DAK: "İranda insane hüquqları kobud pozulur"
Son vaxtlar İranda öz hüquqlarını tələb edən, 35 milyonluq bir millətin mətbuatda təhqir edilməsinə qarşı etiraz bildirən insanlara qarşı repressiya güclənib. 2006-cı il mayın 22-də "İran" adlanan rəsmi qəzetdə təhqir xarakterli karikaturaya etiraz əlaməti olaraq Təbriz, Urmiya, Zəncan, Sulduz və Güney Azərbaycanın digər şəhərlərində baş vermiş izdihamlı yürüş-mitinqlərdən sonra İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünə qarşı təqib və təzyiqlər şiddətlənib.
2007, 2008 və 2009-cu illərdə fars şovinist rejiminin bu siyasəti heç cür yumşalmayıb. 2010-cu ilin yanvarından bəri isə azərbaycanlılara, xüsusilə, jurnalistlərə, yazarlara, gənclərə və s. qarşı təqib və təzyiqlər daha da şiddətlənib, son ay yarım ərzində öz milli hüquqlarını tələb edən yüzlərlə soydaşımız həbs olunub, hətta bəzilərinin harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur. Onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, bəzi milli fəalların səhhəti ağırlaşdığından, həyatları təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələrilə görüşmək və vəkil tutmaq hüququndan məhrum ediliblər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilib.
Bu il yanvarın 13-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Əlimuradi həbs olunub. O bir gün saxlanıldıqdan sonra girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Soydaşımız Təbrizin "Traktor" komandasının reklam və plakatlarını Azərbaycan türkcəsində çap etdirdiyi üçün tutulub. Halbuki plakatlar "Qırmızı qurdlar"ın rəhbərliyinin və Təbriz Mədəniyyət və İrşad İdarəsinin icazəsilə yazılıb.
Yanvarın 15-də Tehranda keçirilmiş "Traktor"-"İstiqlal" görüşündə Fərhad Hazemi həbs olunub. "Ettelaat" Güney Azərbaycanın Sərab şəhərindən olan soydaşımızın qarşılaşma başlayarkən şəxsiyyət vəsiqəsini alıb. Oyun başa çatdıqdan sonra şəxsiyyət vəsiqəsini geri almaq üçün müraciət edən Fərhad Hazemi saxlanılaraq naməlum istiqamətə aparılıb.
Yanvarın 18-də Güney Azərbaycan Milli Hərəkatının fəalı, "Traktor" komandasının azarkeşi Abdullah Səduqini (Güntay) "Ettelaat"ın Təbriz şöbəsinin əməkdaşları tutub. Soydaşımız qardaşı Hüseyn Səduqi ilə birlikdə təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Onlar Təbrizin Nisf-rah məhəlləsində tutulublar və döyülüblər. "Ettelaat"ın təcridxanasına aparılan iki qardaş sorğu-suala tutulub, Hüseyn bir neçə saat sonra sərbəst buraxılıb, ancaq Abdullah hələ də həbsdə saxlanılır. Abdullah Səduqi "Traktor" futbol komandasının reklam və afişalarını nəşr etmək və yaymaq vasitəsilə sistemin əleyhinə fəaliyyətdə günahlandırılır. Onun işi hazırda Təbriz İnqilab Məhkəməsində araşdırılır.
Yanvarın 19-da Təbriz şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəalı İbrahim İsmaili tutulub. Belə ki, səhər saatlarında poçt işçisi adıyla ev yiyəsinə qapını açdırıblar. Ancaq onların mülki geyimli "Ettelaat" əməkdaşları olduğu müəyyənləşib. Milli fəalın həyat yoldaşı bu şəkildə mənzilə girişə etirazını bildirəndə, onlar qondarma bir sənəd göstəriblər. Beş nəfər olan "Ettelaat" əməkdaşı evdə axtarış aparıb, bir sıra şəxsi əşyaları, o cümlədən, iki kompüteri özlərilə götürüblər. Hətta onlar xəbərin yayılmaması üçün ailə üzvlərini belə hədələyiblər. Soydaşımızı isə evində həbs edərək, naməlum istiqamətə aparıblar. Hazırda milli fəalın harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.
Bu günə qədər "Ettelaat" əməkdaşları bir neçə dəfə evə zəng vuraraq, xəbərin yayılmaması üçün milli fəalın ailəsini hədələyiblər. Soydaşımızdan məlumat almayan həyat yoldaşı "Ettelaat"a baş vurub. Onlar milli fəalın təcridxanada olduğunu desələr də, ancaq hansı səbəbdən həbsə alındığı barədə məlumat verməyiblər.
