PDF Oxu

Sosial

  • 15

ATƏT-in Bakı ofisi seçki texnologiyalarının inkişafına diqqət ayırır

ATƏT-in Bakı ofisi seçki texnologiyalarının inkişafına diqqət ayırır
ATƏT-in Bakı ofisi DTİHB-nin seçki müşahidə missiyasının tövsiyələrinin yerinə yetirilməsinə həsr edilən dəyirmi masaların keçirilməsinə başlayıb. ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel bildirib ki, təşkil olunacaq müzakirələrin əsas məqsədi seçki prosesinə inamı artırmaq və müxtəlif siyasi partiyalar arasında qarşılıqlı münasibətləri təşviq etməkdir: "Seçki prosesinin təkmilləşdirilməsi və seçkiləri ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərə və demokratik seçkilərə dair beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində görülən işlərdə, ATƏT-in Bakı ofisi hakimiyyət, siyasi partiyalar və vətəndaş cəmiyyətinə kömək etməyə hazırdır. Azərbaycanın əvvəlki seçkilərdə nail olduğu irəliləyişlər və seçki mühitində hələ də mövcud olan problemləri nəzərə alaraq, biz 2010-cu ildə əsas diqqəti siyasi plüralizm, seçki administrasiyası və fundamental hüquq və azadlıqlar kimi sahələrə yönəltmək niyyətindəyik". Bütün işlərdə ötən təcrübələrə əsasən müsbət əlamətlərin dəyərləndiriləcəyini deyən səfir qeyd etdi ki, builki parlament seçkilərinə bütün siyasi partiyaların qoşulacağına ümid edirlər. Sonuncu bələdiyyə seçkilərinin demokratik keçdiyini də vurğulayan B.Cankorelinin sözlərinə görə, yaxın vaxtlarda ATƏT-in Bakı ofisi tərəfindən daha iki dəyirmi masa keçiriləcək. Seçki administrasiyası, xüsusilə də, seçki komissiyalarının tərkibi və onların rəhbərliyi, namizədlərin qeydiyyatı, seçki şikayətlərinin baxılması və medianın seçkilərdə rolu həmin tədbirlərin əsas müzakirə mövzuları olacaq. DTİHB-nun direktor müavini Duqlas Veyk bildirdi ki, ATƏT-in Bakı ofisi ilə işbirliyi çox önəmlidir və onları uzunmüddətli təcrübə birləşdirir. DTİHB Azərbaycanda 1990-cı illərdə işləməyə başladığını deyən direktor müavininin sözlərinə görə, 1998-ci ildən 2008-ci ilə qədər intensiv əməkdaşlıq edilib:" Son dəfə Bakıya 2008-ci ilin oktyabrında gəlmişik. Seçkilər sakit keçmişdi və problem kimi canlı rəqabətin olmadığı göstərilirdi. Həmin seçkidən sonra biz öz hesabatımızı açıqladıq. Biz hər zaman Azərbaycanın öhdəlikləri yerinə yetirməsinə yardım edəcəyik. Qarşıdan gələn parlament seçkilərində bizim rolumuz bir qədər dəyişir. Belə ki, seçkini müşahidə etmək və demokratiyanı dəstəkləməkdən ibarətdir. Bakı ofisi daha çox dialoq məsələsi ilə məşğul olacaq. Bu prosesdə neytral çıxış etməyimiz önəmlidir. "Varşavadan kiçik komandamız gələcək. Vəziyyət analiz edildikdən sonra bu barədə DTİHB rəhbərliyinə məlumat veriləcək. Ondan sonra isə hansı Müşahidə Missiyasının, yəni geniş, yoxsa kiçik tərkibli, gəlməsinə qərar veriləcək". C. Strounstrit isə bildirdi ki,seçkilərdə önəmli amillər siyasi partiyalarla siyasi dialoqu təmin etmək, seçkiyə qeyri-qanuni müdaxilənin qarşısını almaq, medianın rolunu artırmaq. 2008-ci ildəki son hesabatdan sonra bir çox tövsiylərin irəli sürüldüyünü deyən ekspert qeyd etdi ki, tövsiylərin hədəfi, sadəcə, dövlət deyil, vətəndaş cəmiyyəti olmalıdır:" Bu müddət ərzində inkişaf olub. Lakin bəzi tövsiyələr nəzərə alınmayıb ki, məsələn, hərbçilərin səsverməsi də onlardan biridir. Əsas tövsiyələrdən biri odur ki, 2009-2010-cu ildə daha geniş spektrdə dialoq yaransın. 2008-ci ildə keçirilən sakit seçki göstərdi ki, texniki irəliləyişlə yanaşı, real rəqabətin olmaması da gündəmdə idi.

Digər xəbərlər