Neft Akademiyası Vyetnamın ali ordeni ilə təltif olundu
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tələbə, müəllim və professorların Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilmişdir. Görüşü ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirmişdir ki, bu ali məktəb 90 illik fəaliyyətinin yarım əsrini həm də xarici ölkələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması işinə sərf etmişdir. Bu müddət ərzində 13 minə yaxın əcnəbi vətəndaş hazırlıq fakültəsini bitirmiş, ixtisas fakültələrində isə 3400 mühəndis, bakalavr və magistr, 300-dən çox elmlər namizədi və elmlər doktorları hazırlanmışdır.
Dünyanın 99 ölkəsi ilə bağlı olan ADNA-nın Vyetnam Sosialist Respublikası üçün neftçi kadrların hazırlanmasının tarixi kökləri və ənənələri keçən əsrin 50-ci illərinin sonunda Vyetnamın prezidenti möhtərəm Xo Şi Minin Bakıya səfəri zamanı yaranmışdır. O, Bakı neftçilərinin uğurları ilə tanış olduqdan sonra burada Vyetnam gənclərinin təhsil alması haqqında Sovet İttifaqı rəhbərliyinə müraciət etmişdir. Elə həmin il Vyetnam vətəndaşlarının ilk qrupu o vaxtlar Azərbaycan Neft Kimya İnstitutu adlanan bu ali məktəbdə səmimiyyətlə qarşılandı. 1962-ci ildən isə institutun hazırlıq və neft profilli fakültələrində çoxsaylı Vyetnam tələbələrin mütəmadi təhsili başlandı. Bu dövlət üçün peşəkar kadrların hazırlanması sahəsində ADNA-nın xidmətlərini yüksək qiymətləndirən Vyetnam rəhbərliyi Neft Akademiyasını müxtəlif illərdə üç dəfə "Dostluq" ordeni ilə təltif etmişdir. Rektor bunu respublikamızın tarixində bu nadir və misilsiz hadisə professor-müəllim heyətimizin zəngin peşəkarlığının sübutu ilə bərabər iki ölkə və xalqlar arasında olan dostluq tellərinin rəmzi kimi qiymətləndirmişdir. ADNA-nın məzunu Vyetnam Neft və Qaz Şirkətinin baş direktoru, professor Funq Din Thiq çıxış edərək, Neft Akademiyasında təhsil aldığı illərdə onlara göstərilən diqqət və qayğıdan söhbət açdı.