Ermənistan müstəqil siyasət yürütməyən dövlətdir
Məlum olduğu kimi, Ermənistan tərəfi Sürix protokollarının dayandırılması ilə bağlı qərarı qəbul edib. Bu qərar Ermənistan dövlətinin qeyri-konstruktivliyi və öz imzasına hörmətsizliyin nümunəsi sayıla bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün bəzi partiya sədrlərinə müraciət etdik.
- Son proseslər özünü bir daha göstərdi ki, Ermənistan müstəqil siyasət yürütməyi bacarmayan dövlətdir, yəni müstəqil dövlət deyil. Bir sözlə, onun müstəqilliyi yalnız sözdədir. Fikrimcə, Ermənistan özbaşına heç bir şeyi həll etmir və yalnız onu idarə edən bəzi dövlətlərin diqtəsi ilə oturub-durur. Yəni, həmin dövlətlərin diqtəsilə, maraqları ilə oturub-durur. Ona görə də, bu gözlənilən idi ki, işğalçı ölkəni idarə edən dövlətlər var və həmin ölkələr Ermənistan və Türkiyə arasında sərhədlərinin açılmasında maraqlı deyillər. Bu da qabaqcadan proqnozlaşdırılırdı və əslində də, belə oldu. Ermənistan bir daha, həm qeyri-konstruktiv mövqedə olduğunu nümayiş etdirdi. Həm də adıçəkilən ölkə müstəqil olmadığını bir daha ortaya qoydu.
- Biz dəfələrlə bəyan etmişik ki, Ermənistanın indiki hakimiyyəti qeyri-konstruktiv bir hakimiyyətdir. Yəni, sözügedən danışıqlara hazır olmayan bir ölkədir. Burada əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həllində vaxtın uzadılmasına xidmət edən hakimiyyətdir. Bu gün isə Ermənistan tərəfi, birtərəfli qaydada Sürix protokollarının imzalanmasından imtina etdi. Əslində, bu, gözlənilən bir hal idi. Yəni, burada qeyri-adi bir şey yoxdur. Çünki onları bu cür addımlar atmağa məcbur edən dövlətlər var. Bir sözlə, Ermənistan hər zaman bölgədə sülhün əleyhdarı kimi, dağıdıcı bir qurum kimi tanınıb.
- Ümumiyyətlə, bu, beynəlxalq münasibətlər sistemində Ermənistan o qədər də ciddi tərəfdaş kimi qəbul edilmir. Bildiyiniz kimi, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində imzalanmış sülh protokollarından Ermənistanın imtina etməsi, bir daha sübut etdi ki, Ermənistanla hər hansı bir istiqamətdə ciddi danışıqların aparılması və sözügedən danışıqlardan real nəticələrin gözlənilməsi qeyri-realdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılması beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi bir məsələ idi. Burada Ermənistanın özünün həmin sözügedən protokolda ədalətsiz şərtlər irəli sürdüyü halda, Türkiyə tərəfinin ədalətli olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real pozitiv addımların atılması ilə bağlı tələblər qoyulmasının Ermənistan tərəfindən mənfi qarşılanması dərk edilən deyil. Yəni, Türkiyə Ermənistanı beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağı, regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində pozitiv addım atmağa dəvət etdi. İşğalçı dövlət isə müxtəlif bəhanələrlə bu protokoldan imtina etdi. Ümumiyyətlə, burada digər amillər də var. Ermənistan prezidentinin Rusiya səfərindən sonra, məhz sülh protokollarından imtina olundu. Yəni, burada bir sıra ehtimallar ortaya çıxır. Hesab edirəm ki, işğalçı dövlət yenə də qeyri-müstəqil addım ataraq, Rusiyanın diqtəsi ilə sözügedən bu protokollardan imtina edib.