PDF Oxu

Sosial

  • 20

Siyasi partiyalar parlament seçkilərinə hazırlaşır

Siyasi partiyalar parlament seçkilərinə hazırlaşır

Məlum olduğu kimi, bu il ölkəmizdə növbəti dəfə parlament seçkiləri keçiriləcək. Respublikamızda keçirilən bütün seçkilər-prezident (1993, 1998, 2003, 2008), parlament (1995, 2000, 2005) və bələdiyyə (1999, 2004, 2009) seçkiləri demokratik, ədalətli şəkildə həyata keçirilib. Heç şübhəsiz ki, bu il də parlament seçkiləri demokratik, ədalətli şəkildə keçiriləcək. Məsələ ilə bağlı siyasi partiya sədrlərinin də fikirlərini öyrəndik. Partiya sədrləri qarşıdan gələn seçkilərə ciddi şəkildə hazırlaşdıqlarını bildirdilər. Həmçinin, müsahiblərimiz onu da vurğuladılar ki, cari ildə baş tutacaq seçkilər demokratik şəkildə həyata keçiriləcək.
Mais Səfərli,
"Yurddaş" partiyasının sədri:
- 2009-cu ilin dekabrından partiyamızın siyasi şurasının qərarı ilə parlament seçkilərinə start verilib. Namizədlərin müəyyənləşməsi prosesi davam edir və rayonlarda seçki qərargahları yaradılır. "Yurddaş" partiyası bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəyimizi qarşıya məqsəd qoymuşuq. Lazım gələrsə, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən siyasi partiyalarla blok yaradacağımızı istisna etmirik.
Azərbaycanda uzun illərdir ki, normal seçkilər keçirilir. Ölkə ictimaiyyətini, həm də beynəlxalq təşkilatları qane edən seçkilər keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri tam demokratik şəkildə keçirilib. Buna heç kəsin iradı ola bilməz. Bildiyiniz kimi, beynəlxalq təşkilatlar Azərbaycana qərəzli yanaşsalar da, onlar ölkəmizdə keçirilən seçkiləri normal qiymətləndirib. Bu, onu göstərir ki, Azərbaycanda keçirilən seçkilər xalqımızın iradəsinə, qanunlarımıza uyğun azad, ədalətli şəkildə həyata keçirilir. Qarşıdan gələn parlament seçkilərinin də bu cür keçirilməsinə heç kəsin şübhəsi olmasın. Prezident İlham Əliyev Azərbaycanı demokratiya, hüquq yolu ilə inkişafa aparır.

Kamil Seyidov,
"Azad Respublikaçılar" partiyasının sədri:

- "Azad Respublikaçılar" partiyası bu ilin fevral ayından parlament seçkilərinə hazırlığa start verib. Partiyanın idarə heyətinin qərarı ilə bu il keçiriləcək parlament seçkilərində partiyamızın iştirak etməsi rəsmiləşib. "Azad Respublikaçılar" partiyasının rayon təşkilatlarına bununla bağlı tapşırıqlar verilib. Qanuna müvafiq olaraq, yerlərdə işlərin aparılması prosesinə artıq start verilib. Hazırda rayon təşkilatlarımız namizədlərin müəyyənləşdirməsi işini həyata keçirir. Bildiyiniz kimi, bizim partiya iqtidaryönümlü partiyadır. "Azad Respublikaçılar" partiyası YAP-ın rəhbərlik etdiyi iqtidaryönümlü siyasi partiyaların Məşvərət Məclisinin üzvüdür. Ona görə də, biz iqtidarın ümumi strategiyasını təbliğ edən və həmin strategiyaya uyğun olaraq, yerlərdə namizədlərin müəyyənləşdirilməsini iqtidaryönümlü siyasi partiyalarla məsləhətləşmələr şəkilində aparılacaq. Bizim proqnozumuz belədir ki, 20-dən artıq dairədən namizədlərimizi irəli sürəcəyik.
Biz əminik ki, cari ildə keçiriləcək seçkilər tam ədalətli şəkildə həyata keçiriləcək. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan dövləti tam demokratik bir dövlətdir. Heç bir şəxs və siyasi partiya buna şübhə ilə yanaşmamalıdır. O da məlumdur ki, xalqımız hazırkı iqtidara inanır və hər zaman ona dəstək olurlar. Təəssüf ki, bəzi radikal müxalifət partiyaları ölkəmizdəki demokratiyaya, inkişafa kölgə salmağa çalışırlar. Ancaq heç zaman bu istəklərinə nail ola bilmirlər. Həm də onların sosial bazasının olmaması, xalqın dəstəyini ala bilmədikləri üçün ölkəmizdə keçirilən bütün seçkilərdə məğlub olurlar. Heç şübhəsiz ki, növbəti parlament seçkilərində radikal müxalifət partiyalarının məğlubiyyəti qaçılmazdır.