Fevralın 2-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Əlimuradi yenidən həbs olunub. Təbriz şəhər Polis İdarəsinin təhlükəsizlik bölməsindən soydaşımıza zəng edilərək, ona zamin duran şəxsin qurumda saxlanıldığını bildiriblər. Milli fəaldan Təbrizin Saib xiyabanında yerləşən polis bölməsinə gəlməsini istəyiblər və o, müraciət edərkən polis tərəfindən saxlanılıb. Məhəmməd Əlimuradi 13 gün təcridxanada saxlanıldıqdan sonra fevralın 15-də müvəqqəti azadlığa buraxılıb. Soydaşımız 20 milyon tümən (20 min ABŞ dolları) girov müqabilində sərbəstliyinə qovuşub.
Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Behnam Şeyxi həbs olunub. Soydaşımız İslamabad şəhərinin Polis İdarəsinə çağırılıb. Behnam Şeyxi quruma gəldikdə, dərhal əllərini qandallayıblar. Xatırladaq ki, milli fəal 2009-cu il iyunun 9-da digər soydaşımız Mahmud Ocaqlı ilə birlikdə tutulmuşdu. O, 55 gün təcridxanada saxlanıldıqdan sonra 50 min ABŞ dolları girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
Eyni zamanda, Təbriz şəhərində bir neçə tanınmış milli fəal tutulub. Belə ki, "Ettelaat" əməkdaşları qonaqlıq mərasiminə qatılmış Asif Hacızadə (yazıçı), Cəlil Yaqubzadə (yazıçı) və Vahid Şeyxbəylini ("Arman" tələbə təşkilatının keçmiş üzvü) həbsə alaraq naməlum istiqamətə aparıblar. Onların hansı səbəbədən tutulması haqda heç bir məlumat yoxdur. Ədalətsiz məhkəmə qərarları ötən il iyunun 15-də həbs olunmuş və indiyədək təcridxanada saxlanılan güneyli siyasi fəal Əli Bikəs 7 il həbs və 74 zərbə şallaq cəzasına məhkum olunub.
Belə bir ədalətsiz hökmü Tehran İnqilab Məhkəməsi çıxarıb. Soydaşımız milli təhlükəsizlik əleyhinə fəaliyyət, sistemin əleyhinə təbliğat aparmaq və ictimai rəyi dəyişdirməyə cəhddə günahlandırılıb. Məhkəmə ona qarşı bu cür qondarma ittihamları guya Əli Bikəsin 2009-cü il iyunun 15-də səhər vaxtı küçəyə çıxdığına görə irəli sürüb. Halbuki ailəsi həmin gün şəhərdə heç bir nümayişin olmadığını deyir.
Zəncan İnqilab Məhkəməsinin 106-cı şöbəsi güneyli hüquq müdafiəçisi Yaşar Həkkakpura 6 ay şərti cəza hökmü və 50 zərbə şallaq cəzası verib. O, İran adlanan yerdəki mövcud rejimə qarşı əks-təbliğat aparmaqda, internet səhifələrində ölkə rəsmilərinin şərəf və ləyaqətini təhqir edən məlumatlar yaymaqda, 21 Azər günü şeir gecəsi təşkil etməkdə günahlandırılıb. Yaşar Həkkakpur 2005-ci ildə də Marağa polisi tərəfindən həbs olunmuş və bir aydan sonra zəmanətə buraxılmışdı.
Soydaşımız Azərbaycan türklərinin hüquqlarının müdafiəsilə məşğul olduğu və Zəncan Universitetinin nəzarət heyətinin icazəsilə "Şeir gecəsi" təşkil etdiyi üçün barəsində cinayət işi açılıb. Yaşar Həkkakpur əvvəllər Güney Azərbaycanın Zəncan şəhərində çıxan "Qızılüzən" və "Zəngan sözləri" tələbə dərgilərinin baş redaktoru, Marağa şəhərində isə "Azərbaycan övladlarının evi" adlı qeyri-hökumət təşkilatının təsisçilərindən idi.
Bu il fevralın 2-də Apellyasiya Məhkəməsi Murtəza və Fərdin Muradpur qardaşlarına digər 4 milli fəalla birlikdə aşağı instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Proses soydaşlarımızdan xəbərsiz keçirildiyi üçün onlar müdafiələrilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməyiblər.
