Bəşəriyyətə qarşı tarixi cinayət
Dünən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirildi. Tədbirdə ombudsman Elmira Süleymanova, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanlılara qarşı deportasiya və soyqırımı tarixi şöbəsinin müdiri, tarix elmləri namizədi İsrafil Məmmədov, Ombudsman Aparatının əməkdaşları, valideynlər, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin fəalları iştirak etdilər.
Ombudsman Elmira Süleymanova mərasimdə çıxış edərək, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasətinin Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olduğunu vurğuladı. E.Süleymanova soydaşlarımızın başına gətirilən faciələr, soyqırımı aktları, deportasiyalar haqqında məlumat verdi və bildirdi ki, doğma torpaqlarından qovulmuş soydaşlarımızın insan hüquqları kütləvi surətdə kobudcasına pozulmuş, onlar qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalmışlar. Ombudsman tarixən ermənilərin məkrli siyasəti nəticəsində xalqımızın başına gətirilən soyqırımı aktları, ermənilərin torpaqlarımıza basqınları, ölkəmizin müxtəlif regionlarında törədilən qanlı hadisələrlə bağlı ətraflı məlumat verdi: "Beynəlxalq hüquqa görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir və bu əməllərdən hər biri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilibdir".
E.Süleymanova 1918-ci il mart soyqırımıdan bir əsrə yaxın vaxt keçdiyini diqqətə çatdırmış, beynəlxalq terrorizmə qarşı mübarizə aparan dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməyə çağırdı.
Tədbirdə tarix elmləri namizədi İ.Məmmədov 31 mart azərbaycanlıların soyqırımı hadisələrinin tədqiqatçısı kimi, 1918-ci ildə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törədilən kütləvi qətllər, talanlar və digər vandalizm aktları barədə geniş danışdı və bu cinayətlərin səbəb və məqsədlərini açıqladı: "Ölkəmiz müstəqillik qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verdi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasını ilk dəfə olaraq rəsmi surətdə bəyan etdi".
İ.Məmmədov həmin dövrdən etibarən bu soyqırımı hadisələrini sistemli araşdırdığını və öz elmi əsərlərində əks etdirdiyini söyləmişdir.
Ombudsman Aparatının əməkdaşları da məsələyə beynəlxalq hüququn prinsipləri əsasında münasibət bildirərək, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı məlum qətnamə və qərarlar haqqında tədbir iştirakçılarına məlumat verdilər.
Tədbir canlı diskussiya və müzakirələrlə başa çatdı.