"Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanan klip ictimaiyyətə təqdim olundu
Dünən "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanan klipin təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, Bu klip Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu, İslam Konfransı Təşkilatı Gənclər Forumunun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Mərasimdə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir klipin təqdimatı ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İntiqam Babayev "Xocalıya ədalət" kampaniyasının fəaliyyəti haqqında danışıb. Daha sonra kliplə bağlı fikirlərini bildirən nazir müavini qeyd edib ki, Xocalı soyqırımının geniş miqyasda tanıdılmasında bu kimi layihələrə ehtiyacımız var.
Mərasimdə İKT Gənclər Forumun baş katibi Elşad İsgəndərov çıxış edərək bildirib ki, İKT gənclər Forumunun mədəniyyətlərarası dialoquna qatılan "Xocalıya ədalət" ideyasının müəllifi Leyla Əliyeva 2008-ci ildə belə bir kampaniyanının keçirlməsi təklifini irəli sürüb. Onun sözlərinə görə, elə həmin ilin may ayından kampaniyaya start verilib. Xocalıya həsr olunan klipi də kampaniyanın ilk əsas addımlarından hesab etmək olar. Tədbirin davamında çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Rövşən Rzayev, Qənirə Paşayeva, Fuad Muradov klip və Xocalı soyqırımı haqqında fikrilərini bölüşüblər. Klipi yüksək qiymətləndirən millət vəkilləri parlament üzvlərinin onlara hər zaman dəstək olacağını bildiriblər. Qeyd edək ki, Xocalı soyqırımına həsr olunan, rep janrında yazılan mahnını amerikalı reper Toni Bləkman və Azərbaycanın rep qrupu "Dəyirman" tərəfindən ifa edilib. Mahnının aranjimanı 7 dəfə "Qremmi" mükafatının sahibi Qordan Vilyamsa məxsusdur. Mahnı Xocalı qətliamı haqqında həqiqətləri özündə əks etdirməklə dünya ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə çağırır. Klip gənc rejissor Fuad Əlişov tərəfindən çəkilib.