PDF Oxu

Sosial

  • 9

Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb

Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
Montana ştatı (ABŞ) Dövlət Universitetinin tələbəsi Kolin Daniel Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) haqqında kursun əla səviyyədə hazırlanmasına və aparılmasına görə 2010-cu ildə Heydər Əliyev adına mükafata layiq görülüb. Azərbaycana və Avrasiya regionuna həsr edilmiş tədqiqatlarda xüsusilə fərqlənmiş amerikalı tələbələr üçün Heydər Əliyev adına illik mükafat 2008-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən təsis edilib. Baş konsul Elin Süleymanov universitetdə olarkən mükafatı sahibinə təqdim edib. Azərbaycan təmsilçisi amerikalı tələbələrin məlumatlılıq səviyyəsinin yüksək olduğunu qeyd edərək xatırladıb ki, bütün region, o cümlədən QDİƏT çərçivəsində rifahın yüksəldilməsinə yönəlmiş əməkdaşlıq ideyaları ümummilli lider Heydər Əliyevin strateji siyasətinin əsasını təşkil edirdi. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi regional inteqrasiya siyasətində də məhz bu yanaşma öz əksini tapır.
Sonra Universitetin təhsildə ən çox fərqlənən tələbələrinə xatirə hədiyyələri təqdim edilib. Montana ştatı Dövlət Universitetinin siyasi elmlər fakültəsində QDİƏT haqqında kursu professor Tomas Holts tədris edir. Çox populyar olan bu kursun interaktiv modelləşdirmə formasında tədris edilməsi tələbələrin regional mövzuları daha dərindən öyrənməsinə kömək edir, diplomatiya və beynəlxalq danışıqlar sahəsində faydalı vərdişləri inkişaf etdirməyə imkan verir. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bu kursun tədris edilməsini dəstəkləyir. E.Süleymanov Montanaya səfəri çərçivəsində Universitetin Energetika Mərkəzinin müəllim və tələbələri üçün seminar keçirib. Baş Konsul enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, habelə ölkə rəhbərliyinin alternativ enerji mənbələrinin inkişafına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş siyasəti barədə söhbət açıb. Bu siyasətə əyani nümunə kimi Prezident İlham Əliyev tərəfindən elan edilmiş "Ekologiya ili" çərçivəsində ARDNŞ-in çirklənmiş ərazilərin təmizlənməsi üzrə fəaliyyəti qeyd edilib.

Digər xəbərlər