Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin növbəti iclası keçirildi. Əvvəlcə spiker Oqtay Əsədov Kəlbəcər rayonunun işğalının 17-ci ildönümünün bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. Millət vəkilləri Kəlbəcər rayonunun işğalı zamanı həlak olan insanların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
İşğalla bağlı öz fikirlərini bildirən Milli Məclisin sədri Oqtay Əsədov BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı 822-ci qətnamənin qəbul etdiyini vurğuladı: "BMT ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı 822-ci il Qətnamə qəbul olunub. Lakin buna baxmayaraq indiyə kimi bu qətnamə yerinə yetirilməyib. Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bu il Kəlbəcərin son işğal ili olacaq".
Bir dəqiqəlik sükutdan sonra iclas başladı.
Sonra gündəliklə bağlı çıxışlar oldu. Deputat Zahid Orucun təklifi Silahlı Qüvvələrə Yardım Fondu ilə bağlı oldu. Onun sözlərinə görə, hazırda bu fondda toplanmış vəsait Azərbaycanın real inkişaf göstəricilərini əks etdirmir. Hər kəsi bu fonda yardım etməyə çağıran Zahid Orucun fikrincə, 1 milyon vətəndaş hər ay 10 manat versə, ayda 10 milyon, ildə 120 milyon manat vəsait toplanar. Bu isə kifayət qədər böyük məbləğdir.
Deputatlardan Fazil Mustafa və Qüdrət Həsənquliyev çıxışlarında Mərkəzi Seçki Komissiyasının tam şəkildə formalaşdırılmasını, boş qalan yerlərin parlamentdə azlıqda olan partiyalara verilməsini təklif etdilər. 2010-cu ilin seçki ili olduğunu qeyd edən deputatlar bu məsələyə xüsusi diqqət yetirilməsini vacib saydılar. Deputat Fazil Mustafa Bakı şəhərində Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsinə dövlət səviyyəsində xüsusi diqqət yetirilməsini də təklif etdi.
MSK-nın tam tərkibdə formalaşdırılması ilə bağlı təklifi Milli Məclisin Sədri Oqtay Əsədov da dəstəklədi. Millət vəkili Arzu Səmədbəyli isə çıxışı zamanı təmsil olunduğu partiyanın Bakı Şəhər İcra Hakimiyyəti başçısına məktubla müraciət edərək kütləvi aksiyalar keçirilməsi üçün yer istədiklərini dedi. YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə müxalifətin mitinq keçirmək istəyini tənqid etdi. S.Novruzov A.Səmədbəylinin dediklərinə cavab olaraq bildirdi ki, müxalifətin təklif etdiyi yerlərdə mitinq keçirilməsi mümkün deyil: "Müxalifət ağacəkmə kampaniyasına qoşulsa, daha yaxşı olar".
Çıxış bitdikdən sonra iclasda mübahisə yarandı. Belə ki, A.Səmədbəyli spiker Oqtay Əsədovdan S.Novruzovu sakitləşdirməyi tələb etdi. Mübahisəyə Pənah Hüseynovun qarışmasına cavab olaraq S.Novruzov onu muzdla danışmaqda ittiham etdi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinə dair 2009-cu il üzrə illik məruzəsi dinlənildi. Məruzəni ombudsman Elmira Süleymanova diqqətə çatdırdı.
Məruzədə qeyd olunurdu ki, müvəkkil Bakı şəhərində, respublikanın müxtəlif şəhər və rayonlarında, yaşayış məntəqələrində əhali ilə müntəzəm görüşlər və qəbullar keçirmiş, öz izahat və məsləhətləri, məsələlərin həllinə bilavasitə müdaxiləsi yolu ilə müvafiq dövlət qurumlarının, habelə, yerli icra strukturlarını pozulmuş insan hüquqlarının bərpasına işinə cəlb etmişdir: "Vətəndaşlar öz müraciətlərini müvəkkilə müxtəlif vasitələrlə, o cümlədən, poçt və elektron poçtu, aparatda fəaliyyət göstərən qəbul otağı, müvəkkilin regional mərkəzləri, işgəncə və zorakılığa qarşı "Çevik Araşdırma Qrupu"nun, habelə, uşaq hüquqlarının pozulması ilə bağlı məlumatların qəbul edilməsi üçün "916 saylı "qaynar xətt"lər vasitəsilə çatdırmış, həmçinin, müvəkkilin və aparatın əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, uşaq evlərinə, internatlara, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, eləcə də, səhiyyə, əhalinin sosial müdafiəsi obyektlərinə baxışları zamanı şəxsən təqdim etmişlər. Müvəkkil Konstitusiya Qanununa əsasən, vətəndaşların hüquqlarının pozulmasına dair şikayətlərə baxmış, fərdi və kollektiv şikayətlərin araşdırılması istiqamətində iş aparıbdır".
