PDF Oxu

Sosial

  • 12

Azərbaycan toy mərasimlərinə yad meyillərin təsiri

Azərbaycan toy mərasimlərinə yad meyillərin təsiri
Milli adət-ənənələrimiz dəyərlərimizin birbaşa təzahür olunmasında öz təsirini göstərən amillərdəndir. Bu dəyərlər milli ruhumuzu, bütövlükdə, milli düşüncəmizin əksi olaraq ortaya qoyulur.  İnsanın təkamül dövrü, onun dünyada bir fərd olaraq tanınması milli mənəviyyatımızın əsas meyarlarından birinə çevrilib. Cəmiyyətdəki sürətli inkişaf milli-mənəvi dəyərlərimizə də təsirsiz ötüşmür. Bu dəyərlər dünyaya inteqrasiya olunsa da, onun məxsusi xüsusiyyətlərini qorumağa hər kəs məsuliyyətlidir.
 Milli dəyərlərimizin əsasında dayanan faktorlardan biri də toy mərasimlərinin keçirilməsidir. Bu mərasimlərin əsasında dayanan amillər Azərbaycan məişətini, onun mədəniyyətini, ictimai mahiyyətini ortaya qoyur. Bu gün bu və digər amillərdən danışarkən, ilk növbədə, toyun keçirilməsində, təşkilində dayanan əsas mərasim və ayinlərə diqqət yetirsək, görərik ki, bu mərasimin tarixi kökləri nədənsə, müasir həyatımızda özünü göstərmir. Azərbaycan toylarının getdikcə bəsitləşməsi, onun Avropa ənənələrinə bir qədər yanaşması, təbii ki,  Azərbaycanda mövcud olan bəzi ənənələrin sıxışdırılıb aradan çıxarılmasına gətirib çıxarır. Onu da qeyd edək ki, Azərbaycanda toy mərasimlərinin keçirilməsi qədim dövrlərdə 40 gün müddətində davam edirdisə, bu günün reallıqları bundan çox-çox uzaqdadır. Belə ki, hətta bu mərasimlər artıq 4-6 saat arasında davam edir. Bu və digər məqamlara aydınlıq gətirmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə  doktoru Afaq Xürrəmqızı ilə əlaqə yaratdıq.
  - Afaq xanım, Azərbaycanda toy mərasimlərinin təşkil olunması, onların milli ənənələr çərçivəsində keçirilməsi gələcək ailələrin təməlinin möhkəmlənməsinə müsbət mənada təsirini göstərir. Bu mərasimlərdə cəmiyyətin özəyinin əsası - ailə bünövrəsi qoyulur. Tarixi ənənələr bu ailələrdə ilkin mərhələdə özünü göstərirmi?
- Toy məişət mərasimləri içərisində özünəməxsus yer tutur. Ümumiyyətlə, insan həyatının mühüm mərhələləri xüsusi mərasimlərlə müşayiət olunur. İnsanın dünyaya gəlişi, dünyadan gedişi, bir də ailə qurması mərasimlərlə, ayin və rituallarla müşayiət olunan belə mühüm məsələlərdəndir. Toy, digər iki mərasimlə birlikdə məişət törənlərinin üçlüyünü təşkil edir. Amma toy digər iki məişət mərasimindən fərqlənir. Belə ki, doğum və yas mərasimləri birbaşa ruhlar aləmi ilə ünsiyyəti nəzərdə tutursa, toy mərasimi səciyyəsi etibarilə onlardan fərqlənir. Əgər doğum mərasimində insanlar ruhlar aləmindən güc alırsa və yas mərasimində mərhumu ruhlar aləminə ötürürsə, toy mərasimi insanların sadəcə status dəyişməsidir. Amma bu status dəyişmə də inisiasiya hesab olunur və qədim dövrlərdə insanların həyatında baş verən bütün digər inisiasiya mərasimləri kimi ad qoyma, igidlik göstərmə və s. xüsusi mərasimlə müşayiət olunur.
