AAKM-in Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbirin hazırlanmasında Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Forumu nümayəndələri də iştirak edib.
Xatirə gecəsini AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova açaraq, qonaqları salamlayıb. Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov dünya şöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin həyat yolu və fəaliyyəti barədə fikirlərini bölüşüb, ümummilli liderin uzaqgörən siyasətçi, Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı, eləcə də, Azərbaycanı dünyada tanıdan şəxsiyyət kimi tarixi xidmətlərindən danışıb.
Sonra çıxış edən AAAK-in fəxri prezidenti Bahəddin Qaya ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə qaldırılmasında tarixi rolundan geniş söhbət açıb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin vaxtilə keçmiş SSRİ ölkələrinə gənc mütəxəssisləri işləməyə göndərməsi bugünkü diasporun yaranmasının təməli olub. Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani isə Heydər Əliyevin xalqının, Vətəninin müstəqilliyə qovuşması, müasir Azərbaycan dövlətinin qurulması istiqamətindəki fəaliyyəti barədə qonaqlara alman dilində məlumat verib.
Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Delbəstə də öz çıxışında ulu öndərin əsasını qoyduğu uğurlu siyasətini yüksək qiymətləndirib və bu siyasəti Prezident İlham Əliyevin ləyaqətlə davam etdirməsini alqışlayıb. O deyib ki, 10 may tarixi Azərbaycan xalqı üçün zəfər günüdür.
Sonda Samirə Patzer-İsmayılova azərbaycançılıq, Azərbaycan diasporu anlayışının məhz ümummilli liderin adı ilə bağlı olduğunu qeyd edərək, qonaqlara Diasporla iş üzrə Dövlət Komitəsinin hazırladığı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan deyəndə..." sənədli filmini təqdim edib.