PDF Oxu

Sosial

  • 14

Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil

Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil
Bu həftə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində yeni hadisələrin cərəyan etməsi ilə yadda qaldı. Belə ki, bir neçə gün bundan öncə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu barədə verdiyi açıqlamada Madrid prinsiplərinin yenilənmiş variantının mərhələli həll planını açıqladı. Onun sözlərinə görə, bu həll planına əsasən, ilk olaraq, 5 rayon və Laçının 13 kəndi qaytarılmalı, daha sonra isə, Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirilməlidir.
Lakin xarici işlər nazirinin bu açıqlamasından sonra Ermənistan tərəfi belə bir variantla razı olmadığın bəyan edib və danışıqlar prosesinin Azərbaycan tərəfindən təhrif olunduğun bildirib. Əslində, belə bir halın müşahidə olunması təəccüblü deyil. Çünki ermənilərin danışıqlar prosesinə mane olduğunu və tez-tez həlledici məqamlarda geri çəkildiyini əvvəllər də müşahidə etmişik. Minsk Qrupunun həmsədrlərinin tərəflərdən aldığı təkliflər əsasında Madrid prinsiplərinin yenilənmiş variantının tərəflərə təqdim olunması və prezidentlərin növbəti görüşünü təşkil etmək üçün mart ayının sonu - aprel ayının əvvəllərində regiona səfər edəcəyi barədə də məlumat yayılıb. Yeri gəlmişkən, Minsk Qrupunun da fəaliyyətinin qənaətbəxş olmaması barədə cəmiyyətimizdə yayılan fikirlər həmsədr ölkələrin yürütdüyü ermənipərəst siyasətin bariz təzahürüdür. Danışıqlar prosesindəki cari vəziyyət, Minsk Qrupunun fəaliyyəti və gələcək perspektivlər barədə bizimlə fikirlərini bölüşən politoloq Elman Nəsirov bildirdi ki, Ermənistan öz ənənəvi danışıqlar taktikasını davam etdirməklə vaxtı uzatmaq, status-kvonun saxlanılmasına nail olmaq istəyir. "Madrid prinsipləri deyilən prinsiplər, əslində, Praqa prosesinin davamı deməkdir. Madrid prinsiplərində söhbət münaqişənin mərhələli həll variantından gedir. Bu prinsiplər 2007-ci ilin noyabr ayında irəli sürüləndən bəri oraya xeyli düzəlişlər edilib. Hər dəfə də Minsk Qrupu Azərbaycan və Ermənistan tərəflərinə öz təkliflərini vermək barədə xahiş etmişdir. Hər xahişdən sonra da artıq yeniləşmiş Madrid prinsipləri versiyası ortaya çıxır və yeniləşmiş bu versiyaya Azərbaycan prinsip etibarilə öz razılığını verib. Ermənistan tərəfi isə xeyli vaxtdır bunu yubadıb və artıq bəllidir ki, Ermənistan da öz təkliflərini verib. İndiki vəziyyətdə Ermənistanın təkliflərinin nədən ibarət olduğu, hələ ki, bəlli deyil. Amma Azərbaycan xarici işlər naziri bu məsələ ilə əlaqədar bildirdi ki, indiki mərhələdə danışıqların əsas predmeti odur ki, ilk olaraq, 5 rayon və Laçının 13 kəndi qaytarılmalıdır. Lakin bu məsələyə Ermənistanın mövqeyi necədir? Yeniləşmiş Madrid prinsiplərində bu, öz əksini tapıbmı? Bu kimi məsələlər, hələ ki, açıq qalıb. Ancaq adətən, Azərbaycan tərəfinin bu tipli bəyanatlarından sonra heç özünü gözlətmədən Ermənistan tərəfinin bəyanatları gəlir və həmin bəyanatların təxminən məzmunu belə olur ki, hazırkı vəziyyətdə heç bir halda, 5 və ya 7 rayonun taleyi müzakirə mövzusu deyil, bütün danışıqlarda, guya ki, əsas mövzu Dağlıq Qarabağın statusudur. Halbuki Madrid prinsiplərinə görə, status məsələsi sonrakı məsələdir. Bu prinsiplərə görə, Dağlıq Qarabağın aralıq statusu müəyyənləşməlidir. Ermənistan isə tamamilə bunun əksini söyləyir və yenidən danışıqlar prosesinə mane olur. Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan öz ənənəvi danışıqlar taktikasını davam etdirməkdədir. O, vaxtı uzatmaq və status-kvonun saxlanılmasını istəyir. Azərbaycan da bu vəziyyəti dəyərləndirir və Azərbaycan Prezidentinin də dediyi kimi, bu vəziyyətdə yeganə çıxış yolu odur ki, biz güclənməliyik. Güclənmiş Azərbaycan artıq müasir dünyanın dili ilə - güc dili ilə danışanda, onu hamı yaxşı başa düşür. Bu reallığı dərk etməli və ondan irəli gələn addımları atmalıyıq."
