PDF Oxu

Sosial

  • 11

Bu gün "Molla Nəsrəddin" jurnalının 104-cü ildönümüdür

Bu gün "Molla Nəsrəddin" jurnalının 104-cü ildönümüdür
7 aprel 1906-cı il. Azərbaycan milli mədəniyyətində baş verən hadisə ictimai xarekter daşıyaraq, ölkə həyatında tarixi gün olaraq əbədiləşdi. Bu, Azərbaycanın ziyalı oğlu, yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin təməlini qoyduğu və dünyaya səs salan "Molla Nəsrəddin" jurnalının çap olunduğu tarixdir. "Molla Nəsrəddin" əsrin əvvəllərində Rusiya və Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldi. Əsrin hadisəsinə çevrilən nəşr Azərbaycanda satirik janrın bünörəsini qoydu. Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan "Molla Nəsrəddin" "Qeyrət" mətbəəsində nəşrə başladı.
Bu jurnal Azərbaycan xalqının həyatında mühüm bir mərhələ olaraq, xalqın ictimai, siyasi və mədəni həyatı ilə sıx bağlı olaraq, böyük fikrin ifadəçisinə çevrildi. "Molla Nəsrəddin" insanların həyatına, daha dəqiq desək, məişətinə yaxın olan bir orqan kimi insanların fikir və düşüncəsinin təbliğatçısı, ifadəçisi oldu. "Molla Nəsrədin" güldürdü, ağlatdı, düşündürdü. Xalqla birbaşa təmasda olması onu diqqət mərkəzində saxladı.
"Molla Nəsrəddin" müəyyən fasilələrlə iyirmi beş il çap olunub. O, əvvəlcə Tiflisdə, az bir müddət Təbrizdə, sonra isə Bakıda fəaliyyət göstərib. "Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü isə Bakıda) çıxıb.
Mütəxəssislərin fikrincə, jurnalın Tiflisdə üç yüz yetmiş, Təbrizdə səkkiz, Bakıda üç yüz doxsan nömrəsi çıxıb. "Molla Nəsrəddin" jurnalının ilk nömrələri ancaq Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin gücünə çap olunurdu.
Cəlil Məmmədquluzadənin ətrafına toplaşan dərin düşüncəli ziyalılır bu yolda onun silahdaşı və məsləkdaşı kimi çıxış etdilər. "Molla Nəsrəddin" qısa bir zaman məsafəsində Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bildi. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz kimi şair, yazıçı və jurnalistlər, eləcə də, O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi rəssamlar fəaliyyət göstərmişlər.
"Molla Nəsrəddin" xalqın maariflənməsinə, onun inkişafına bir mayak oldu. Daim xalqı düşünən mollanəsrəddinçilər amal yolunda bir məsləkə xidmət göstərdilər. Onun adı Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklərin maraq dairəsinə düşdü. Zaman öz işini gördü. Bəlkə də zamanın tələbi idi ki, "Molla Nəsrəddin" jurnalının oxucusu geniş coğrafi məkanı əhatə etdi. Onun "qəhrəmanları" istər-istəməz gülüş hədəfinə çevrildilər. Belə ki, jurnalın adı çəkilən zaman oxucunun yadına qeyri-ixtiyarı olaraq məzəli bir əhvalat, eləcə də, bir lətifə düşürdü. Məhz satirik jurnalın bədii gücünün təsiridir ki, bir əsrdən artıq məsafədə indi də mollanəsrəddinçilərin adı çəkilən zaman insanların çöhrələrində təbəssüm görünür. Bu gün Orta Asiyada və Azərbaycanda, Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə "Molla Nəsrəddin" jurnalı ilə bağlı xoş xatirələr yaşanır və lətifələr söylənilir. Deyə bilərik ki, türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən "Molla Nəsrəddin" uzaq məsafələrdə yaşayan türklərə doğma olan bir nümunədir. Əfsanəyə çevrilmiş və şəxsləndirilmiş Molla Nəsrəddini Anadoluda məhəbbətlə Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada və Türküstanda Xoca Nəsrəddin adlandırırlar. Göründüyü kimi, əfsanələşən jurnalı hər bir xalqın nümayəndəsi özünün bir orqanı kimi qəbul edib. Özbək, qazax, tatar, türkmən, məhz jurnalın onların ölkəsində yarandığını güman edir. Bu da birmənalı olaraq qəbul edilir. Belə ki, bu jurnal hər bir xalqın ruhuna, dilinə, milli düşüncəsinə uyğundur. Molla Nəsrəddinin xalq arasında adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun hər lətifəsində dərin bir məntiq var. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda, düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır. "Molla Nəsrəddin" jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş müsəlmanlar təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları bu qəflət yuxusundan oyatmağa çalışır. Bu öz hüququnu anlamayan insanları oyatmağa bir çağırış idi. Jurnalın ikinci sayında isə dillərdə əzbər olan "Sizi deyib gəlmişəm" başlıqlı məqalə dərc olunmuşdu. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan bəlası" felyetonu və dörd karikatura çap olunmuşdur.
