Azərbaycan BMT-də fəal iş aparır
1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv olunması haqqında qətnamə qəbul edilib. Nyu-Yorkda- BMT-nin iqamətgahı qarşısında Azərbaycanın bayrağı qaldırılıb. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayıb. BMT-yə üzvlük Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək, Ermənistanın hərbi təcavüzünə qarşı beynəlxalq qanunlardan daha səmərəli istifadə etmək imkanı yaradıb.
Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüz edərək ərazilərini zor gücünə tutmasının yolverilməzliyi təşkilatda dəfələrlə qaldırılıb. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərini irəli sürür.
1994-cü ilin sentyabrında BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak edən ulu öndərimiz Heydər Əliyev yüksək tribunadan Azərbaycandakı vəziyyət, Ermənistanın təcavüzü barədə dünya ictimaiyyətinə geniş məlumat verib. Bir il sonra BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisin xüsusi təntənəli sessiyasında ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini yenidən açıqlayaraq, dünya ictimayyətini Ermənistanın təcavüzünün dayandırılması üçün tədbirlər görməyə çağırıb.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə BMT-nin Dünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edilib. Həmin il ölkədə ölüm hökmü, mətbuat üzərindəki senzura ləğv olunub.
2004-cü ilin sentyabrında Baş Məclisin 59-cu sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin məlum dörd qətnaməsinin yerinə yetirilmədiyini xatırladı. Dövlətimizin başçısı BMT qərarlarının həyata keçirilməsi üçün səmərəli, təsirli mexanizmin əhəmiyyətini qeyd edib.
Aparılan uğurlu diplomatiyanın nəticəsində 2009-cu il martın 14-də BMT-nin Baş Məclisi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə qətnamə qəbul edib. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirir.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev qurumun Təhlükəsizlik Şurasının (TŞ) iclasında çıxış edərək Ermənistanı Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar üzərində hüquqi suverenlik əldə etmək cəhdlərində ittiham edib. Ötən il TŞ-nin "Beynəlxalq sülhün təmin edilməsi və təhlükəsizlik: vasitəçilik və münaqişələrin çözülməsi" adlı iclasında A.Mehdiyev rəsmi Yerevanı Dağlıq Qarabağı qanunsuz, beynəlxalq hüquq normalarına zidd olaraq silah tətbiq etmək və etnik təmizləmə apararaq ələ keçirdiyini bildirib: "Ermənistan açıq olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə hörmətsizlik göstərir, Azərbaycanın ərazi bütövlüyü tanımaqdan imtina edir, işğal olunmuş ərazilərdə hərbi qüvvələrini saxlamaqla işğalçı niyyətini ortaya qoyur. Bu yanaşma qeyri-konstruktiv və qeyri-realdır. Ermənistanın mövcud siyasəti münaqişənin həllinə xidmət etmir və onun həll olunmamasının əsas səbəbidir".
Səfir TŞ üzvlərinin diqqətinə çatdırıb ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, ölkənin hər 8-ci vətəndaşı məcburi köçkünə çevirilib: "Rəsmi Yerevan bununla da əsas beynəlxalq hüquq normaları olan ərazi bütövlüyü, hərbi qüvvənin istifadəsini qadağa edən prinsipləri pozub".
A.Mehdiyev Dağlıq Qarabağın Azərbaycan ərazi bütövlüyü çərçivəsində özünü idarəetmə statusunun müəyyən edilməsi üçün bir neçə prinsipial şəraitin yaradılmasını labüd sayıb. O, işğal olunmuş ərazilərdə bu gün mövcud olan reallıqda ərazinin statusunu müəyyən etmək cəhdlərini beynəlxalq hüquq normaları, sülh, demokratiya, regionun stabilliyi və əməkdaşlıq ideyalarına zidd olduğunu deyib: "Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusu ilə bağlı danışıqlara başlamazdan əvvəl müəyyən əhəmiyyətli addımlar atılmalıdır.
