PDF Oxu

Sosial

  • 12

ABŞ Konqresinin buraxdığı tarixi səhv

ABŞ Konqresinin buraxdığı tarixi səhv
Nəhayət ki, qəbul olundu. Əlbəttə ki, söhbət ermənilərin Türkiyəyə qarşı qaldırdığı qondarma erməni soyqırımı iddiasından gedir. Bununla bağlı qətnamə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində müzakirə olunaraq səsverməyə qoyuldu və bir səs çoxluğu ilə qəbul olundu. Əvvəlcədən məsələnin müzakirə olunacağı gözlənilsə də onun qəbul olunmayacağına ümidlər var idi.
Amerika kimi bir ölkədə bu cür saxta bir faktın qəbul olunması inandırıcı görünmürdü. Obama adminstrasiyasının da əvvəlcədən Konqresə bununla bağlı müraciətində qondarma erməni soyqırımı ilə bağlı qərar layihəsinin müzakirəsinin ertələnməsi tövsiyə olunub. Bu qanunun qəbul olunacağı təqdirdə ABŞ və Türkiyə arasında ikitərəfli əlaqələrə zərər gələcəyini də ABŞ Dövlət katibi H.Klinton bildirmişdi. Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, qətnamə qəbul olundu.
Türkiyə dövləti isə qərar layihəsinin qəbul olunacağı təqdirdə ABŞ-dakı səfirini geri çağıracağını bildirmişdi. Belə də oldu. Qərar layihəsi qəbul olunan günün səhəri Türkiyənin ABŞ-dakı səfir geri çağırıldı. Bu rəsmi olaraq Türkiyə dövlətinin mövqeyidir. Qərar layihəsinin qəbul olunmasından dərhal sonra öz münasibətini bildirən Türkiyə prezidenti A.Gül qərarı təəssüflə qarşıladığını bildirib. Bununla yanaşı, o, bu səsvermənin səbəb ola biləcəyi mənfi nəticələrdən Türkiyənin məsuliyyət daşımadığını qeyd edib. A.Gül hesab edir ki, qərar Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına, xalqlar arasında daimi dostluq münasibətlərinin yaranması prosesinə zərər yetirəcəkdir. Həqiqətən də ABŞ-ın Cənubi Qafqazla bağlı apardığı siyasəti ilə Konqresdə qəbul olunan qərarın tamamilə bir-birinə zidd olduğu nəzərə çatdırılmalıdır. Əgər ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını isəyirdisə onda nəyə görə iki ölkə arasında mövcud olan ziddiyyətin daha da böyüməsinə şərait yaradır. Çox ziddiyyətli və anlaşılmaz məqamdır. Türkiyə prezidentinin də dediyi kimi, bu qərar layihəsi gələcəkdə daha böyük problemlər yarada və mənfi nəticələrə səbəb ola bilər.
Türkiyə parlamentinin sədri M.Ə.Şahinin də dediyi kimi, parlament tarix deyil, qanun yazmalıdır. TBMM sədri bu hadisəni tarixi səhv adlandırmaqla ABŞ parlamentindən öz səhvlərini düzəltməyi gözlədiklərini bildirib.
Türkiyə xarici işlər nazirliynin rəhbəri Ə.Davudoğlu isə, məsələyə münasibət bildirərkən, keçirilən səsvermənin çox yalnış və gülünc olduğunu qeyd etməsi maraq doğurub. Belə ki, Ə.Davudoğlu bu cür tarixi məsələnin belə qeyri ciddi bir səsvermə ilə müzakirə olunmasının yolverilməz olduğunu bildirib. O, həmçinin, qeyd edib ki, bunun vasitəsilə Türkiyəyə qarşı heç bir təsir və yaxud təzyiq etmək olmaz.
Öz növbəsində, Azərbaycan dövləti və ictimaiyyəti də bu yalnış qərara münasibətini bildirib. Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan hökumətinin Konqresin bu qərarını pislədiyini, onun birtərəfli, ermənipərəst və ədalətsiz qərar olduğunu bildirib və bu məsələnin parlamentlər tərəfindən deyil, tarixçilər tərəfindən tədqiq olunmasının daha münasib olduğunu qeyd edib.
Dünən Azərbaycan parlamentinin iclasında bu məsələyə münasibət bildirilərək qərar layihəsinin qəbuluna kəskin etiraz edilərək ABŞ Konqresinə etiraz müraciətinin hazırlanması qərara alınıb. Belə bir təşəbbüslə məhz Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edib. Konqresə müraciət olunması üçün xüsusi bəyanatın da hazırlanması qərara alınıb. Bəyanatın mətninin hazırlanması üçün isə 5 nəfərlik işçi qrupunu yaradılması nəzərdə tutulub. Təbii ki, bütün bunlar Azərbaycan - Türkiyə müttəfiqliyinin təzahürləridir.
Qeyd edək ki, əvvəllər bu məsələ ilə bağlı müəyyən bənzər hallar baş vermişdi. Son dəfə isə 2007-ci ildə belə bir qərar layihəsinin qəbul olunmasına cəhd göstərilsə də ABŞ prezidentinin buna müdaxiləsi ilə məsələ müzakirədən çıxarılmışdı. ABŞ-ın Türkiyə ilə münasibətləri hər zaman yüksək qiymətləndirməsi onun qondarma erməni soyqırımını qəbul etməsinə mane olub. Hazırda isə bu münasibətlər xüsusilə yüksək əhəmiyyət kəsb edir və bunun hansısa bir qondarma soyqırımı iddiasına görə pozulması da gözlənilimir. Qərar layihəsinin Xarici Əlaqələr Komitəsində qəbul olunmasına baxmayaraq, onun Senatdan keçməyəcəyinə inananlar daha çoxdur. Çünki qərarın qəbul olunacağı təqdirdə ABŞ-ın Orta Asiyada, Cənubi Qafqazda mənafeyinin yeganə dayağı olan Türkiyənin itiriləcəyi nəzərə alınmalıdır. Bu isə ABŞ-ın xüsusi marağı olduğu ölkələrdə İraqda, Əfqanıstanda onun maraqlarının təminatçısı kimi çıxış edən bir ölkənin itirilməsi deməkdir. Bununla yanaşı, bu qararın qəbulu ABŞ rəhbərliyinin apardığı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması siyasətinin qırılması deməkdir. Bu isə daha böyük qalmaqallara səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, qərar layihəsinin gələcək müzakirələri daha səmərəli və tarixi faktlara uyğun olaraq keçiriləcək. ABŞ prezidentinin 24 aprel çıxışı öncəsi keçiriləcək bu müzakirələrdə hansı qərarın qəbul olknacağı çox vacibdir və prezidentin çıxışına da öz təsirini göstərəcəkdir. Artıq burada erməni lobbisinin hələ ki, öz işini layiqincə yerinə yetirdiyini demək olar. Hər halda Xarici əlaqələr komitəsində müzakirə olunan qərar layihəsinin qəbul olunmasını məhz bu amillə bağlamaq olar. Ermənilərin uydurduqları saxta tarixin tanıdılması məhz erəmni lobbisinin fəaliyyəti nəticəsində mümükün olmuşdur.
İndi isə son söz ABŞ Konqresinin və Senatınındır. Onların verəcəyi qərar daha əhəmiyyətli və mühüm olacaqdır. Onlar isə bu qərarı səverməyə qoymazdan öncə daha ətraflı müzakirə etməli və ABŞ-ın maraqlarını nəzər almalıdırlar. Belə olmayacağı təqdirdə ABŞ özünün ən güclü müttəfiqini itirmiş olacaq.

Digər xəbərlər