Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 18-ci ildönümünü qeyd etməsi ilə tədbirlər planı təsdiqlənib. DİDK-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə əsasən, Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, anın mərasimlərinin, sərgilərin təşkili nəzərdə tutulub.
Almaniya üzrə soyqırımın 18-ci ildönümü ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Fevralın 18-dən 28-dək Berlin şəhəində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun "Xocalı uşaqların gözü ilə" sərgisinə daxil olan rəsmlərin nümayişini keçirir. Eyni zamandan fevralın 19-dan etibarən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi internet vasitəsilə bu ölkədəki ictimai qurumlara, Azərbaycan diaspor təşkilatlarına, türk icmalarına, qeyri-dövlət qurumlarına, mətbuat və informasiya vasitələrinə Xocalı faciəsinə dair həqiqətləri əks etdirən müraciət yayacaq, Almaniyanın digər şəhərlərində Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə istifadə etçək üçün əyani vəsaitlər göndərəcək.
Fevralın 25-də Berlində Azərbaycanın Almaniyadakı Səfirliyi AAKM-la birlikdə Xocalı faciəsinə həsr olunmuş xatirə gecəsi və dəyirmi masa təşkil edəcək. Tədbirdə alman ekspertlər, siyasətçi və alimləri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar. Toplantıda "Xocalıya ədalət" kampaniyasının təbliğati materialları təqdim ediləcək. Dəyirmi masada soyqırımın beynəlxalq aləmdə insan hüquqlarına qarşı törədilmiş cinayət kimi qiymətləndirilməsinə nail olunması yolları haqqında müzakirələr aparılacaq.
Fevralın 26-da isə Berlindəki Türk Evində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Atatürk Düşüncə Mərkəzi Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə "Xocalı soyqırımının 18-ci ildönümü: Qafqazda sülhün bərqərar edilməsində Türkiyə-Azərbaycan münasibətlərini önəmi və rolu" mövzusunda toplantı keçirəcəklər. Konfransda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyənin Almaniyadakı səfiri Ahmet Acet, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Bundestaqın sabiq deputatı professor Hakkı Keskin, AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova, Atatürk Düşüncə Mərkəzinin rəhbəri Olcay Başeymez, tarixçi, Türkiyə Erciyez Universitetinin doktorantı Fariz Fərzəli və digər qonaqlar iştirak edəcəklər.
Fevralın 26-da həmçinin Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, "Azərbaycan Evi", "Alman Azərbaycan Həmrəylik Cəmiyyəti"nin təşəbbüsü, "İrəli" İctimai Birliyi və "Xocalıya ədalət" hərəkatının iştirakı ilə Berlinin "Breitscheidplatz" meydanında soyqırımının 18-ci ildönümünə həsr olunmuş mitinq keçiriləcək. Mitinqdə "Xocalıya ədalət" kampaniyasına aid materialların təqdimatı da nəzərdə tutulub. Berlində fəaliyyət göstərən Tələbə və Elmi işçilər Birliyi isə internet vasitəsilə yayacaqları məlumatla Xocalı soyqırımı haqqında alman ictimaiyyətində geniş təsəvvür yaratmağa çalışacaqlar. Kölndəki Alman-Azərbaycan Kültür cəmiyyəti də Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı konfrans təşkil edəcək. Hamburqdakı Azərbaycan Mədəniyyət cəmiyyəti soyqırıma etiraz əlaməti olaraq matəm yürüşü keçirəcək. Hamburq Alman Azərbaycan Cəmiyyəti də anım tədbiri ilə faciə qurbanlarını yad edəcək.
Ştutqartdakı Azərbaycan Kültür Cəmiyyəti, Drezdendəki ALM.AZ Cəmiyyəti, Hannoverdəki "Xəzər" Cəmiyyəti də fevralın 26-da soyqırımın 18-ci ildönümünü qeyd edəcəklər. Kassel şəhərində Alman-Azərbaycan Tələbə Gənclər Təşkilatı Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Kassel Universitetinin akt zalında Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirəcəklər. Eyni zamanda soyqırım günü universitetdə və şəhərin mərkəzi hissələrində faciə haqqında məlumatı əks etdirən broşurlar paylanacaq. Leypsiq şəhərindəki azərbaycanlı tələbələr də AAKM-in dəstəyi ilə Xocalı faciəsinə dair materialları kitabxanalara yayacaq, ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandıracaq və anım tədbiri keçirəcəklər.
