Ölkəmiz siyasi, hərbi və iqtisadi potensialına görə, regionun lider ölkəsidir. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Müstəqil Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Ancaq hələ də işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 20 faiz torpaqlarımız işğaldan azad olunmayıb. Təəssüf ki, bəzi xarici ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləmək əvəzinə, ikili standartlardan çıxış edərək, işğalçı Ermənistana dəstək verir.
Bir neçə gün öncə, ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycanın iştirakı olmadan rəsmi Vaşinqtonun Dağlıq Qarabağla bağlı danışıqlar aparması, ABŞ prezidenti Barak Obamanın Ermənistana sıcaq münasibətlər göstərməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Məsələyə münasibətini öyrəndiyimiz ictimaiyyət nümayəndələri- siyasi partiya sədrləri, ziyalılar bunun normal hal olmadığını bildirdilər.
"ABŞ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI HEÇ BİR İŞ GÖRMƏYİB"
- Bu, əslində, ABŞ-ın Azərbaycana qarşı nümayiş etdirdiyi ikili standarların təzahürüdür. Bildiyiniz kimi, ölkəmiz coğrafi, geopolitik mövqeyinə və regionun lider ölkəsi olduğuna görə, Birləşmiş Ştatlar üçün daha önəmli ölkədir. Azərbaycan ABŞ-la hər sahədə əməkdaşlıq edir. Xarici qüvvələrin tərkibində Azərbaycanın silahlı qüvvələri İraqda, Əfqanıstanda ABŞ əsgərləri ilə birgə hərbi əməliyyatlarda iştirak edir. Amma göründüyü kimi, Birləşmiş Ştatlar Ermənistana qarşı daha isti münasibətlər göstərməkdədir. Bu, elə həmin ölkənin maraqlarına uyğun deyil. Ona görə də, hesab edirəm ki, rəsmi Vaşinqton Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır. ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir iş görməyib. Doğurdan da Birləşmiş Ştatlar dünyada sülh, əmin-amanlıq və inkişaf istəyirsə, Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Bu məsələdə haqq-ədalət Azərbaycanın tərəfindədir. Çünki ölkəmiz işğala məruz qalıb və 20 faiz torpağı hələ də işğal altında qalmaqdadır. ABŞ-ın ikili standart mövqeyindən yanaşması Azərbaycan ictimaiyyəti tərəfindən mənfi qarşılanır. Ölkə başçısı İlham Əliyev bu hadisələrə çox düzgün qiymət verir və bu da onun bacarıqlı siyasətçi olduğunu bir daha göstərmiş olur. Bir neçə gün öncə, Nazirələr Kabinetinin iclasında da Prezident İlham Əliyev çox açıq şəkildə bir daha öz mövqeyini nümayiş etdirdi və düşünürəm ki, ABŞ bundan ibrət götürəcək. Bizi təəssüfləndirən odur ki, ATƏT-in Minsk Qrupuna üzv olan dövlət (ABŞ) Dağlıq Qarabağ məsələsini müzakirə edir, lakin bu münaqişədən əziyyət çəkən Azərbaycanla heç bir müzakirə aparılmır. Bu hal heç bir hüquq normalarına sığmır. Bununla bağlı "Yurddaş" partiyası bir siyasi təşkilat olaraq, ABŞ-ın ölkəmizdəki səfirliyinə etirazını yazılı şəkildə bildirdi. ABŞ-ın bu ikiüzlü siyasəti regiona müsbət heç nə gətirməyəcək. Doğurdan da, Birləşmiş Ştatlar regionla əməkdaşlıq etmək istəyirsə, ilk öncə, Azərbaycanla səmimi münasibət qurmalıdır. "Madrid" prinsiplərinin yenilənmiş variantı ortaya çıxıb. Kiçik istisnalarla həmin prinsipləri Azərbaycan qəbul etsə də, Ermənistan qəbul etmədi. Bu, ondan irəli gəlir ki, işğalçı ölkə ABŞ-ın və digər xarici dövlətlərin dəstəyinə arxayın olaraq, belə məkrli siyasət yürüdür. Yəni Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biri də ABŞ-ın işğalçı Ermənistana sıcaq münasibət göstərməsidir.
