"Kaspi" qəzeti Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycanın dövlətçilik tarixinin təbliği" layihəsinin icrasına başlayıb. Bu barədə qəzetin baş redaktoru Natiq Məmmədli məlumat verdi.
O, qeyd etdi ki, Azərbaycanın zəngin dövlətçilik tarixi var. Amma bunların effektli təbliği ilə bağlı problemlər qalmaqdadır. Xüsusilə də, Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra dövlətçilik ənənələrinin təbliğinə ehtiyac yaranıb. Amma 70 illik sovet imperiyası dönəmində tariximizin önəmli mərhələləri xalqdan gizlədilib. Sovet ideologiyası qədim və orta əsrlərdən müasir mərhələyə kimi geniş coğrafi arealda formalaşan dövlətlərimizin tarixinin öyrənilməsinə kölgə salmışdı.
Müstəqillik əldə etdikdən sonra dövlətimizin keçdiyi tarixi inkişaf yolunun öyrənilməsi, habelə, geniş təbliğ edilməsi zərurətə çevrilib. Milli Elmlər Akademiyasının müvafiq institutları, tarixçilər, vətəndaş cəmiyyəti təmsilçiləri bu işə xüsusi diqqət yetirirlər. Təbii ki, mətbuat da bu prosesə öz dəstəyini verməlidir. Cəmiyyət, sadə insanlar dövlətçilik tariximizlə bağlı daha ətraflı və dolğun məlumatlandırılmalıdır. Mətbuat tariximizin indiyədək lazımi səviyyədə araşdırılmayan səhifələrini müəyyənləşdirməli, bu sahədə tədqiqatların intensivləşdirilməsi üçün elm adamları ilə əməkdaşlıq etməlidir. Mətbuat Azərbaycanın zəngin dövlətçilik tarixinin təbliği ilə bağlı da fəaliyyət göstərməlidir. N.Məmmədli bildirdi ki, həyata keçiriləcək layihə də məhz bu məqsədə - insanların dövlətçilik tariximizlə bağlı məlumatlandırılmasına yönəlib.
Layihənin rəhbəri İlham Quliyev isə bildirdi ki, strateji məqsəd Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi, bu barədəki həqiqətlərin üzə çıxarılması və əsil həqiqətlərin təbliğidir. Layihə çərçivəsində dövlətçilik tariximizin açılmamış səhifələrini işıqlandırmaq, dövlətçilik tarixinin təbliğində elm adamlarının və jurnalistikanın imkanlarının uzlaşdırılması, vətəndaşlara, gənclərə, tələbələrə Azərbaycanın dövlətçilik tarixiylə bağlı daha dolğun məlumatların çatdırılması, vətəndaşların dövlətçilik tarixi ilə bağlı məlumatlara çıxış imkanlarının artırılması, bu sahədən yazan jurnalistlərin peşəkar bacarıqlarının artırılması nəzərdə tutulur. Layihə çərçivəsində Azərbaycanda dövlətçilik tarixi ilə bağlı
www.state-history.az adlı sayt yaradılacaq. Saytda dövlətçilik tarixi ilə bağlı araşdırmalar, müsahibələr, layihə çərçivəsində keçirilən tədbirlərlə bağlı məlumatlar yerləşdiriləcək. Saytın materialları Azərbaycan, rus, ingilis dillərində olacaq. Bundan əlavə, "Kaspi" qəzetində Azərbaycanın dövlətçilik tarixi ilə bağlı silsilə məqalələr dərc ediləcək. Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq institutları ilə birgə dəyirmi masanın təşkili də nəzərdə tutulur.
Xatırladaq ki, "Azərbaycanın dövlətçilik tarixinin təbliği" layihəsi 4 ay müddətində icra olunacaq.