Naxçıvan Muxtar Respublikası Daimi Nümayəndəliyi yeni məlumat yayıb
Naxçıvan Muxtar Respublikasının Bənəniyar kəndi yenidən müxalifət mətbuatının gündəliyinə çıxarılmışdır. "Azadlıq" qəzetinin rəsmi internet saytında bu məsələ ilə əlaqədar müxtəlif başlıqlar altında iki məlumat yerləşdirilmişdir. İstinad olunan mənbələr - "Turan" İnformasiya Agentliyinin bölgədəki üzdəniraq müxbiri Məlahət Nəsibova və insan hüquqlarının müdafiəçisi adı altında dəllallıqla məşğul olan Leyla Yunusdur.
"Azadlıq" qəzetinin "Turan"ın bölgə müxbirinə istinadla verdiyi məlumatda bildirilir ki, "Keçən il dekabrın 28-dən etibarən ötən iki ayda Naxçıvanın Bənəniyar kəndində aşura mərasimi ilə bağlı sakinlərə edilən təzyiqlər nəticəsində 4 nəfər - Fərzalı Əliyev, Əliyar Əliyev, Eldəniz Cəbiyev və Rza Nuriyev vəfat edib, bir nəfər - Əli Rəhimov hələ də ağır xəstədir". Leyla Yunus isə "Bənəniyar hadisələri zamanı işgəncədən artıq dörd nəfərin dünyasını dəyişdiyini" deyərək bu faktların hüquq-müdafiə təşkilatlarının hesabatlarına salınacağı ilə təhdid edir.
Bəs əslində nə baş verib? Faktların təhlili göstərir ki, ötən ilin dekabrından bu günə kimi həmin kənddən dünyasını dəyişən insanların hamısı işgəncə qurbanları kimi qələmə verilir. Bir qayda olaraq yoxlanılmamış və əsassız materiallar dərc edən "Azadlıq" qəzetində iddia olunur ki, Fərzali Əliyev işgəncə qurbanıdır. Əslində isə 1969-cu il aprelin 1-də Bənəniyar kəndində anadan olan Əliyev Fərzalı Əli oğlu səkkiz ay əvvəl ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orada yaşamış və tikintidə çalışmışdır. Ürəyindən şikayətləri olmuş, iki dəfə gizli infarkt keçirmişdir. 2010-cu il yanvarın 15-də ürək şikayəti ilə Bakı şəhərindəki Sabunçu Rayon Xəstəxanasına yerləşdirilmiş, orada infarkt xəstəliyindən vəfat etmişdir. "Azadlıq" qəzetinin "işgəncə qurbanları"nın siyahısında Əliyar Əliyev adlı şəxsin də adı var. Əslində soyadı qeyd olunduğu kimi Əliyev yox, Həsənov olan Əliyar Tahar oğlu Həsənov 1964-cü il iyulun 1-də Bənəniyar kəndində anadan olmuş, Rusiya Federasiyasının Saratov şəhərində yaşamış, böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş, uzun müddət Bakı şəhərində müalicə almışdır. Böyrək çatışmazlığı problemi ilə bağlı həmin şəxsdə karlıq və qaraciyər xəstəliyi yaranmış, 2010-cu il yanvarın 18-də kəskin böyrək çatışmazlığından vəfat etmişdir.
"Azadlıq" qəzeti xərçəng xəstəliyindən dünyasını dəyişmiş Bənəniyar kənd sakini mərhum Cəbiyev Eldəniz Məhəmməd oğlunu da "işgəncə qurbanları" sırasına daxil etmişdir. 1975-ci il sentyabrın 22-də Culfa rayonunun Bənəniyar kəndində anadan olan Eldəniz Cəbiyevə 2009-cu ilin avqust ayında ağ ciyər xərçəngi diaqnozu qoyulmuşdur. Naxçıvanda, Bakıda və İran İslam Respublikasında müalicə olunmuşdur. 02-24 yanvar 2010-cu il tarixində müalicə almaq məqsədilə İrana getmiş, Təbrizdə "Şəhriyar" xəstəxanasında müalicə almış, səhhəti ağırlaşdığından kəndə gətirilmiş və 6 fevral 2010-cu il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. "Azadlıq" qəzeti və ona məxsus böhtançı kampaniyası işgəncə qurbanları siyahısında Rza Nuriyevin də adını hallandırırlar. Bildiririk ki, Culfa rayon Bənəniyar kənd sakini 1948-ci il təvəllüdlü Nuriyev Rza İbrahim oğlu 23 fevral 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Kardioloji Dispanserinə gətirilmiş və onda kardiogen şok, II dərəcə şəkərli diabet diaqnozu təsdiq edilmiş, təcili tədbirlər görülmüşdür. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq Rza Nuriyev kəskin ürək-damar çatışmazlığından və yüksək şəkərdən vəfat etmişdir. Qəzetin adı çəkilən məqaləsində Bənəniyar kənd sakini Rəhimov Əli Qəzənfər oğlunun da guya işgəncə nəticəsində xəstəlik tapdığı iddia edilir. Əslində isə Qəzənfər Rəhimov 1989-cu ildə beyin insultu keçirmişdir. Həmin dövrdən birinci qrup əlildir. Bədəninin sağ tərəfi iflic vəziyyətindədir. Öz əcəli ilə dünyasını dəyişmiş, yaxud xəstəlik taparaq əlil olmuş insanları "işgəncə qurbanları" kimi hüquq-müdafiə təşkilatlarının hesabatlarına saldırmaq istəyənlərin çirkin niyyəti və mənəviyyatsızlığı göz qabağındadır. Hətta bu insanlar xəstə təxəyyülləri nəticəsində o dərəcədə reallıq hissini itirmişlər ki, bundan əvvəlki yazılarında Bənəniyar kənd sakini Nadir Ələkbərovu da "işgəncə qurbanları" sırasına daxil etmişlər. 1958-ci ildə Bənəniyar kəndində anadan olan Nadir Qadir oğlu Ələkbərov 1976-cı ildə hərbi xidməti bitirdikdən sonra yaşayış yeri kimi Rusiya Federasiyasını seçib, orada qalıb. Voloqda şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nadir Ələkbərov 2010-cu il fevralın 3-də Voloqda şəhərində vəfat edib, orada dəfn olunub. Valideyinləri mərhuma Bənəniyar kəndində yas saxladığından bu fakt da "hüquq müdafiəçilərinin" işinə yarayıb və Nadir Ələkbərov "işgəncə qurbanları" siyahısına düşüb. "İşgəncə qurbanları" siyahısına daxil edilən Eldəniz Cəbiyevin ailəsi isə vəfat edən insanların acısından öz məqsədləri naminə istifadə edənlərə yerini göstərmək, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bir daha bildiririk ki, əsassız ittihamlarla başlanan kampaniya reallığı əks etdirmədiyindən muxtar respublika sakinləri tərəfindən nifrətlə qarşılanır və rədd edilir.