"Xocalı qan yaddaşımızdır" mövzusunda tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi (GVB) Gənclər və İdman Nazirliyinin İdman Kompleksində "Xocalı qan yaddaşımızdır" mövzusunda tədbir keçirib. Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan GVB-nin sədri Müqamət Əliyev birliyin idarə heyətinin qərarı ilə fevral ayının Xocalı faciəsinin ildönümünə həsr olunduğunu, bu məqsədlə silsilə tədbirlərin keçiriləcəyini söylədi. Qeyd etdi ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı soyqırımı hadisəsi törədilib. Bu ağlasığmaz faciə nəticəsində bir gecədə 613 dinc əhali - 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla vəhşicəsinə öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib. 27 ailə tamam məhv edilib. 230 ailə başçısını itirib. 1275 nəfər əsir alınıb. Təxminən 150 nəfər haqqında isə məlumat əldə edilmədiyi üçün itkin elan olunub.
Onun sözlərinə görə, bu dəhşətli soyqırımı nəticəsində ermənilər azərbaycanlıları qarşı dünyada misli görünməmiş genosid həyata keçiriblər: "Xocalı soyqırımını unutmamalıyıq. Xocalı soyqırımı bizim tariximizə xüsusi ilə qara hərflərlə yazılıb. Biz çalışmalıyıq ki, bu soyqırımının dünyada təbliğ olunması istiqamətində bütün səylərimizi birləşdirək və faciənin soyqırımı kimi qəbul olunmasına nail olaq". Tədbirdə, eyni zamanda, qeyd olundu ki, Xocalı soyqırımının XX əsrin ən dəhşətli soyqırımı olduğu barədə maarifləndirmə işləri aparılmalıdır. Bu məqsədlə GVB ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində, idman federasiyalarında və digər əlaqədar qurumlarda gənclər arasında maariflənmə işlərini gücləndirməkdədir. Xocalı şəhərində törədilmiş vəhşiliyi təbliğ etməklə yanaşı, onu qəlbimizdə daim yaşatmalı və gələcək nəsillərə çatdırmalıyıq.Tədbirdə, həmçinin, GVB-nin ictimai əlaqələr üzrə sədr müşaviri Niyaz Niftiyev, məşqiçi Əbdül Abbasquliyev, idmançılar Emin Əlizadə,Samir Quliyev və ictimaiyyət nümayəndələri çıxış etdilər. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Xocalıya ədalət", "Bu tarixi unutma!" şüarları ilə növbəti tədbirlər Bakı, Gəncə, Şirvan və Şəki şəhərlərində davam etdiriləcək.