Fransada da Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Fevralın 21-də Strasburq Azərbaycan Evi Xocalı faciəsinə həsr edilmiş xüsusi radio proqramı yayımlanacaq. Proqram Strasburqdakı yerli (RBS FM 91.9) radiosunda efirə çıxacaq proqramı
http://www.radiorbs.com internet ünvanından da canlı dinləmək mümkün olacaq. Fevralın 25-də isə Strasburq Azərbaycan Evi Strasburq universitetinin Yazılı, Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu (ITIRI) "Azərbaycan Respublikasının Diaspora siyasəti və icrası" mövzusunda konfrans təşkil edəcək. Tədbir Strasburq Universitetinin Türkoloji departamenti və Yazılı, Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə keçiriləcək. Bundan başqa Strasburqdakı soydaşlarımız iki gün ərzində - fevralın 24 və 25-də "MAIL" aksiyası da təşkil edəcəklər.
Azərbaycan Evinin fransız təşkilatları ilə əməkdaşlığı nəticəsində Xocalı faciəsi barədə fransız, ingilis və türk dillərində 6 mindən çox informasiya xarakterli meyllərin göndərilməsi planlaşdırılıb. Bunlar əsasən Avropa Şurası, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlara, o cümlədən Fransa, Belçika, İsveçrə, Kanada, İsveç, ABŞ, İsrail, Avstraliya kimi ölkələrin senat və dövlət qurumlarına, eləcə də dünya mətbuatına ünvanlanacaq.
Fevralın 26-da həmçinin Strasburq Azərbaycan Evi "Azərbaycan diasporu və Fransa-Azərbaycan əlaqələri" mövzusunda konfrans keçirəcək. Fevralın 27-də isə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi "Kleber" meydanında nümayiş keçiriləcək. Strasburqda fəaliyyət göstərən və güclərini birləşdirən 3 cəmiyyət-Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası aksiyada iştirak edəcəklər. Strasburqda və ətraf şəhərlərdə fəaliyyət göstərən türk, fransız və digər təşkilatlarının da nümayişə qatılacağı gözlənilir.
Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) isə Fransanın bir neçə şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar mitinq və digər etiraz aksiyalarının keçirilməsini nəzərdə tutub. Tədbirlərə rəsmi şəxslər də dəvət olunacaq. Parisin mərkəzində isə Fransa Azərbaycanlıları Birliyi və Fransa-Azərbaycan Gənclik Assosiasiyası Tuluza Azərbaycan Tələbələr Assosiasiyasının iştirakı və "İrəli" Ictimai Birliyinin dəstəyi ilə etiraz yürüşü keçiriləcək. Aksiya yerli prefektura ilə artıq razılaşdırılıb. Tədbirə Azərbaycanın Fransadakı səfirliyi və UNESCO-dakı daimi nümayəndəliyimiz də dəstək verəcək. Yürüş "Medicis" küçəsindən başlayaraq, "Paule Claudel" meydanından Senatın qarşısından keçən "Vaugirard" küçəsi boyunca davam edəcək. Təşkilatçılar təkcə Fransada deyil, bütün Avropadakı soydaşlarımızı bu izdihamlı aksiyaya qatılmağa dəvət edirlər.
Xocalı faciəsinin 18-cı ildönümünü Kanadanın Ottava şəhərindəki Kanada-Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə qeyd edəcək. ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Amerika-Azərbaycan Şurasının, Azərbaycan Nyu-York Assosiasiyasının, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən anım tədbirlərində Xocalı faciəsinə dair həqiqətlər yerli ictimaiyyətin diqqətinə çatdırılacaq.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı BƏƏ Şeyxinin Aparatına, ölkə parlamentinə və Insan Haqqları Institutuna məlumat xarakterli müraciətlər göndərəcək. Misir Ərəb Respublikasıda fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi, Taylanddakı Azərbaycan Mədəniyyət Evi, Yeni Zellandiyanın Okland şəhərində fəaliyyət göstərən "Azəri" Yeni Zellandiya - Azərbaycan Dostluq Cəmiyyəti də Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə anım tədbirləri keçirəcəklər.
Gürcüstan Respublikasının Marneuli şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi" Azərbaycanın Gürcüstandakı Səfirliyi ilə birlikdə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirəcək. Fevralın 26-da həmçinin Tibilisi şəhərində "Gürcüstan Azərbaycanlıları konqresi" Azərbaycandilli orta məktəblərlə birgə Xocalı soyqırımı ilə bağlı elmi praktik konfrans təşkil edəcək.
Fevralın 26-da Xocalı soyqırımının 18-cı ildönümü Azərbaycanın Belarusdakı Səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Minsk şəhərində də anılacaq, dəyirmi masa keçiriləcək, Xocalı Soyqırımına həsr olunmuş sənədli film nümayiş etdiriləcək.