E.Süleymanova fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 51060, o cümlədən, 2009-cu ildə 8800 müraciətin daxil olunduğunu söylədi: "Qeyd edilən müraciətlərin 83,7 faizi şikayətlərdən, 16,2 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarət olub. Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq müvəkkil şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, yəni ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatına getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən 48,9 faizinin baxılmasından imtina edilibdir. Şikayətlərin 51,1 faizi baxılmaq üçün icraata qəbul edilmiş, bunların 44,7 faizi təmin olunmuşdur ki, bu da təxminən Avropa və postsovet məkanında mövcud olan göstəricilər səviyyəsindədir. İl ərzində şikayətlərlə bağlı istər qəbulda, istərsə də məktub vasitəsitlə müxtəlif vaxtlarda vətəndaşlara çoxsaylı hüquqi məsləhətlər, habelə, bir çox hallarda insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları və vasitələri, o cümlədən, mahiyyətinə görə bu və ya digər məsələlərlə əlaqədar müvafiq səlahiyyətli orqanlara müraciət edilməsi ilə bağlı məsləhət və izahatlar verilibdir".
Məruzədə, həmçinin, qeyd olunurdu ki, ötən dövrdə həyata keçirilmiş fəaliyyət bir daha göstərdi ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması, şikayətlərin çevik qaydada araşdırılması məqsədilə dövlət orqanları, bələdiyyələr, insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın inkişaf etdirilməsi zəruridir və faydalı nəticələr verir. Müvəkkil istər ölkəmizdə mövcud olan həlli vacib məsələlər, istərsə də, illik məruzədə öz əksini tapmış insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, habelə, əhalinin müvafiq qruplarının, o cümlədən, uşaqların, qadınların, ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, məhkumların, hərbi qulluqçuların bir sıra sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş təklif və tövsiyələrlə səlahiyyətli dövlət qurumlarına müraciətlər edib və bunların bir çoxu həll olunubdur.
Müzakirə zamanı deputat Zahid Oruc bildirdi ki, ombudsmanın hesabatı, ilk növbədə, beynəlxalq təşkilatlara göndərilməlidir. Məruzə ilə bağlı fikirlərinin ümumən müsbət olduğunu deyən Zahid Orucun fikrincə, ombudsman dini sferada islahatların keçirilməsi ilə bağlı səlahiyyətlərindən istifadə etməlidir.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, ombudsman konstitusiya çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirib. Bununla belə, Mübariz Qurbanlı məruzədə yer almış bəzi məsələlərlə bağlı fikirlərini də diqqətə çatdırdı. Diqqəti ombudsmana müraciət edən bəzi şəxslərin adlarının hesabatda çəkilməsinə yönəldən M.Qurbanlının qənaətincə, hər bir müraciət edən şəxsə eyni şəkildə yanaşmaq lazımdır. Bəzi adamların adlarının xüsusiləşdirilməsi və məruzəyə salınması məntiqə uyğun deyil. Deputat gələcəkdə bu kimi halların nəzərə alınmasını təklif etdi.
Deputat Aydın Mirzəzadə hesabatın Azərbaycanda insan hüquqları sahəsində olan vəziyyəti əks etdirdiyini dedi. Hesabatın tərtibatından razılığını ifadə edən Aydın Mirzəzadə ümumilikdə götürdükdə, məruzəni müsbət dəyərləndirdi.
Deputat Elton Məmmədov da hesabatın dolğun hazırlandığını, insan hüquqları sahəsində məlumatların bütün sahələri əhatə etdiyini dedi. Məruzə lehinə 98, əleyhinə 5 deputat səs verilməklə nəzərə alındı.
Milli Məclisin dünən keçirilən iclasında, həmçinin, Dəvəçi rayonunun adının dəyişdirilməsi məsələsinə də baxıldı. Rayonun adının Şabran olması təklif edildi. Təklif səsə qoyularaq qəbul olundu. Həmçinin, gündəlikdə duran "Elektorenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tulantı suları haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və digər qanun layihələri müzakirə edildi.