Amerikalı konqresmen Azərbaycana qarşı səhv bəyanat verib
Bu günlərdə ABŞ Konqresində "qondarma erməni soyqırımı"nın müzakirəsinin keçirilməsi məlumdur. Bununla bağlı hazırlıq işləri artıq bir müddət bundan öncə görülüb. Hətta Konqresin xarici işlər komitəsinin 150 üzvünün bu soyqırımını tanıması barədə bəyanat da verilmişdir. Hər il keçirilən bu müzakirələrin adət halını alması və bu il də bunun növbəti dəfə keçirilməsi təəccübləndirici olmasa da, çox əhəmiyyətsizdir.
Belə ki, heç bir tarixi faktda əks olunmayan və yalnız ermənilərin uydurmasından ibarət olan bu hadisənin müzakirə olunması konqresmenlərin öz vaxtlarını boş yerə itirməsi ilə izah olunur. Son zamanlar isə ABŞ konqresmenlərinin Türkiyəyə qarşı yalançı soyqırımı iddiası qaldırması ilə yanaşı, Azərbaycana qarşı da belə meyillərin yaranması müşahidə olunmaqdadır. Belə ki, fevral ayının 22-də 1988-ci il Sumqayıt hadisələrinin növbəti ildönümü ərəfəsində amerikalı konqresmen Adam Şiff yeni bir iddia ilə çıxış edib. O, hadisə ilə bağlı verdiyi bəyanatda bu hadisənin ermənilərə qarşı həyata keçirilən soyqırımı olduğunu bildirməklə yanaşı, qeyd edib ki, guya bu cinayəti törədən azərbaycanlılar hələ də öz cəzalarını almayıblar. Konqresmenin sözlərinə görə, rəsmi Bakı bu hadisəni dünya ictimaiyyətindən gizlətməyə çalışsa da, hadisənin canlı şahidləri var. Hadisələrin həqiqi tarixindən xəbəri olmayan amerikalı konqresmen fikirlərinə görə guya bu hadisə milli azlıqlara qarşı daha geniş təcavüzə və sonda müharibənin yaranmasına gətirib çıxarmışdır. Qeyd edək ki, A.Şiffin bəyanatı ABŞ Konqresinin iclas və müzakirələrinin rəsmi hesabatına daxil ediləcək.
1988-ci ilin 22 fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən həyata keçirilən qanlı hadisələrin ABŞ konqresmeni tərəfindən belə təqdim olunması, həqiqətən də, çox təəssüfləndirici haldır. Onun yalnız erməni mənbələrinə söykənərək, belə bəyanatlar verməsi heç də məntiqli deyil. Çünki məhz Sumqayıt hadisələrinin təşkilatçısı olmuş erməni Paruyr Ayrikyan adlı şəxsin hadisələrin ermənilər tərəfindən həyata keçirilməsini etiraf etməsi, bir daha onu göstərir ki, ermənilər öz mənbələrində qondarma erməni soyqırımı kimi bu tarixi də saxtalaşdırmışlar. Bu hadisələrin Yerevan və Moskva tərəfindən həyata keçirilməsi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov tərəfindən də etiraf edilmişdir. Bu hadisə, məhz ermənilər və rusların xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir. Lakin bütün bunlara baxmayaraq, hadisələrin törədicisi kimi məhz azərbaycanlılar günahlandırılmış və hətta onlara başçılıq edən şəxs kimi bir nəfər azərbaycanlı edam edilmişdir. Bu tarixi faktların mövcud olmasına baxmayaraq, amerikalı konqresmenin onlarla tanış olmadan fikir yürütməsi və səhv bəyanat verməsi heç də normal hal deyil. Bunu Azərbaycana qarşı məqsədyönlü şəkildə atılmış iftira kimi qiymətləndirmək daha düzgün olardı. Yəni A.Şiff bu qədərmi tarixi hadisələrdən və faktlardan bixəbərdir? Axı o, hər hansı bir ölkənin deyil, məhz demokratiyanın beşiyi sayılan Amerikanın konrqesmenidir. Əslində, onun belə bir bəyanat verməsi üçün bütün tarixi faktları araşdırması və müqayisəli şəkildə öz bəyanatını verməsi daha düzgün olardı. Lakin görünür, ermənilərəin uydurduqları tarix ona daha xoş gəldiyindən konqresmen buna ehtiyac duymayıb. Onun hadisənin erməni şahidlərinin olması, onların bu barədə daha doğru məlumat verməsi barədə fikirləri də heç bir məntiqə sığmır. Çünki məlum olduğu kimi, bu hadisə Azərbaycan şəhəri olan Sumqayıtda baş verib və burada yaşayan əhalinin çox hissəsi də azərbaycanlılardan ibarət olub. Qanlı hadisənin törədilməsi üçün Sumqayıtın seçilməsi də təsadüfi deyil. Çünki bu dövrdə Ermənistan ərazisindən 4 mindən çox azərbaycanlı məhz Sumqayıta köçürülmüşdü. Bu insanlar isə ermənilərin əlindən qəzəbli idilər. Bütün bunları nəzərə alan ermənilər öz planlarını məhz Sumqayıtda həyata keçirdilər.
O ki qaldı şahidlərə, 1988-ci ildə baş vermiş hadisələri öz gözləri ilə görən və bu haqda daha ətraflı məlumata malik olan azarbaycanlıların olması da məlumdur. A.Şiffin isə onlarla görüşmək və onları dinləməkdə marağı yoxdur. Yalnız Azərbaycan və azərbaycanlıların boynuna heç bir tarixi faktla əsaslandırılmamış iftiraları atmaq konqresmen üçün daha rahatdır. Hadisəni törədənlərin özlərinin bu hadisənin heç də keçmiş SSRİ və Ermənistan mənbələrində göstərildiyi kimi deyil, tamamilə başqa cür olmasını etiraf etməsi barədə verdikləri açıqlamalar da amerikalı konqresmen tərəfindən nəzərə alınmamışdır. Görünür, bu da ABŞ-dakı erməni lobbisinin növbəti fəaliyyətinin nəticəsidir.