PDF Oxu

Sosial

  • 19

"Elektron Təhsil"

"Elektron Təhsil"
Dünən Təhsil Nazirliyinin nəzdində yaradılan Məlumat və Resurs (Data) Mərkəzində müsabiqənin başlanması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə İnformasiyalaşdırılma İdarəsinin rəisi Samir Məmmədov çıxış edərək, bildirdi ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən "Təhsildə İKT ili" elan olunub və adıçəkilən müsabiqə nəzərdə tutulan fəaliyyətlərdən biridir. 2008-ci ildə ölkə başçısı tərəfindən təhsil sistemi üzrə artıq ikinci Dövlət Proqramının təsdiq edildiyini vurğulayan idarə rəisinin sözlərinə görə, 2008-2009-cu illərdə, adətən, bu layihənin hansısa bir şirkət təşəbbüskarı olub və nazirlik də dövlət qurumu olaraq onu dəstəkləyib: "Ancaq cari ildən başlayaraq təhsil naziri Misir Mərdanovun əmri ilə həm təhsildə İKT ili elan edilməsi ilə əlaqədar olaraq , həm də bu işi ənənəyə çevirmək məqsədilə TN dövlət proqramı çərçivəsinə özü belə bir layihəni keçirməyi qərara aldı. Biz ümid edirik ki, bu müsabiqə müəllimlər arasında populyar olacaq və çalışacağıq ki, gələcəkdə müsabiqəyə daha çox şirkətlər qoşulsun. Əsas məqsəd də İKT-dən istifadə edərək təhsilin idarə edilməsi, məktəbdə təhsilin verilməsinin keyfiyyətini artırmaqdır". Müsabiqənin "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirildiyini deyən S.Məmmədov vurğuladı ki, o, Microsoft Azərbaycan, İntel korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. Qeyd edək ki, müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilib. Müsabiqə "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə təşkil olunub. S. Məmmədovun sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir". İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan münsiflər heyətinin aparacağını deyən S.Məmmədov qeyd etdi ki, müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar veriləcək və digər xüsusi mükafatlar təqdim olunacaq. Onun sözlərinə görə, müsabiqədə iştirak üçün ərizələrin qəbulu 21 may tarixinədək davam edəcək: "Müsabiqədə təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər də iştirak edə bilərlər. Müsabiqədə, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları da iştirak edə bilərlər. Eləcə də, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə layihələrini təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini ( şərhlərini) təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən iddiaçılar tədris prosesində İKT-nin tətbiqinə əsaslanan metodiki-tədris vəsaitlərindən ibarət işlərini, internet saytlarını və digər internet layihələrini cari ilin may ayının 15-dək Təşkilat Komitəsinə təqdim etməlidir. Müsabiqədə iştirak etmək istəyənlər 5 aprel 2010-cu il tarixindən başlayaraq www.musabiqe.edu.az saytında yerləşən xüsusi ərizə formasını dolduraraq, qeydiyyatdan keçilir". S.Məmmədov onu da bildirdi ki, TN tərəfindən elektron resursların yaradılması barədə layihələr nəzərdə tutulub. O da vurğulandı ki, ikigünlük beynəlxalq konfransın keçirilməsi planlaşdırılır ki, ilk gündə məktəblərdə müzakirələr, baxışlar keçiriləcək. Yekun konfransda isə nəticələr elan ediləcək. Eyni zamanda regionlarda konfrasların təşkilinə başlamaq istədiklərini deyən nazirlik yetkilisi bildirdi ki, gələn aydan ilk belə bir konfransın reallaşması gözlənilir. Bölgələr üzrə ölkənin İKT sahəsində təcrübəli məktəblərin nümayəndələrinin yerlərə səfərləri təşkil olunacaq. Kompyuterləşmə ilə bağlı, konkret olaraq, rəqəmin prioritet olmadığını deyən S.Məmmədov bildirdi ki, ölkəmizdə bu sahədə standartlar normallığa yaxındır. Bu il üçün əsas məqsəd məktəblərdə müəllimlərin sırf istifadə edəcəyi texnologiyalara, yeni saytların yaradılmasına təkan verməkdir və bu resurslar olduqdan sonra avadanlıqlar lazımdır.

Digər xəbərlər