Araz Əlizadə,
ASDP-nin həmsədri:

- Bildiyiniz kimi, bu il ölkəmizdə növbəti dəfə parlament seçkiləri keçiriləcək. Heç şübhəsiz ki, hər bir vətəndaş kimi biz də seçkilərin ədalətli şəkildə keçirilməsini arzu edirik. Çünki bu, çox vacib məsələdir. Ümid edirəm ki, cari ildə keçiriləcək parlament seçkiləri demokratik şəkildə həyata keçiriləcək. Biz də partiya olaraq, çalışacağıq ki, seçkilərdə fəal iştirak edək. Onu da diqqətinizə çatdırım ki, çox məhdud sayda namizədlərimizi irəli sürəcəyik və mən də öz namizədliyimi irəli sürmək fikrindəyəm.

Tahir Kərimli,
Vəhdət partiyasının sədri:

- Bu ilin əvvəlindən Vəhdət partiyasının siyasi şurası seçkilərdə iştirak etmək haqqında qərar verib. Bildiyiniz kimi, partiyamız özünün siyasi xəttini müəyyən edib. Prezident İlham Əliyevin siyasətininin dəstəklənməsi haqqında qərar qəbul etmişik. Təbii ki, seçkilərdə iştirak edən zaman düşündük ki, ötən parlament seçkilərində 46 namizədlə çıxış etmişik və heç bir namizədimiz uğur əldə etməmişdi. Ona görə də, çalışacağıq ki, bu il keçiriləcək parlament seçkilərində real namizədlərlə çıxış edək. Yəni, kimin seçilmək şansı böyükdürsə, onun da namizədliyini irəli sürək. Bu istiqamətdə müzakirələr gedir və qəti qərara gələcəyik.
Bildiyiniz kimi, öz nüfuzuna və sosial bazasının gücünə görə, Yeni Azərbaycan Partiyası lider partiyadır. Müxalifət partiyaları isə, həddən artıq zəifləmiş bir siyasi quruma çevriliblər. Heç şübhəsiz ki, bu seçkilərdə də xalqın inamını doğruldan hakim partiyanın qələbə qazanması şübhə doğurmur. Həmçinin, o da şübhə doğurmur ki, radikal müxalifət partiyaları bu dəfə də məğlub olacaq. Onu da nəzərinizə çatdırım ki, əgər YAP hakimiyyəti dəstəkləyən siyasi partiyalara blok yaratmaq təklifi verərsə, biz o zaman blok şəklində birləşməyə hazırıq. Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu ilin sonunda baş tutacaq parlament seçkiləri ədalətli şəkildə həyata keçiriləcək. Buna heç bir şəxsin şübhəsi olmasın.

Əli Oruc,
AMİP-in katibi:

- Onu qeyd etməliyəm ki, biz seçkidən öncə, AMİP-in qurultayına hazırlaşırıq. Bununla yanaşı, qarşıdan gələn parlament seçkilərinə də hazırlıq işləri görürük. Bir siyasi partiya olaraq, seçkilərdə aktiv iştirak etməyi düşünürük. Partiyamız namizədlərinin müəyyənləşdirərək, seçkilərə qatılacaq. Təbii ki, siyasi partiya olaraq, biz də seçkilərin ədalətli keçməsini və namizədlərimizin qalib gəlməsini arzu edirik.

Digər xəbərlər