"Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra ölkələrdə tədbirlər keçirilib
Milli Məclisdə deputat Gülər Əhmədova 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni təcavüzkarlarının Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə bu ilin fevralında Çexiyaya və Belarusa səfəri ilə bağlı mətbuat konfransı keçirib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin mətbuat katibi Akif Nəsirov son vaxtlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində böyük işlərin görüldüyünü vurğulamış, Milli Məclisin deputatı Gülər Əhmədovanın cari ildə bununla bağlı Çexiyaya və Belarusa səfərini diqqətə çatdırmışdır.
Gülər Əhmədova Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası çərçivəsində bu iki ölkədə keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Beynəlxalq Diaspor Mərkəzi ilə birgə təşkil edilmiş səfər zamanı Çexiyaya və Belarusun ali təhsil ocaqlarında müəllim-tələbə heyəti ilə keçirilən görüşlərdə erməni qəsbkarlarının əzəli Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər faktlar və sənədlərlə iştirakçıların diqqətinə çatdırılmışdır. Təsadüfi deyil ki, Çexiya alimləri Praqada "Azadlıq" radiosuna müsahibədə Xocalıda baş verənləri insanlığa qarşı cinayət, soyqırımı adlandırmış və günahkarların məhkəməyə verilməsinin vacibliyini vurğulamışlar. Onların bu fikri qısa bir müddətdə demək olar ki, bütün dünyanı dolaşmış və ictimaiyyətin nəzərini bu problemə yönəltmişdir.
Mətbuat konfransında G.Əhmədova martın 17-dən 22-dək Türkiyəyə səfəri barədə də məlumat vermişdir. Bildirmişdir ki, 1915-ci ildə Çanaqqala savaşında qardaş Türkiyənin istiqlalı uğrunda üç minə yaxın azərbaycanlı şəhid olmuşdur. İstərdik ki, şəhid olmuş azərbaycanlıların xatirəsinə orada bir abidə də ucaldılsın, həmçinin onların adı və soyadı dəqiqləşdirilsin, araşdırmalar aparılsın. Hazırda bu istiqamətdə bizə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin "Birlik" təşkilatı yaxından kömək edir.