PDF Oxu

Sosial

  • 9

ABŞ Konqresindən tarixi səhv və xəyanət

ABŞ Konqresindən tarixi səhv və xəyanət
"ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" haqqında qərar qəbul etməsi türk dünyasına xəyanət olmaqla bərabər, ABŞ kimi bir ölkənin demokratikliyinə, insan hüquq və azadlıqlarına hörmət etməsinə şübhə doğurur".
Bu fikirləri bizimlə söhbət əsnasında YAP üzvü, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev bildirdi. Millət vəkili onu da vurğuladı ki, olmayan bir hadisənin, yalan və riyakarlıqlara əsaslanan məlumatların nümunə, fakt kimi qəbul edilməsi ABŞ Konqresinin kiminsə, hansısa bir qüvvənin təsiri altında fəaliyyət göstərdiyini sübut edir: "Bu layihənin müzakirədən keçirilməsi Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vurmaqla on milyonlarla türkün heysiyyatına toxunmaq, tarixi həqiqətləri saxtalaşdırmaq, müsəlman aləmini təhqir etmək deməkdir. Türkiyə ilə daim bir olan, türk xalqını özünə qardaş hesab edən, əsrlərlə erməni təcavüzünə məruz qalan, bir milyondan artıq qaçqın və köçkünü olan, torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan xalqı bu ədalətsizliklə heç cür barışa bilməz.
T.Rzayevin sözlərinə görə, Konqresdə Berman kimi siyasətçilər ABŞ Konqresini dünyanın gözü qarşısında rüsvay etməklə, təmsil olunduqları xalqı, dövləti hörmətdən salmaq yolunu tutublar: "Onlar "erməni soyqırımı"nı müzakirə etməyi əxlaqi məsuliyyət hesab etsələr də, bilmirlər, başa düşmürlər ki, olmayan yalanlara həqiqət donu geyindirmək, tarixi həqiqətləri danmaq təcavüzə məruz qalanı təcavüzkar hesab etmək özü əsil əxlaqsızlıq, nadanlıqdır. Belə hallar, Türkiyəyə qarşı düşmən münasibəti Azərbaycan-ABŞ əlaqələrinə də kölgə salır və Azərbaycan xalqı öz qan qardaşlarını müdafiə etmək üçün, sözsüz ki, heç nədən çəkinməyəcək. Çünki Türkiyə-Azərbaycan birliyi bu xalqları düşmənlərdən xilas etməyə, hər cür böhtanlara, yalanlara, əzab və əziyyətlərə qalib gəlməyə, düşmənlərimizi susdurmağa qadirdir".
Millət vəkili, onu da vurğuladı ki, biz Türkiyə ilə həmişə birik və bir olacağıq: "Bunu ABŞ-ın dövlət rəhbərləri, siyasətçiləri də bilməmiş deyillər. Elə bilirəm ki, qondarma "erməni soyqrımı"nın tanınması Türkiyədən daha çox ABŞ-ın özünə ziyan gətirəcək, dünyada onun imicinə ağır zərbə vuracaq. Çünki bu qərar Qafqazda sabitliyin pozulmasına, müharibənin qızışdırılmasına rəvac verən bir qərardır. ABŞ-ın Türkiyəni itirməsi onun iqtisadi, hərbi qüdrətinə, beynəlxalq nüfuzuna böyük zərbə vurmaqla bərabər, həm də türk dünyasını itirməsi deməkdir. Çünki bu gün dünya artıq erməni yalanlarından bezib, bütün islam ölkələri, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası Parlament Assambleyası Ermənistanı təcavüzkar bir ölkə kimi qiymətləndirdikləri halda, ABŞ Konqresinin "erməni soyqırımı"nı gündəmə gətirməsi, bir qrup erməninin təsiri altına düşərək tarixi faktlara əsaslanmayan saxta qərarlar qəbul etməsi nəinki Türkiyə, eləcə də, Amerika xalqının mənafeyinə, beynəlxalq hüquq normalarına, demokratiyaya və insanlığa ziddir".

Digər xəbərlər