Təqdirəlayiq haldır ki, son vaxtlar Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi daha fəal iş aparır. Yadınızdadırsa, ötən il- martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsinin 8-ci bəndində nəzərdə tutulub ki, Baş Assambleyanın Baş Katibi quruma həmin qətnamənin həyata keçirilməsi haqqında hesabat təqdim etsin. Azərbaycan tərəfi də bu imkandan istifadə edərək BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına 4 hesabat təqdim etdi. 11 səhifəlik hesabatda Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlara hərbi təcavüz edərkən və sonrakı müddətdə beynəlxalq qurumların Azərbaycanın mövqeyinə göstərdiyi dəstək əksini tapıb.
Hesabatda bildirilir ki, işğal altında olan ərazilərdə vəziyyət beynəlxalq hüquqda 3 sənədlə tənzimlənir: 1907-ci ildə qəbul olunan "Haaqa Əsasnaməsi", 1949-cu ilin "Müharibə vaxtı mülkü vətəndaşların qorunması haqqında Cenevrə Konvensiyası" və həmin konvensiyaya 1977-ci ildə edilən 1-ci Əlavə Protokol vasitəsi ilə təmin olunur. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin BMT-yə təqdim etdiyi hesabatda vurğulanıb ki, Ermənistan bu 3 sənədi ratifikasiya edib, ona görə də beynəlxalq hüquq sisteminin üzvüdür.
Hesabatda Ermənistanın beynəlxalq hüquq normasına görə işğalçı olmasını sübut edən faktlar sırasında rəsmi Yerevanın çox istinad etdiyi 1975-ci il Helsinki Yekun Aktından da istinadlar gətirilib. Sənəddə qeyd olunur: "İştirakçı dövlətlər bir-birinin ərazisini işğal etməkdən çəkinməlidir və ya beynəlxalq hüquq normalarına zidd olaraq zor tətbiq etməklə, təhdid etməklə əraziləri işğal etməməlidir. Heç bir işğal və bu tipli torpaq əldə etmək cəhdi qanuni sayılmayacaq".
Ermənistanın Azərbaycan ərazisinin işğal edən dövlət olduğunu sübut edən faktlar sırasında "Human Rights Watch" təşkilatının 1994-cü ildə hazırladığı hesabata, BMT-nin İnsan Haqları və İqtisadi, Sosial Mədəni Hüquqlar Komitələrinin rəsmi sənədlərinə, ABŞ Dövlət Departamentinin illik hesabatlarına, "Freedom House"-un 2006-ci il hesabatına, Beynəlxalq Böhran Qrupunun 2005-ci il hesabatına, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Baş Assambleyanın 14 mart 2008 ildə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı 62/243 saylı qətnaməsinə istinad edilir.
Qeyd edək ki, BMT baş katibinə bu günə kimi İslam Konfransı Təşkilatı, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, ABŞ Dövlət Departamenti, Rusiya, İran və Türkiyənin xarici işlər nazirliklərinin, Avropa Birliyi, Avropa Şurası, NATO-nun, 1993-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə, həmin il ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk konfransı zamanı qurumun sədrinin verdiyi bəyanatlar, orada adı çəkilən qurumların Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması barədə qəbul olunan qətnamələr təqdim olunub.
Lakin təəssüflər olsun, BMT öz qətnamə və qərarlarının icrasını təmin edə bilmir. TŞ üzvü olan böyük dövlətlər təşkilatın bəzi qərarlarının yerinə yetirilməsində maraqlı görünmürlər. Bu da dünyada hələ də ikili standartların hökm sürdüyünü və bunun qlobal məsələlərə yanaşma kontekstində problem yaratdığını göstərir. Ümid edək ki, BMT dünyada öz nüfuzunu qorumaq və artrımaq üçün əməli fəaliyyətə keçəcək və dünyanın problemlərinin həllində öz töhfəsini verəcək.