Həyatın belə qorxulu və çətin məqamlarında (dünyaya gəlişi, statusunu dəyişməsi, dünyasını dəyişməsi) insan övladı bəd ruhlara qarşı, mənfi qüvvələrə qarşı daha aciz, gücsüz olur, onun qorunmağa ehtiyacı var. Bu mərasimlərin icrası da bir tərəfdən əgər bu təntənəli hadisələrin və tarixlərin bayram edilməsi (yas mərasimində əksinə) bağlıdırsa, digər tərəfdən və əsas da budur - insanların qorunması kimi bir motivasiyadan irəli gəlmişdir. Başqa sözlə, toy mərasiminin təntənəli şəkildə icrasının başlıca səbəblərindən biri insanları bu inisiasiya mərasimində - status dəyişmədə onları sözün, musiqinin, rəqsin, qədim dini təsəvvürlərə bağlanan inam və etiqadların köməkliyi ilə qorumaqdır. Çünki bildiyimiz kimi, söz - verbal magiya, hərəkət, musiqi ilkin təsəvvürlərə görə, çox böyük təsiretmə gücünə malikdir. Toyda evlənənlərin şəninə söylənən alqışlar, sazın sədaları, gedilən yallılar, atılan güllələr, yandırılan üzərriklər hamısı məhz bu çətin məqamda insanlara yardım etmək məqsədi daşıyır. Çağdaş dönəmdə isə toy mərasimləri sadəcə cəmiyyətin özəyini təşkil edən yeni ailələrin yaranmasının qeyd edilməsi kimi yadda qalır.
- Afaq xanım, bildiyimiz kimi, Azərbaycanda toy mərasimləri tarixin dönəmlərində bir günlə məhdudlaşmamışdır. Çağdaş dövrümüzdə isə, bu, bir neçə saatı əhatə edir. Ənənələrimizə mövcud münasibətin yaranması nə ilə izah olunur?
   - Bildiyimiz kimi, qədimlərdə Azərbaycan toyları - nağıllarda, dastanlarda əks olunduğu kimi, 3 gün, 7 gün, 40 gün sürürdü. Məhz bu rəqəmlərin seçilməsi 3,7,40 ilkin təsəvvürlərdə sakral rəqəmlər kimi qəbul edilməsindən irəli gəlir. Qədim türklərin üçlü dünya modeli, xristianlıqda müqəddəs üçlük, göyün yeddi qatı, dünyanın 7 günə yaradılması, göy qurşağının 7 rəngi və s. bu rəqəmlər qutsal yanaşmanın bariz göstəriciləridir. 40 rəqəminə hələ ötən əsrin əvvəllərində Yusif Vəzir Çəmənzəminli yazılarında  münasibət bildirmişdir. Bildiyimiz kimi, bektaşi dərvişləri 40 gün inzivaya çəkilmişlər, körpənin doğuşundan sonrakı və insanın ölümündən sonrakı  40 gün çox ağır tabu və yasaqlar sistemi ilə müşayiət olunur.
Toyların bu şəkildə uzun müddət, bir neçə gün və bir neçə gecə davam etməsi, bu toylarda uzun-uzun nağılların dastanların söylənməsi, yuxarıda söylədiyimiz kimi, gənclərin qorunması kimi nəcib bir məqsədə xidmət edir.
- Bəs bu cür yanaşmanın kökündə nə dayanır, milli dəyərlərimizə toy mərasimlərində ögey yanaşmanın səbəbi nədir?
- Çağdaş dönəmdə toylarımız bir qədər öz ilkin əsaslarından uzaqlaşmışdır. Artıq əvvəlki toyların təntənəsini müşahidə etmək mümkün deyil. Bunun əlbəttə, çox səbəbləri vardır və hər kəs bunun səbəbini özünəməxsus şəkildə izah edə bilər. Əvvəla, bizdən asılı olmayaraq həyatımızda baş verən dəyişikliklər birbaşa mərasimlərin də strukturuna təsir göstərir. Məsələn, əvvəlki dövrlərdə toy mərasimləri yalnız payız ayına təsadüf edirdi ki, bu da qədim insanların təsərrüfat həyatı ilə əlaqəli idi. Qışda toy etmirdilər, çünki əvvəla, təbii şərait buna imkan vermirdi, daha sonra isə ərzaq qıtlığı, köçəri maldarların qışlağa köçməsi və s. Yazda da toy olmurdu, qışdan çıxan insanların ərzağı tamamilə tükənib, əkiniliklə məşğul olanlar artıq torpaqla işləməyə başlayırdılar. Yay isə taxılın əkini, yığılması və xırman dövrüdür. Amma payız artıq bütün bu ağır zəhmət tələb edən işlərin bitməsi, meyvə və tərəvəzlərin yetişməsi dövrüdür. Əsil toy etmək məqamıdır. Bu səbəblərdən toy mərasimləri daha çox payıza təsadüf edirdi. Bu folklorumuzda da öz əksini tapmışdır:
