“Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr" mövzusunda beynəlxalq konfrans keçirilir
Dünən İsrailin Təl-Əviv şəhərində "Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, konfransda ABŞ, Almaniya, Gürcüstan, Ukrayna və Rusiyadan politoloqlar, jurnalistlər və ictimai xadimlər iştirak edirlər.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunmuş tədbirin məqsədi dövlət rəsmlərinin, regiondakı prosesləri dərindən bilən politoloqların və mütəxəssislərin, habelə, Azərbaycan, İsrail, ABŞ, Rusiyada, Ukrayna və Gürcüstanda fəaliyyət göstərən rusdilli kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə medianın münaqişələrin həllində roluna dair müzakirələr aparmaqdır. Azərbaycanı bu tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edir.
Konfransı Azərbaycan-İsrail Beynəxalq Assosiasiyasının rəhbəri İosif Şaqal açaraq, tədbirin əhəmiyyətindən danışıb. Bu tədbirin iştirakçı dövlətlərin mətbu orqanları arasında əlaqələrin inkişafında mühüm rol oynadığını söyləyib. Daha sonra çıxış edən İsrailin Baş nazir dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri xanım Naomi Ben-Ami konfransın əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Konfransda dövlət komitəsinin sədri Nazim İbrahimov çıxış edərək, Azərbaycanda həyata keçirilən islahatlar, İsrail-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolu, Dağlıq Qarabağ münaqişəsi, İsrail-Azərbaycan arasında əlaqələrin genişlənməsində və möhkəmlənməsində diasporun rolu və digər məsələlər barədə ətraflı məlumat verib.
Knessetin deputatı, "İsrail bizim evimizdir" partiyasının parlamentdəki fraksiyasının rəhbəri Robert İlatov Azərbaycan və İsrail dövlətləri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkəsinin Azərbaycanla əlaqələrinin hərtərəfli inkişafında maraqlı olduğunu vurğulayıb. R.İlatov regionda mövcud olan problemlərin həllində KİV-in rolunu xüsusi qeyd edib və bu baxımdan, konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edək ki, konfrans iki gün davam edəcək.