Jurnal İran,Türkiyə, Misir, Hindistan və Mərakeş kimi ölkələrə də yayılaraq, oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərmişdir.
"Molla Nəsrəddin" qısa fasilələrlə də olsa dərc edilib cəmiyyətin eybəcərliklərini, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərən, müsəlman qardaşlarını bir növ cahillik yuxusundan oyatmağa çalışan bir orqan idi.
Bəli, bu gün "Molla Nəsrəddin" jurnalının yaradılmasının 104-cü ildönümüdür. XX əsrin əvvəllərində Azərbaycan mətbuat tarixində yeni bir dövrün başlanması kimi qiymətləndirilir. Qeyd edək ki, həmin illərdə müxtəlif qəzet və jurnallar nəşr olunurdu. Bunların nəşr edildiyi dövrdə "Molla Nəsrəddin" jurnalı meydana gəldi. Bu gəliş mətbuat tariximizdə bir məktəb rolu oynadı, bir hadisə oldu.
Jurnalın "Molla Nəsrəddin" adlandırılması da maraqlıdır. Molla Nəsrəddin şifahi xalq ədəbiyyatının qəhrəmanıdır və həmişə də zülmə, nadanlığa, haqsızlığa gülmüş, güldürüb düşündürmüşdür. Mirzə Cəlil də Molla Nəsrəddinin dili ilə xalqın dediyini bəyan edir, onu güldürür, düşündürür, həm də yol göstərir. "Molla Nəsrəddin" jurnalı ilk nömrəsindən Azərbaycan dilinin varlığı və təmizliyi uğrunda mübarizə meydanına atıldı. Jurnalın sonrakı nömrələrində hətta bütün fəaliyyət dövründə dil haqqında müxtəlif janrlarda saysız-hesabsız əsərlər çap olunub.
Qadınların maariflənməsi, elmli, təhsilli olmaları kimi məsələlər də "Molla Nəsrəddin" səhifələrində öz əksini tapıb. "Molla Nəsrəddin" həyatdakı bütün nöqsanları aradan qaldırmaq üçün düşündürən, iş görməyə çağıran bir jurnal idi. Jurnalın yaradıcısı Cəlil Məmmədquluzadə isə jurnalın məsləkinə, yəni həmişə doğru yazmaq ideyasına sadiq qalırdı.
"Molla Nəsrəddin"ə qarşı hücumlar gücləndikcə, Mirzə Cəlil tutduğu yolun doğruluğuna daha çox inanırdı. Lakin nə düşmənlərin hədə-qorxusu, nə də dostlarının narahatlığı Mirzə Cəlili qorxuya sala, onu tutduğu yoldan döndərə bilməyib.
"Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil, o, bir neçə qələm sahiblərinin əsəri idi. "Molla Nəsrəddin" aləmində ikinci qüdrətli qələm ustası poeziyamızda inqilabi satiranın banisi Mirzə Ələkbər Sabir idi. Sabir yaradıcılığının ən parlaq dövrünü ancaq "Molla Nəsrəddin" jurnalının nəşri ilə bağlayır. Sabir öz oxucularını düşündürən şeirlər yazırdı. "Molla Nəsrəddin"in əsas qayəsi də bu idi. Ən çox "Hop-hop", "Ağlar güləyən", "Cingöz bəy" imzaları ilə çap olunan Sabir "Molla Nəsrəddin"də bir çox başqa gizli imzalarla da çıxış etmişdir. "Molla Nəsrəddin"in yaradıcı heyətində realist rəssamların da çox böyük mövqeyi var. Jurnalın dərin məzmunlu karikaturalarını Rotter, Şmerlinq və Ə.Əzimzadə çəkirdi, Təbriz nömrələrinin rəssamı isə Əli Behzad olmuşdur. Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin, Əli Nəzminin jurnalda çap olunan əsərləri formaca rəngarəng idi. Bundan başqa "Molla Nəsrəddin" atalar sözləri, lətifələr, poçt qutusu, satirik elanlar, tərcümeyi-hallar, lüğətlər, bir para hikmətli sözlər, tapmacalar, sual-cavab, etiraf və onlarla formadan istifadə edilib.
"Molla Nəsrəddin" dünənin və bugünün jurnalı kimi qəbul olunub. Satirik jurnaldan sonra onun davamçıları oldu. "Kirpi" və "Mozalan" kimi satirik ruhlu nümunulər mollanəsrəddinçilərin ruhunu yaşatdı. Onların əqidəsinə xidmət göstərdi. Haqqı, ədaləti müdafiə etmək qələm sahiblərinin düşüncəsində daim yaşandı, nəsildən-nəsilə ötürülərək demokratik prinsiplər əsasında öz işini qurdu.

Digər xəbərlər