“Azad Azərbaycan" qəzeti qalib olduğu layihəyə start verdi
Dünən "Azad Azərbaycan" qəzetinin redaksiyasında "Jurnalist yaradıcılığında informasiya və kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə dəstək" layihəsilə bağlı tədbir keçirilib. Tədbirdə informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan işçilər və bir çox mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri açan layihənin rəhbəri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov layihənin istiqamətlərindən danışaraq mövzu ilə bağlı iştirakçılara məlumat verib. Layihə rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda neft-qaz sahəsindən sonra ən inkişaf etmiş sahə, məhz informasiya və kommunikasiya texnologiyalarıdır: "İlk öncə onu qeyd edim ki, jurnalistlərin yaradıcılığında informasiya və kommunikasiya texnologiyalarının çox böyük rolu var. Əlbəttə ki, öncəki illərlə müqayisədə bu, sözün əsl mənasında özünü büruzə verir. Bu sahənin daha da inkişaf etməsi üçün biz media mənsublarının da üzərinə böyük məsuliyyət düşür. Məhz bu səbəbdən paytaxt Bakı daxil olmaqla, bölgələrdə də biz öz fəaliyyətimizi layhəyə uyğun olaraq həyata keçiririk. Belə ki, yerlərdə seminarların təşkili, kitab və broşuraların hazırlanması bu layihənin inkişafına təkanverici amillərdəndir. Təbii ki, layihənin tam və effektli həyata keçməsi üçün bura gənclərin cəlb olunması və onların əməkdaşlığı ən ümdə məsələlərdəndir. Belə ki, paytaxtda olduğu kimi, bölgələrə də əməkdaşlarımız ezam olunur və onların təşkilatçılığı ilə seminarlar keçirilir. Əsasən seminarların bölgələrin ən böyük şəhərləri Lənkəran, Gəncə, Quba, Naxçıvan və Şamaxıda keçirilməsi nəzərdə tutulur.
Bildiyiniz kimi, Azərbaycan Asiya və Avropa arasında körpü rolunu oynayır. Məhz informasiya və kommunikasiya texnologiyalarının belə sürətlə inkişaf etməsi və MDB məkanında ən öncül sıralarda yerləşməsi Azərbaycanın yerləşdiyi strateji ərazi olmasından irəli gəlir. Bu sahənin daha da inkişaf etməsi üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni əsirgəməməli və biz də çalışmalıyıq ki, gəncləri bura cəlb etməyə nail olaq".
Tədbirdə iştirak edən İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin əməkdaşları və dəvət olunmuş media mənsubları mövzu ətrafında öz fikir və mülahizələrini yürüdüblər. Onlar "Azad Azərbaycan" qəzetinin "Jurnalist yaradıcılığında informasiya və kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə dəstək" layihəsilə bağlı həyata keçirdiyi işlərdən məmnun qaldıqlarını vurğulayıblar.