Minsk Qrupunun həmsədrləri və onların fəaliyyəti ilə bağlı da fikirlərini bölüşən E.Nəsirov indiki vəziyyətdə Minsk Qrupu vasitəsilə danışıqların aparılmasının daha münasib olduğunu bildirdi. "Minsk Qrupunun həmsədrlərinin kimliyinə baxdıqda, onların üçünün də hansı bir beynəlxalq institutu götürsək, orada da hakim mövqeyi təşkil etdiklərini görərik. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü onlardır, ATƏT, Avropa Birliyi və Avropa Şurasının əsas aparıcı üzvləri də bu ölkələrdir. Lakin buna baxmayaraq, bu təşkilatlarda Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul olunmuş qərarlar icra olunmur. Belə olan təqdirdə, beynəlxalq təşkilatlara inanıb, onların münaqişəni həll edəcəyinə ümid bəsləmək düzgün deyil. Son zamanlar baş verən hadisələrə diqqət yetirəndə, demək olar ki, Minsk Qrupunun fəaliyyəti, həqiqətən də, fəaliyyətsizlikdir və bunun fəaliyyətsizlik olmasını Azərbaycan tərəfi çoxdan bəyan edib. Amma bu günlərdə ATƏT-in Parlament Assambleyasının sədri J.Suareş regionda səfərdə olarkən, belə bir ifadə işlədib ki, beynəlxalq təşkilatların bu problemi həll edəcəklərinə çox da ümid bəsləməyin, ATƏT-in Minsk Qrupu 15 ildir ki, problemin həlli ilə məşğuldur və hələ ki, heç bir nəticəyə nail olmayıb. Bu, ilk dəfədir ki, ATƏT-in ən yüksək rəsmilərindən biri özü etiraf edir ki, ATƏT-in Minsk Qrupunun 15 illik fəaliyyətinin heç bir nəticəsi yoxdur və beynəlxalq təşkilatlara etibar etməyin. Cənab Prezident İlham Əliyev də Qəbələdə olarkən, qaçıqın və məcburi köçkünlərlə görüşündə açıq şəkildə qeyd etdi ki, beynəlxalq hüquq işləmir, hazırkı dünyanın reallığı bundan ibarətdir, problemləri beynəlxalq hüquq qaydaları həll etmir və indiki vəziyyətdə yalnız güclənmək lazımdır. Əgər Prezident deyirsə ki, beynəlxalq hüquq işləmir, bu, o deməkdir ki, beynəlxalq hüququn mühüm institutlarından olan elə ATƏT-in özü və onun Minsk Qrupu işləmir. Belə olan vəziyyətdə, danışıqlar prosesinə olan ümidlər azalmış olur, baxmayaraq ki, regiona mart ayının sonu, aprelin əvvəlində həmsədrlərin səfəri gözlənilir. Artıq bir çox mətbuat orqanlarında belə fikirlər yayılmağa başlayıb ki, səfər zamanı prezidentlərin növbəti görüşünün təşkilinin müzakirə olunması və bu görüşün keçirilmə məkanının Paris olması istis etmir.
İndiki vəziyyətdə bu reallıqların hamısını dərk etmək və illüziyalara qapılmamaq lazımdır. Hər hansı bir kənar qüvvənin bizim tərəfimizə keçib, bizi müdafiə edəcəyi ilə bağlı belə emosional düşüncələrə qapılmaq lazım deyil. Real siyasətin davamçısı olub, bugünkü dünyanın qaydaları ilə hərəkət etmək lazımdır. Bilmək lazımdır ki, beynəlxalq ictimaiyyət, həmçinin, həmsədrlər maraqlı olsalar, yəni onların maraqları bunu tələb etsə, Təhlükəsizlik Şurasının 4 qətnaməsini elə bir səviyyəyə gətirəcəklər ki, sanki dünyada ondan başqa heç bir hüquqi sənəd yoxdur. Yəni bugünkü dünyanın reallığı bundan ibarətdir. Bu reallığı dərk etmək və bu reallıqdan çıxış edərək güclənmək və güclü müttəfiqlər tapmaq lazımdır. Belə bir sual yaranır ki, əgər doğrudan da, dünyanı güc idarə edirsə, onda bəlkə təkcə Minsk Qrupundan deyil, ümumilikdə, beynəlxalq təşkilatlardan bu münaqişənin həllində oynayacağı roldan imtina etmək lazımdır? Məsələ ondan ibarətdir ki, bu yol da əlverişli deyil. Əgər biz beynəlxalq təşkilatlardan imtina etsək, onda bütün dünya və həmin təşkilatlar başlayacaq bizi ittiham etməyə ki, guya biz prosesi pozuruq və daha aqressivik. Ona görə də, elə görüntü yaratmaq daha yaxşıdır. Yəni elə Minsk Qrupu çərçivəsində danışıqlardan imtina edilmir, amma bununla yanaşı, güclənərək müharibəyə hazırlaşırıq. Amma danışıqlardan imtina etsək, bu halda, ya biz danışıqlardan imtina edib, müharibəyə başlayırıq, ya danışıqlardan imtina edib müharibəyə hazırlaşırıq, ya da, ümumiyyətlə, danışıqlardan imtina etmirik və indiki vəziyyəti saxlayırıq. Mənə elə gəlir ki, indiki vəziyyəti saxlamaq daha vacibdir. Amma indiki vəziyyəti saxlayıb, danışıqları davam etdiririk görüntüsünü beynəlxalq aləm üçün yaradırıq, digər yandan da müharibəyə hazırlaşırıq. Danışıqlardan imtina edilməsi bizim üçün müsbət nəticə verməyəcək."

Digər xəbərlər