Xatırladaq ki, Muradpur qardaşları sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhddə günahlandırılır. Eyni zamanda, Murtəza Muradpur "Traktor" komandasının afişalarını Azərbaycan türkcəsində yayıb, "Yazlıq" adlı ana dilimizdə uşaq dərgisi dərc edib, prof. Məhəmmədtağı Zehtabinin və mühəndis Qulamrza Əmaninin tərcümeyi-halını yayıb və mənzilində türk dilində təqvim tapılıb. Ona görə də, Murtəza 3 il, kiçik qardaşı Fərdin isə 6 ay həbs cəzasına məhkum edilib.
Təbriz İnqilab Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının fəalları Nadir və Cahanbəxş Bəxtavərlərə 91 gün həbs və 30 zərbə şallaq cəzası kəsib. Onlar Təbrizin Təxti stadionunda çıxış zamanı səs-küy yaratmaqda ittiham olunublar. Çıxarılan hökmdən 20 gün ərzində Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Xatırladaq ki, 2009-cu il mayın 25-də Mirhüseyn Musəvinin (keçmiş prezidentliyə namizəd) Təbrizdəki çıxışı zamanı soydaşlarımız milli haqlarıyla bağlı tələblər səsləndirmişdi. Nəticədə bir neçə milli fəal həbsə alınmış və iki həftə təcridxanada saxlanıldıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılmışdılar.
Jurnalist və yazıçı Nağı Əhmədi Azər Müqəddəmi Təbriz İnqilab Məhkəməsi 5 il həbs cəzasına məhkum edib. Eyni zamanda, soydaşımız 10 il Azərbaycan Respublikasına səfərdən məhrum olunub. Milli fəal İran adlanan yerdə Ermənistanın əleyhinə və Azərbaycan Respublikasının isə lehinə casusluqda günahlandırılıb.
Xatırladaq ki, Nağı Əhmədi Azər Müqəddəm 2009-cu il aprelin 4-də 146 gün saxlanıldıqdan sonra 150 min ABŞ dolları dəyərində mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. O, saxlanıldığı müddətdə vəkil tutmaq hüququndan məhrum edilib. Eyni zamanda, soydaşımızın məhkəməsi qapalı keçirilib. O, Azərbaycan türkcəsində və fars dilində bir neçə kitabın müəllifidir. Bundan əlavə, Təbriz İnqilab Məhkəməsində Güney Azərbaycan Milli Hərəkatının fəalları Cəmşid Zarei, Vəhid Şeyxbəyli və Nima Puryaqubun növbəti məhkəmə prosesi keçirilib. İclasda soydaşlarımızın ittihamlarına baxılıb.
Xatırladaq ki, onlar bir il əvvəl, Təbriz Universitetinin tələbələrinin həbsxanadan çıxdıqları gün onları qarşılamağa gəldikləri üçün tutulublar. Cəmşid Zarei 9 və Vəhid Şeyxbəyli (hazırda həbs olunub) isə 49 gün təcridxanada saxlanıldıqdan sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıblar. Onlar milli təhlükəsizliyi və ictimai asayişi pozmaqda günahlandırılır. Buna həbsxana məmurlarıyla qarşıdurmaya getmək əsas sübut kimi göstərilib.
Bundan əlavə, Cəmşid Zarei 2008-ci ildə 22 may hadisələrinin ildönümü mərasiminə qatıldığı üçün 6 ay şərti həbs cəzasına məhkum olunub. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb və hazırda qərar icra olunur. Onların vəkili Nağı Mahmudidir. Fevralın 1-də güneyli jurnalist Həsən Ərkin məhkəmə iclası keçirilib. İşə Təbriz İnqilab Məhkəməsində baxılıb. Məhkəmə iclası qapalı keçirilib. Soydaşımız sistemin əleyhinə təbliğat aparmaq, İran adlanan yerin rəhbərliyinə və polislərə böhtan atmaq, GünAzTV telekanalına müsahibə vermək vasitəsilə milli təhlükəsizliyə qarşı cəhddə günahlandırılıb. Məhkəmə sədri Qazi Bayat onun GünAzTV-yə müsahibəsini sistemin əleyhinə təbliğat aparmaq cəhdi kimi qiymətləndirib. Halbuki xarici kütləvi informasiya vasitələrinə müsahibə vermək sistemin əleyhinə təbliğ aparmaq sayılmır.
Bu qeyd etdiklərmiz DAK-ın hesabatından götürülüb və qonşu ölkədə baş verən hüquq pozuntularının hamısı deyil. Azərbaycanda sabitliyi pozmağa çalışanlar, yaxşı olar ki, ilk növbədə, buna etiraz bildirsinlər.