Qadınlar cəmiyyətin avanqard hissəsidir
Dünən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Daşkəsən rayon icra hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev qadınları əlamətdar gün münasibətilə təbrik etdi. M.Yolçuyev ölkənin uğurlu iqtisadi-siyasi inkişafında qadınların həmişə öndə getdiyini söylədi və bildirdi ki, ötən ilin sonunda keçirilən yerli özününidarəetmə orqanlarına seçkilərdə qadınlar əvvəlki illərə nisbətən çoxluq təşkil etdi: "Bəzən fikirləşirlər ki, ictimai-siyasi işlərdə kişilər çoxluq təşkil etməlidir. Bu, düzgün fikir deyil. Çünki bu gün kişilərlə qadınlarımız arasında fərq yoxdur. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də ictimai xadim ola bilir".
M.Yolçuyev YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolunun olduqca böyük olduğunu vurğuladı.
Bayram tədbirində İ.Nəsimi adına 1 saylı şəhər orta məktəbin müəllimi, YAP Daşkəsən rayon təşkilatının şura üzvü Rəna Aslanova, rayon qeydiyyat şöbəsinin müdiri Tahirə Tağıyeva, YAP Daşkəsən rayon təşkilatının qadınlar şurası idarə heyətinin üzvü Fatma Cabbarova, rayon mədəniyyət evinin direktoru Lətafət Bağırova çıxış edərək, daşkəsənli qadınlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və YAP Daşkəsən rayon təşkilatına öz minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər, onu da vurğuladılar ki, rayonun ictimai-siyasi həyatında bundan sonra da daha yaxından iştirak edəcək, ulu öndərimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər.
Bayram tədbirində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edərək, ulu öndərimizin müdrik kəlamını xatırlatdı: "Mən dünyanın çox yerlərində olmuşam.Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm." T.Kərimov Azərbaycan qadınlarının fəxri sayılan, həmişə qadınlara və uşaqlara dayaq olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın, həmçinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Azərbaycanın dövlət quruculuğunda əzəmətli uğurlarının danılmaz olduğunu qeyd etdi. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 145 nəfər qadına bayram hədiyyələri təqdim edildi. Eyni zamanda, YAP Daşkəsən rayon təşkilatını idarə heyətinin qərarına əsasən 44 nəfər YAP sıralarına qəbul olundu.