PDF Oxu

Sosial

  • 7

Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir

Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir

Məlum olduğu kimi, Ermənistan tərəfi Sürix protokollarının dayandırılması ilə bağlı qərarı qəbul edib. Bu qərar Ermənistan dövlətinin qeyri-konstruktivliyinə və öz imzasına hörmətsizlik nümunəsi sayıla bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.

Elman Nəsirov, politoloq:

- İlk öncə, onu qeyd etmək istəyirəm ki, ABŞ səfəri ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyan belə bir bəyanatla çıxış etmişdi ki, Türkiyə ilə protokolların ratifikasiyası ilə bağlı məsələdə mövqeyimiz və siyasi qərarımız var və onun məqamı çatan kimi, biz bunu elan edəcəyik. Belə məlum olur ki, ratifikasiyanın təxirə salınması məsələsi, demək olar ki, artıq Yerevanda qabaqcadan hazırlanmışdı. Sadəcə olaraq, burada məqsəd o idi ki, işğalçı ölkə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ideyasının müəllifi olan ABŞ-ın nəzərinə çatdırmaq istəyirdi ki, biz Birləşmiş Ştatların irəli sürdüyü bu layihədən imtina etmək məcburiyyətindəyik. Türkiyə, konkret olaraq, ilkin şərtlərlə çıxış edir. Yəni, Dağlıq Qarabağ məsələsini ortalığa atır. Belə olan təqdirdə, Ermənistan prezidenti bir güllə ilə iki dovşan vurmaq istəyirdi. Belə ki, Sarkisyan hakimiyyəti bir yandan bu davranışı ilə Türkiyəyə təzyiq etmək istəyirdi. İkincisi isə, Dağlıq Qarabağ məsələsini irəli sürdüyünə görə, Azərbaycana təzyiqlərə nail olmağını arzulayırdı. Amma Sarkisyan Vaşinqton səfərindən əli boş qayıtdı və istədiyi məqsədinə çata bilmədi. Türkiyənin mövqeyi isə, bütün təzyiqlərə baxmayaraq, dəyişməz olaraq qaldı. Bunların istəkləri ondan ibarət idi ki, iki qonşu dövlət olan Türkiyə-Azərbaycan münasibətlərini korlasın. Ancaq onlar bu istəklərinə nail ola bilmədilər.
Bütün bu proseslər, onu göstərdi ki, Ermənistan sülh prosesinin tənzimlənməsində maraqlı deyil. O, status-kvo vəziyyətinin, torpaqların işğal altında saxlanılmasını və beynəlxalq ictimaiyyətin fikirini yayındırmaq, onu aldatmaq naminə bir "sülhpərvər" imicinə girmək istəyirdi. Guya bu danışıqlarda maraqlı olduğunu bildirir və artıq danışıqlara gedir. Əslində, Ermənistan sözügedən bu danışıqları uzatmaq taktikası ilə hərəkət edir. Təbii ki, burada məqsəd uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlamaqdır.

Qabil Hüseynli, politoloq:

- Ermənistan özünü qəyyumlarının dəstəyi ilə cəzasız hesab edir. Həmçinin, beynəlxalq hüquqa, ictimai rəyə çox hörmətsizliklə yanaşır. Ermənistan xırda bir dövlət olmasına baxmayaraq, o dünyanın superdövlətinin edə bilmədiyi hərəkəti edir. Bildiyiniz kimi, Vaşinqtona nüvə zirvəsinə gedən Ermənistan prezidenti Serj Sarkisyan sözügedən protokolların müzakirəsi üçün parlamentə həmin sənədləri göndərir. Baxmayaraq ki, S.Sarkisyan orada Barak Obama və Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Geriyə qayıdanda isə, Fransa və Rusiya prezidentləri də işğalçı ölkənin prezidenti arasında görüş keçirilib. Bütün bu görüşlərdən sonra, Yerevana qayıdan Ermənistan prezidenti sözügedən protokolları geriyə çəkir. Fikrimcə, bütün bunlar, onu göstərir ki, işğalçı dövlətə dəstək verən güclərdən mənəvi dəstək alaraq, Türkiyəyə təzyiq göstərmək üçün belə bir addımı atıb. İstənilən halda, Ermənistan beynəlxalq hüquqa bu məqamda da hörmətsizlik göstərir. Yəni, onsuz da adıçəkilən ölkə təcavüzkar dövlət kimi beynəlxalq hüquq normalarını dəfələrlə tapdalayıb. Amma çox təəssüflər olsun ki, işğalçı dövlətin bu hərəkətləri barədə BMT-nin dörd qətnaməsi olsa da, Ermənistanın təcavüzkar kimi elan edilməsinə nə BMT, nə də digər beynəlxalq qurumlar cəsarət etməyib. Digər tərəfdən, Ermənistanın uzun müddət Azərbaycan torpaqlarını işğal altında saxlaması faktı da bu gücləri və eləcə də, beynəlxalq qurumları narahat etmir. Çünki həmin torpaqlardan bir milyondan çox insan öz yurd-yuvalarından didərgin salınıb və dəyəri 30 milyard dollar olan maddi və mədəniyyət nümunələri talan edilib. Bütün bu cəzasızlıq və qınaqsızlıq mühitində Ermənistan, əlbəttə, özünü çox həyasız və meydan oxuyucu bir şəkildə aparır. Bu nöqteyi-nəzərdən də Ermənistanın bu protokolları geri çəkməsini həm beynəlxalq hüquqa hörmətsizlik, həm də Türkiyəyə meydan oxumaq kimi dəyərləndirmək olar.

Digər xəbərlər