PDF Oxu

Sosial

  • 7

Azərbaycanın turizm bazarında rəqabət güclənir

Azərbaycanın turizm bazarında rəqabət güclənir

Regionda yeganə ixtisaslaşdırılmış sərgi sayılan Turizm və Səyahətlər "AITF" sərgisinin Heydər Əliyev adına İdman və Konsert kompleksində açılış mərasimi keçirildi. Sərginin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də, Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasıdır.

Bu il, ilk dəfə olaraq, "AITF 2010" sərgisində Türkiyə Respublikası tərəfdaş ölkə qismində çıxış edirdi. Həmkarları arasında Azerfon-Vodafone, Paşa Sığorta, Caspel, SIAR, KREA şirkətlər və Qafqaz Point Oteli vardır.
"Sərgini ziyarət et - dünyanı kəşf et!" şüarı sərgini bu il də müşayiət edirdi. Belə ki, "AITF 2010" sərgisi Avstriya, Belorus, Vyetnam, Almaniya, İtaliya, Kamboca, Kipr, Çin, Latviya, Litva, Rusiya, Sinqapur, Sloveniya, Ukrayna, Fransa, İsveçrə, Estoniya və digər ölkələrdə 33 turizm istiqamətini əhatə etməklə, dünyanın 24 ölkəsindən 120 şirkəti qəbul edib. Sərginin ərazisi 2009-cu il ilə müqayisədə artaraq 20% təşkil edir. Bu il sərgidə 14 ölkə öz milli stendləri ilə çıxış edirdi. Bu ölkələr arasında "AITF" sərgisinin Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, Özbəkistan və Çexiya kimi daimi iştirakçıları ilə yanaşı, bu ilin debütantları - Misir, Hindistan, İtaliya (Latsio, Roma regionları), Mavriki adaları, BƏƏ və Rusiya kimi ölkələr də var. Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər "Adalarda cənnət" adlı ekzotik turizm marşrutunu təqdim edirdilər. Stavropol diyarının stendi öz unikal sanatoriya müalicəsi metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk kimi kurort şəhərlərinin ekspozisiyalarını bir araya gətirmişdi. "AITF" sərgisində, ilk dəfə olaraq, Rusiyanın tur-operatorları Sankt-Peterburq şəhəri üzrə ekskursiya turlarını təklif edirdilər. Sərgidə Azərbaycan turistlərinə təkcə Qara dənizin kurortlarını deyil, həm də Truskaves və digər şəhərlərin balneoloji kurortlarını təklif edən Ukrayna şirkətləri də fəal iştirak edirdilər.
Sərgini həm mütəxəssislər, həm də adi ziyarətçilər üçün nəzərdə tutulmuş tədbirləri ehtiva edən xüsusi tədbirlər proqramı müşayiət edirdi. Belə ki, iştirakçı ölkələrin stendlərində milli rəqslər, mahnılar və digər əyləncəli proqramlar belə təqdim olunurdu. Onu da qeyd edək ki, sərgi çərçivəsində xüsusi olaraq turizm sektorunun peşəkarları üçün "İsveçrəni necə satmaq olar?", "Biz Dubaya gedirik!", "İtaliya sadəcə bir ölkə deyil - İtaliya bütöv bir dünyadır!", "İsrailə turlar. Qırmız, Aralıq, Ölü dəniz kurortlarında istirahətin təşkili" kimi mövzular ətrafında seminarlar keçiriləcək. Bu ölkələrdən olan mütəxəssislər sözügedən dörd istiqamət üzrə turizm biznesinin aparılması ilə bağlı bütün fərqli incəliklər ətrafında söz açacaqlar. Bundan əlavə, sərginin bütün günlərində şirkətlər tərəfindən turlar və turizm xidmətləri üzrə təqdimat mərasimlərinin keçirilməsi də planlaşdırılıb.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF" Sərgisinin hər il artan göstəricilərini nəzərə alaraq, bu il ilk dəfə olaraq "UFI" Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sözügedən tədbirin təşkili səviyyəsinə dair audit keçiriləcək. Azərbaycanda keçirilən sərgilərdə artıq bir neçə ildir ki, illik audit keçirilir və "Caspian Oil & Gas", "BakuBuild", "WorldFood Azerbaijan", "BIHE", "BakuTel", "AutoShow" kimi sərgilər keyfiyyət nişanına layiq görülüblər.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 aprel tarixində 2010 - 2014-cü illəri əhatə edən "Azərbaycanda Turizmin İnkişaf Etdirilməsi Haqqında" Dövlət Proqramının təsdiq edilməsinə dair sərəncam imzalayıb. Bu proqramda respublika rəhbərliyinin qeyri-neft sektorundakı prioritet vəzifəsi - turizm sektorunu Azərbaycan iqtisadiyyatının daim inkişaf edən sahələrindən birinə çevirmək məqsədi əks edilmişdir. "AITF" sərgisi regionda turizm sektorunun yeganə və ən mərkəzi hadisəsi sayılır və sərginin məqsədlərindən biri Azərbaycanın turizm bazarını bütünlükdə açıq və rəqabət mühiti kimi təqdim etməkdir. Bununla da, sözügedən sərgi turizm operatorlarına öz işgüzar potensiallarını ortaya qoymaq və çeviklik nümayiş etdirmək, yerli və beynəlxalq bazarlarda faydalı əlaqələr qurmaq və öz şirkətlərinin imicini yüksəltmək üçün əla bir fürsətdir.
"AITF" sərgisi ilə yanaşı, "Mehmanxana, Restoranlar və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar" HOREX 2010" 4-cü Qafqaz Beynəlxalq Sərgisi də keçirilir. Bu il sözügedən sərgidə Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər iştirak edirlər. Sərgidə mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlıqları, qəlyanaltı sistemləri, mehmanxana və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar nümayiş etdirilir. "HOREX" sərgisi çərçivəsində iştirakçı şirkətlərin stendlərində xarici mütəxəssislərin iştirak etdiyi parlaq kulinariya şouları, aşpaz və barmenlər üçün peşəkar təkmilləşdirmə kursları keçiriləcək.

Digər xəbərlər