"Xocalı faciəsi gənclərin gözü ilə"
Dünən YAP Qax rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə "Xocalı faciəsi gənclərin gözü ilə" mövzusunda faciənin 18-ci ildönümü münasibətilə anım tədbiri keçirdi. İlk öncə, tədbir iştirakçıları YAP Qax rayon təşkilatının qərargahında təşkil olunmuş "Xocalı əsrimizin faciəsidir" mövzusunda inşa yazı işləri və rəsmlərdən ibarət sərgi ilə tanış oldular.
Sonra tədbiri giriş sözü ilə YAP Qax rayon təşkilatının gənclər birliyinin sədri Nadir Muxtarov açaraq, qeyd etdi ki, əsrin faciəsi olan Xocalı soyqırımı çox əsrlik tariximizin qanlı səhifələrindən biridir. Bu hadisənin daha dərindən öyrənilərək, dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması bilavasitə biz gənclərin üzərinə düşür.
YAP Qax rayon təşkilatı idarə heyətinin üzvü Mahir Əfəndi "Xocalı faciəsi - gənclərin gözü ilə" mövzusu ətrafında çıxış edərək, Xocalı faciəsinin başvermə səbəbləri, erməni cinayətkarları tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklər, faciəyə beynəlxalq hüquqi-siyasi qiymətin verilməməsi və bu istiqamətdə dövlətimizin apardığı təbliğat kampaniyasından geniş danışdı.
Anım mərasimində YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov, şəhər 2 saylı orta məktəbin direktor müavini Faiq Sofiyev, Qax bələdiyyəsinin üzvü Babək Heydərov, Qarabağ müharibəsi əlili Abdulla Orucov və başqaları Xocalı hadisəsinin yalnız faciə deyil, həmçinin, xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu vurğuladılar. Qeyd etdilər ki, bəşər tarixində həmişə ədalət qalib gəlmiş və yenə də qalib gələcəkdir. Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız qısa zamanda mənfur erməni işğalından azad olacaq, qaçqın və köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar.
Qax rayon icra hakimiyyətinin başçısı Telman Quliyev Xocalı faciəsinin ağrı-acısının uzun müddət xalqımızın yaddaşından silinməyəcəyini qeyd etdi. O, gənclərə tövsiyə etdi ki, Xocalı soyqırımının, eləcə də, Qarabağ hadisələrinin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak etsinlər.
Sonda məktəblilər Xocalıya həsr olunmuş şeirlər söylədilər.