"ABŞ-IN YÜRÜTDÜYÜ SİYASƏTİ AZƏRBAYCAN İCTİMAİYYƏTİ HİDDƏTLƏ QARŞILAYIR"
- Çox təəssüflər olsun ki, ABŞ bu cür siyasət həyata keçirir. Sevindirici haldır ki, Türkiyə rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı hər zaman dəstəkləyib. Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda olarkən bir daha mövqeyini bildirmiş oldu. ATƏT-in Minsk Qrupunun üzvü olan və özünü dünyada demokratik ölkə kimi qələmə verən ABŞ-ın son zamanlar region və o cümlədən, Azərbaycanla bağlı yürütdüyü siyasəti ölkə ictimaiyyəti hiddətlə qarşılayır. Birləşmiş Ştatların Ermənistana göstərdiyi sıcaq münasibətlər düşmən dəyirmanına su tökmək deməkdir. Bir məsəldə deyildiyi kimi "arxalı köpək qurd basar", yəni Birləşmiş Ştatların bu cür məkrli siyasətinə arxayın olan Ermənistan Dağlıq Qarabağ münaqişəsindəki mövqelərini daha da sərtləşdirə bilər. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istənilən yolla öz torpaqlarını işğaldan azad etməyə hazırdır.
"ABŞ BAŞA DÜŞSÜN Kİ, AZƏRBAYCAN ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA EDƏCƏK"
- Son zamanlar ABŞ Azərbaycana qarşı qeyri-müəyyən siyasət yürütməkdədir. Yəni Birləşmiş Ştatlar birdən-birə regionda müttəfiqi olan Azərbaycandan, eyni zamanda, Gürcüstandan üz çevirərək, yüzlərlə azərbaycanlını qətlə yetirən, 20 faiz torpaqlarımızı işğal edən Sarkisyan rejimi ilə əməkdaşlıq etməsi başadüşülən deyil. Bir tərəfdən ABŞ insan haqlarının qorunmasından danışır, digər tərəfdən isə, bir milyondan artıq azərbaycanlının hüquqlarını pozan Ermənistan hakimiyyəti ilə əməkdaşlığını genişləndirir. Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə, qardaş Türkiyədən tələb edir ki, Ermənistanla sərhədləri açsın. Ola bilsin ki, bəzi xarici qüvvələr bu cür addımlar atmaqla, Azərbaycanla Türkiyə arasına nifaq salmaq istəyirlər. Lakin buna heç zaman nail ola bilməyəcəklər. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir". Həm Türkiyə hakimiyyəti, həm də Azərbaycan iqtidarı hər zaman vahid mövqedən çıxış edəcəklər. Heç şübhəsiz ki, Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq. Həm Ermənistan, həm də işğalçı ölkənin havadarları bir daha onun şahidi olacaq ki, Azərbaycan tezliklə qələbə çalacaq. Dağlıq Qarabağla yanaşı, Zəngəzur, Göyçə kimi ərazilərimiz də geri alınacaq.
"GƏRƏK ABŞ BİTƏRƏF MÖVQE NÜMAYİŞ ETDİRSİN"
- Təbii ki, rəsmi Vaşinqtonun son zamanlar nümayiş etdirdiyi siyasət Azərbaycan xalqı tərəfindən müsbət qarşılana bilməz. Çünki ABŞ açıq şəkildə işğalçı bir dövlət olan Ermənistana dəstək verir. Bu, heç bir hüquq normalarına sığmayan haldır. Birləşmiş Ştatlar həm də ATƏT-in Minsk Qrupunun üzvüdür. Gərək, ABŞ bitərəf mövqe nümayiş etdirsin. Azərbaycan iqtidarının və ölkə ictimaiyyətinin vahid mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli həllini tapsın. Təbii ki, ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, əgər, işğal altında olan ərazilərimiz sülh yolu ilə qaytarılmasa, Azərbaycan müharibə variantına əl ataraq, işğal altında olan torpaqlarını azad edəcək. Hər bir Azərbaycan vətəndaşı Prezidentin bu qərarını dəstəkləyir. Lakin beynəlxalq qurumlar, o cümlədən, ABŞ regionda sülh istəyirsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışsın.