Bu gün Dünya Hemofiliya Günüdür
Aprelin 17-si Dünya Hemofiliya Günüdür. Hazırda 102 ölkədə bu gün Ümumdünya Hemofiliya Günü kimi qeyd olunur. Tarixdə bu xəstəliyə kral xəstəliyi deyirlər. Belə ki, Fransada kral Lüdoviklər nəslində əsasən oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə qan çatışmazlığı dünyada bir problem kimi yaşanan hemofiliya xəstəliyidir. İrsi qan xəstəliyi olan hemofiliya dünyanın bir çox ölkələrində əsasən Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılıb. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nikahı, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsirini göstərirlər. Azərbaycanda isə bu xəstəlikdən 1000-dən artıq insan əziyyət çəkir. 2005-ci ildə prezident İlham Əliyev tərəfindən "Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı" haqqında fərman imzalanıb. Bununla əlaqədar Dövlət Proqramı üzrə tədbirlər planı və əhali arasında maariflənmə kampaniyası həyata keçirilir. Hemofiliya qanın laxtalanma prosesinin anadangəlmə pozğunluğu olub, təkcə həmin xəstəlikdən əziyyət çəkən şəxslər üçün yox, həm də bütün bir cəmiyyətin mühüm sosial-iqtisadi problemdir. Xəstəlik nəsildən-nəsilə yalnız xəstənin bacıları və qızları vasitəsilə keçir. Qadın-konduktor vasitəsilə hemofiliya, nəinki ondan sonrakı nəslə, hətta onun qızları və qız nəvələri vasitəsilə daha sonrakı nəsillərə də ötürülə bilər. Xəstəliyin 3 tipi var:A,B,C. Onlar arasındaki fərqlər qanın laxtalanma pozğunluğunu əmələ gətirən faktor çatışmamazlığına əsasən müəyyən edilir. Hemofiliyanın birinci, yəni A tipində (buna hemofiliyanın klassik tipi də deyilir) qan laxtalanma pozğunluğu 8 faktorun çatışmazlığı, hemofiliyanın B tipində isə (buna kristmas xəstəliyi də deyilir) qan laxtalanması pozğunluğu 9 faktorun çatışmazlığı nəticəsində baş verir. Yuxarıda qeyd etdiyimiz tiplərdən başqa xəstəliyin C tipi də mövcuddur, hansı ki, digər iki tipdən xeyli dərəcədə fərqlidir. Bu tip eyni zamanda, hemofiliyanın ən rast gəlinən tipidir və onu yuxarıdaki iki tipdən fərqləndirən əsas cəhət ona kişilərdə də, rast gəlinməsidir. Hemofiliyanın olub olmamasını uşağın təzə-təzə yeriməyə başladığı vaxtlarda baş verən kiçik qəzalar nəticəsində əmələ gələn xırda kəsiklərin yaratdığı qanaxmaların müşahidə edilməsi zamanı aşkar etmək olar. Bəzi hallarda hemofiliyanın müəyyən edilməsi daha asandır. Belə ki, yeni anadan olmuş uşaqların bədənində göyərtilər olur, bir sıra hallarda dərialtı hemotomalara rast gəlinir. Hemofiliyalı xəstə uşaqlar öz solğunluqları, kövrəklikləri və dərialtı yağ təbəqəsinin zəif inkişaf etməsi ilə fərqlənirlər. Böyük oynaqlarda tez-tez baş verən əzilmələr və ağrılar hemofiliya xəstələrinin əziyyət çəkdiyi əsas sindromlardır. Əlbəttə, hemofiliyanın daha kəskin seçilən sindromları da vardır. Ümumiyyətlə, hemofiliya çox təhlükəli bir xəstəlikdir və xəstə vaxtında nəzarət altına götürülməzsə, həyatı ilə vidalaşa bilər. Müalicənin mahiyyətini əmələ gəlmiş yaraların, kəsiklərin xüsusi məhlullarla yuyulması və s. təşkil edir. Çünki bu məhlulların tərkibini xəstənin qanında olmayan və laxtalanma üçün zəruri olan maddələr təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, hemofiliya xəstələrində yeni qandan istifadə olunur, yəni digər xəstələrdə olduğu kimi, bu xəstələrdə konservləşdirilmiş qandan istifadə olunur. Hemofiliyalı xəstələrdə dərialtı və əzələdaxili ineksiyalar zamanı hematomaların əmələ gəldiyini nəzərə alaraq, məhlullar vena daxilinə yeridilir. Son vaxtlar hemofiliya xəstələrinin müalicəsində yeni dərman preparatlarından istifadə olunur. Belə dərmanların sırasında qlobulin və antihomofilin plazmanın adını çəkmək mümkündür. Bu dərmanlar xəstənin vəziyyətinin stabil saxlanmasında çox effektivdirlər, lakin onların qiymətinin də, çox yüksək olduğunu qeyd etmək lazımdır. Hemofiliya xəstəliyinin müalicəsində dieta xüsusi rol oynayır. Dietanın A,B,C,D vitaminləri ilə zənginləşdirilməsinə diqqət yetirmək lazımdır. Xəstələrə yerfındığı yemək xeyir göstərir. Hemofiliya xəstəliyinin müalicəsində xəstəliyin tez aşkarlanması çox əhəmiyyətlidir. Bunun üçün isə profilaktika tədbirlərinin rolu əvəzsizdir. Profilaktik tədbirləri sırasında isə məlumatlandırıcı xarakter daşıyan tibbi-məsləhətlər bu işlə əlaqədar olaraq yaradılmış mərkəzlər xüsusi əhəmiyyət daşıyır. Yaxın zamanlaradək Azərbaycanda hemofiliyanın həm yaradılması həm də aşkar edilməsi lazımi dərman preparatlarının çatışmazlığı səbəbindən ciddi problemə çevrilmişdi. Bu isə yalnız xəstəliyin fəsadları ilə yox, eyni zamanda, xəstəliklə birlikdə meydana gələn digər disqunksiyalara səbəb olurdu. Hemofiliyanın keçici olmadığını və xəstəliyin yalnız qüsurlu genlər nəticəsində yaranmış olduğunu nəzərə çatdırsaq, Azərbaycanda hemofiliya xəstələrinin sayının kifayət qədər olduğunu nəzərə çarpdıra bilərik. Xəstəliklə mübarizədə ciddi uğurların qeydə alınması yalnız akademik Mirqasımov adına Respublika Klinikası nəzdində xüsusi mərkəzin açılması və burada 8,9 faltor preparatlarının pulsuz verilməsi nəticəsində mümkün oldu. Hemofiliya xəstəliyi ciddi xəstəlikdir və vaxtında aşkar edilməzsə, ölümlə nəticələnə bilər. Bu gün bütün dünyada hemofiliya xəstəliyinin tanınması və əhalinin kifayət qədər məlumatlandırılması üçün tədbirlər görülür. Bununla əlaqədar olaraq 17 aprel Dünya Hemofiliya Günü elan edilmişdir.