Azərbaycan İctimai Televiziyası türkdilli xalqların daha da yaxınlaşması istiqamətində böyük işlər görür
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatına əsasən, Qırğızıstandakı Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (AİTRY) baş direktoru İsmayıl Ömərov türkdilli xalqların ədəbiyyatının və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə, bu qurumun akademiki seçilib.
AİTRYŞ-dən "Səs"-ə verilən məlumata görə, Beynəlxalq Aytmatov Akademiyasının prezidenti Abdıldacan Akmataliyev bildirib ki, Azərbaycan İctimai Televiziyası türkdilli xalqların daha da yaxınlaşması istiqamətində böyük işlər görür və bu sahədə daha sanballı uğurlar əldə olunacaq. Bu telekanalda həftədə 6 gün efirə çıxan "Yeni gün" proqramı əvvəllər Azərbaycan və Türkiyəni birləşdirirdisə, indi həmin telekörpüyə həftənin 3-cü günləri Qırğızıstan televiziyası da qoşulur. Bunun sayəsində biz kökü bir olan xalqlarımızın ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında daha çox öyrənə bilərik".