Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Qəzetlər bu seçkilərdə reklam əldə etmək baxımından nə dərəcədə yararlana bilər və eyni zamanda, qəzetlər Dağlıq Qarabağ probleminə nə kimi yer ayırır? Bu suallarla KİV nümayəndələrinə müraciət etdik.
- Qarşıdan gələn parlament seçkiləri ilə bağlı olaraq, Mərkəzi Seçki Komissiyası rəsmi şəkildə start verdikdən sonra, təbii ki, bizim qəzet də parlament seçkilərini daha ətraflı işıqlandırmaq üçün öz işini quracaqdır. Daha çox parlament seçkilərinə yönəlmiş olan, əsasən, siyasi mövzuda yazılmış materiallara üstünlük verəcəyik. Hansısa namizədin seçki platformasını işıqlandırmasına gəldikdə isə, qeyd etməliyəm ki, o da qanunvericiliyə uyğun olaraq mümkündür. Bir sözlə, hər hansı bir məhdudiyyət qoyulmadan biz bunu təmin edəcəyik.
Son vaxtlar Dağlıq Qarabağ məsələsi ətrafında beynəlxalq münasibətlərdə çox aktivlik müşahidə olunur. Bu da ATƏT-in Minsk Qurupunun bu istiqamətdə fəallığını artırması və beynəlxalq birliyin bu münaqişənin həllinə diqqətinin gücləndirməsi ilə bağlıdır. Bir media olaraq, Dağlıq Qarabağ münaqişəsini ətraflı şəkildə işıqlandırmaq mətbuat işçilərinin peşə borcudur. Mətbuat həmişə çalışır ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlasın. Amma bunu bütün qəzetlərə şamil etmək olmaz. Yəni konkret olaraq, onu deyə bilərəm ki, bizim qəzet hər zaman sözügedən məsələni gündəmdə saxlayır və saxlayacaqdır.
Rəşad Məcid, "525-ci" qəzetin baş redaktoru:
- Adətən, parlament seçkilərində çox sayda namizədlər olur və həmin namizədlər öz platformaları ilə mətbuatda çıxış etmək istəyirlər. Bu, qismən də olsa, mətbuatın iqtisadi vəziyyətinə təsir göstərir. Biz güman edirik ki, sözügedən seçkilərdə hər hansı bir irəliləyiş olsun. Parlament namizədləri sözügedən seçkilərdə fəal şəkildə iştirak edəcəklər. Müəyyən dərəcədə informasiya xarakterli materiallar işıqlandırılır. Amma Dağlıq Qarabağı unutmamaq, həmçinin, Qarabağın tarixinin, mədəniyyətinin və yaşayış məskənlərinin hesab edirəm ki, təbliğatı lazımınca getmir. Dağlıq Qarabağ münaqişəsi qəzetlərdə qismən işıqlandırılsa da, sözügedən bu məsələ daha çox televiziyalarda işıqlandırılmalıdır.