Əziziyəm, əyəndə
Güllər boynun əyəndə.
Mənim toyum olacaq,
Şamamalar dəyəndə.
Və yaxud bir mahnıda              deyildiyi kimi,
Pəncərəm hana olar,
İlmələr durna olar.
Payızda köçən qızlar,
Payızda ana olar.
Amma indi artıq oturaq həyata keçid və daha çox urbanizasiyanın təsiri toylarımızın vaxtının dəyişməsinə səbəb olmuşdur. Şəhərə köçən insanlar artıq bu adət-ənənələrə sadiq qalmağa, riayət etməyə lüzum görmürlər. Çünki insan həyatının asanlaşdırılması, elmi-texniki tərəqqi toyların hər zaman keçirilməsini mümkün edir.    Mənim fikrimcə, toyun çağdaş dönəmdə öz ilkin əsaslarından tamamilə uzaqlaşması, ilk növbədə, qlobalizasiya ilə bağlıdır. Mən qloballaşmanın, inkişafın əleyhinə deyiləm. Əsla. Amma gəlin etiraf edək ki, qloballaşma milli-mənəvi dəyərlərimizə ağır zərbə vurur. Qədim dövrlərdə evlilik, ailə həyatı çox mühüm bir addım sayılırdı, gənclərin bu addımı bütöv bir tayfanın, nəslin, kəndin, obanın, elin marağı dairəsində olan bir hadisə idi. O zamanlar gənclər böyüklərin məsləhəti ilə, yüz ölçüb, bir biçəndən sonra bu addımı atırdılar. Ona görə də nigahlar daha uzunömürlü olurdu. İndi isə nigaha adi bir prosedur kimi yanaşan gənclər, toydan sonrakı müddətdə ailənin qorunmasına bir elə önəm vermirlər. Vaxtilə şəhər toylarında bir azacıq da olsun keçmiş adət ənənələrimizə riayət olunurdu. İndi isə Azərbaycan toylarına yad mədəniyyətlərin təsiri aşkar hiss olunmaqdadır.
Məsələn, adi bir misal gətirək, indi bütün toyların sonunda ailə quran qız əlindəki gül dəstəsini tullayır və bununla bir mantik akt icra olunur. İnanılır ki, həmin gülü tutan ərgən qızın toyu tezliklə olacaq. Əgər bu aktın ilkin qaynaqlarına baxsaq, burada kontagioz magiyanın - təmas sehrinin izlərini görmüş olarıq. Bu magiyaya əsasən, toyu olan qızla təmasda olmuş gül dəstəsi onun qismətindən bir pay da subay qıza da ötürəcək. Yəni, bu güllə təmas etmək həmin qızın bəxtini açacaq.
Amma gəlin öz adət-ənənələrimizə müraciət edək. Məgər bizim zəngin mənəvi yaddaşımızda - mərasim və adət-ənənələrimizdə bu funksiyanı icra edən və bu məqsədə xidmət edən mantik akt yoxdurmu? Təbii ki, var. Əgər yadınızdadırsa, son dövrlərə qədər gəlinlər əllərinə düyü alırdılar və evdən çıxanda, subay qızların adını çəkərək, bir-bir həmin düyü dənələrini səpirlər. Eyni funksiya və eyni məqsəd. Sadəcə, texniki icra üsullarında fərq var. Bu cür misalların sayını kifayət qədər artırmaq olar. Bu gün toylarımızın bu şəkildə dəyişikliyə uğraması bəlkə də bu mərasimin bir qədər öz mühafizəkarlığını itirməsi ilə əlaqədardır. Yaxud insanların qloballaşmanı düzgün başa düşməməsi, təhrif etməsi ilə əlaqədardır. Gəlin qloballaşma, yeniləşmə ilə yanaşı, öz adət-ənənələrimizi unutmayaq, bizi var edən, milli kimliyimizin, milli varlığımızın əsasında duran mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmayaq, qoruyaq, yeri gəldikcə, onlara  müraciət edək, müraciət edən zaman da təhrif etməyək.

Digər xəbərlər