ARAŞDIRMA
Beynəlxalq aləmdə turizmə dünya iqtisadiyyatının yuksək gəlirli və intensiv inkişaf edən sahələrindən biri kimi baxılır. Turistlərin ölkəyə cəlb olunması baxımından beynəlxalq aləmdə turizm sərgilərinin təşkili və keçirilməsi turist axınının artımına səbəb olan amillərdən biri hesab olunur. Qloballaşma və muxtəlif sivilizasiyaların qovuşması zamanında insanların fərqli mədəniyyətləri oyrənmək istəyi də turizmi stimullaşdırır. Və əsas stimullaşırıcı vasitərdən biri kimi beynəlxalq turizm sərgilərində ölkələr iştirak etməkdə maraqlıdır.
Azərbaycanda isə turizm sahəsində işlər 2007-2016-cı illər Azərbaycanda turizmin inkişafı Dovlət Proqramı layihəsi çərcivəsində aparılır. Layihə təsdiq olunandan sonra bu sahədə işlər daha geniş mərhələyə qədəm qoyub. Hazırda Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsində mühüm aktuallıq kəsb edir. Buna uyğun olaraq, milli turizm məhsulunun xarici turizm bazarlarına çıxışı və marketinq strategiyası dövlətin bu sahədə siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin aidyyatı instansiyasının üzərinə düşür. Ölkəmiz turizm potensialının tanıdılması və təbliği istiqamətində müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə təmsil olunur.
Milli turizm məhsulunun xarici turizm bazarlarına çıxışı və marketinq strategiyasına hesablanan beynəlxalq turizm sərgilərində Azərbaycanın iştirakı ildən-ilə genişlənir. Lakin buna baxmayaraq bir sıra hallarda Azərbaycan beynəlxalq turizm sərgilərində layiqincə təmsil olunmur. Turizm bazarı subyektlərinin qeyri-ciddi fəaliyyəti ölkəmizin nüfuzunu zəiflədir. Bu il ərzində sözügedən sahə üzrə ölkəmizin dünyada tanıdılması üçün yerli nümayəndə heyətimiz çoxsaylı beynəlxalq sərgilərdə iştirak edib.
Amma necə...
SİA-nın Moskva bürosunun verdiyi məlumata görə, Rusiyanın Moskva şəhərində martın 17-dən 20-dək beynəlxalq turizm sərgisində mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə Azərbaycanın turizm potensialı haqqında ətraflı məlumat vermək üçün pavilyon icarəyə götürülüb. Burada müxtəlif dillərdə nəşr olunan reklam-çap məhsulları və milli suvenirlərin nümayiş olunması nəzərdə tutulurdu.
Sözügedən sərgidə Azərbaycanı Azərbaycan Turizm Asosiasiyasının rəhbəri Nihad Bağırovun rəhbərliyindən ibarət nümayəndə heyəti təmsil edib. Lakin turizm bazarı subyektlərindən hesab olunan bu təşkilatın qeyri-ciddi fəaliyyəti və sərgidə Azərbaycana aid pavilyonu boş qoyması sərgi iştirakçılarını heyrətləndirib. Sual oluna bilər, əgər bu pavilyonda Azərbaycana aid turizm imkanlarını göstərən reklam-çap məhsulları və ya hər hansı bir turizm mütəxəssisinin olmaması nə məqsəd daşıyır?
Bununla yanaşı, azərbaycanlı təşkilatçıların qeyri-peşəkarlığı nəticəsində pavilyonda Azərbaycan yalnız bir bayraqla təmsil olunub. Təşkilatçılar isə bizə məlum olmayan "fəaliyyətlə" məşğul olublar.
Məsələ ilə əlaqədar mədəniyyət və turizm nazirliyindən verilən məlumatda bildirilir ki, Moskvada təşkil olunan beynəlxalq turizm sərgisində baş verənlərdən xəbərdarıq: "Qeyri-ciddi fəaliyyət nəticəsində Azərbaycana aid pavilyonun boş qalması bizdə narahtlıq yaradıb".
Belə sərgilərdən biri də Kiyevdə keçirilib. SİA-nın Kiyev bürosunun əməkdaşının foto fakt əsasında verdiyi məlumata görə, ölkəmizin turizm potensialının tanıdılması və təbliği istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə digər xoşagəlməz hal isə Ukraynanın paytaxtı Kiyev şəhərində 24-26 mart tarixlərində təşkil olunan beynəlxalq turizm sərgisində baş verib.
Azərbaycanın turizm potensialının təbliği məqəsdilə qatıldığı beynəlxalq turizm sərgisində də ölkəmiz layiqincə təmsil olunmaqda aciz qalıb. Belə ki, mədəniyyət və turizm nazirliyinin nümayəndələri - Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, Tədqiqat işi, statistika və lisenziyalaşdırma sektorunun aparıcı məsələhtçisi Seymur Həsənovun rəhbərlik etdiyi Azərbaycan pavilyonu sərgi müddətində fəaliyyətsiz qalıb.
Sərgi iştirakçıları Azərbaycanın turizm potensialı haqqında heç bir məlumat əldə edə bilməyib. Sərgidə ölkəmizin turizm potensialını əks etdirən stendlər nümayiş olunsada əlavə olaraq heç bir reklam-çap məhsulları paylanmayıb, Azərbaycana aid pavilyonu məsul şəxslər tərk edib, digər ölkələrin turizm potensialına tamaşa ediblər.
SİA-nın Kiyev bürosunun əməkdaşının da yaxından izlədiyi bu xoşagəlməz mənzərə 3 gün davam edib. Ara-sıra pavilyona gələn məsul şəxslər burada iştirakçılara Azərbaycanın turizm potensialı və mövcud vəziyyət haqqında heç bir məlumat verməyiblər. Sadəcə bir iştirakçı kimi iştirak edib geri dönüblər.
Məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimova qeyd olunan faktları təkzib edərək bildirdi ki, Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil olunan beynəlxalq turizm sərgisində Azərbaycan yüksək səviyyədə təmsil olunub. Onun sözlərinə görə, bu sərgi əhəmiyyətinə görə, xüsusi diqqət mərkəzində olub, nazirliyinin 2 nəfər məsul şəxsi sərgidə yaxından iştirak edib: "Bununla bağlı nazirliyə hər hansı bir xoşagəlməz məlumat daxil olmayıb".
Çəkilən fotolara gəlincə isə nazirlik rəsmisi qeyd edib ki, bu fotolar sərginin sonuncu günü çəkildiyindən bizim əməkdaşlarımız orada ya olmayıb ya da nahar fasiləsində ola bilər.
Qeyd edək ki, sərginin davam etdiyi iki gün ərzində Azərbaycanın adı olan lövhə diqqətdən kənarda qalıb. Azərbaycanın maddi və mədəni sərvəti ilə maraqlanan yerli sakinlər məlumatsız qalıb. Sərgidə iştirak edən nümayəndələr tərəfindən ölkəmizin turizm potensialını təbliğ edən müxtəlif reklam-çap məhsulları Azərbaycan lövhəsini ziyarət edənlərə təqdim olunmayıb.