PDF Oxu

Sosial

  • 7

"Yeni Azərbaycan" qəzeti layihəsinin icrasına başlayıb

"Yeni Azərbaycan" qəzeti layihəsinin icrasına başlayıb
KİVDF-nin maliyyə dəstəyilə "Yeni Azərbaycan" qəzeti "Ekologiya ili" çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına informasiya dəstəyi" layihəsinin icrasına başlayıb.
Layihə rəhbəri, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib ki, bu gün bütün dünya ekoloji problemlərin həlli üçün çoxsaylı tədbirlər həyata keçirir: "BMT-nin Baş katibi Pan Gi Mun da öz müraciətlərində Yer kürəsinin gələcəyi ilə əlaqədar narahatlığını gizlətmir. O deyir ki, bəşəriyyətin planetimizdə labüd iqlim dəyişikliklərinin qarşısını almaq üçün cəmi 10 ili vardır. Elə bu narahatlıqdan irəli gələn səbəblərdən il ərzində biomüxtəliflik günü, ozon günü, heyvanların müdafiəsi günü qeyd olunur. Belə günlər müxtəlif istiqamətli fəaliyyətlərə təkan vermək, həmçinin, ictimaiyyətin diqqətini cəlb etmək üçün istifadə edilir. Ölkəmizdə isə nəinki təqvimin bir günü ekologiyanın hər hansı probleminə, həm də bütöv bir il ekologiyanın problemlərinə həsr olunur. Bu baxımdan Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə diqqəti artırmaq üçün "Ekologiya ili" elan edilməsi təqdirə layiq haldır. Dövlətimizin başçısının bu addımı ilə Azərbaycan Yer kürəsində təbiətin xilas olunması üzrə çağırışa qoşulub".
Layihə rəhbərinin sözlərinə görə, KİVDF-nin maliyyə dəstəyi ilə keçirilən bu layihənin həyata keçirilməsində məqsəd ekoloji layihələrin icrası prosesində iştirak edən bütün subyektlər arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması sahəsində informasiya-məlumat təminatının təşkil edilməsindən ibarətdir: "Eyni zamanda, layihədə "Ekologiya ili" çərçivəsində dövlət başçısının göstərişlərindən irəli gələn vəzifələrin həyata keçirilməsinə yardım göstərmək, tədbirlərin icrasının gedişi, əldə olunan nəticələr və problemlər barədə ictimaiyyətin informasiya ilə təmin edilməsi nəzərdə tutulur". Onun fikrincə, layihənin icrası həm bu mövzu ətrafında məqalələr yazan mətbuat işçilərinin peşəkarlığının artırılmasına dəstək olacaq, həm də "Ekologiya ili" çərçivəsində dövlət başçısının göstərişlərindən irəli gələn vəzifələrin icrasını daim diqqət mərkəzində saxlanılacaq və mütəmadi araşdırmalar aparılacaq.
Qeyd edək ki, layihənin icrası zamanı bir sıra tədbirlərin həyata keçirilməsi, konfransların təşkil olunması, bukletlərin çap olunması nəzərdə tutulur.

Digər xəbərlər