PDF Oxu

Sosial

  • 10

2010-cu il üçün möhkəm iqtisadi baza yaradılıb

2010-cu il üçün möhkəm iqtisadi baza yaradılıb
2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkdi. Lakin buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi, bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxdı.
Bunun səbəbi isə, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində ümumi milli mənafeyi üstün tutması olubdur. Bu gün isə ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik təməlinə əsaslanaraq, Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır. Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial-iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və s. müstəqil Azərbaycanın yüksələn xətlə dirçəlişinə səbəb olub. Ən əsası odur ki, dövlət başçısının sosial-iqtisadi siyasəti inflyasiyanın artmasının qarşısını aldı, xalqımız böhranın yaratdığı çətinlikləri öz həyatında hiss etmədi, əhalinin güzəranının yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən göstərilən fəaliyyət davam etdirildi. İqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun ilin sonunda 9 faizi ötməsi ölkəmizin nəyə qadir olduğunu ortaya qoydu.
Son 6 il ərzində 800 min, o cümlədən, yalnız 2009-cu il ərzində 74 min yeni iş yeri yaradıldı. Məhz bunun nəticəsidir ki, altı il əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu gün bu göstərici 11 faizdir. Eyni zamanda, 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə enibdir. Yalnız 2009-cu il ərzində Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və ya qurulmuş, o cümlədən, beş böyük olimpiya kompleksi istifadəyə verilib ki, bütün bunlar da dünyada böhran olmasına baxmayaraq, Azərbaycanda nəzərdə tutulan layihələrin uğurla icrası davam etdirilibdir. Əlbəttə, bütün bunlar vaxtında və düşünülmüş şəkildə ardıcıl surətdə həyata keçirilən layihələrin bariz nəticəsidir.
Ötən il, hər şeydən əvvəl, Prezident İlham Əliyevin söz sahibi olduğunu sübut etdi. 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük dəstəyi ilə qalib gələn İlham Əliyevin növbəti illərdə Azərbaycanda davamlı inkişafa nail olunacağı, insanların həyat səviyyəsinin daha da yüksəldiləcəyi barədə verdiyi vədlərin uğurla yerinə yetirilməsi dövlət başçısına inam və etimadı daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, həmçinin, xarici informasiya agentliklərinə müsahibəsində ifadə etdiyi fikirləri xatırlamamaq olmur. "Biz öz xalqımıza arxalanırıq, apardığımız islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq" deyən dövlətimizin başçısı, xüsusi olaraq vurğuladı ki, 2009-cu ildə bütün planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edildi. Regionların inkişafı sürətlə davam etdirildi: "Son 6 ildə Azərbaycanda 800 mindən çox iş yeri açılmış, bütün bölgələrdə abadlıq-quruculuq işləri aparılmışdır."
Prezident İlham Əliyevin diqqətə çatdırdığı daha bir əhəmiyyətli fakt budur ki, ötən il Azərbaycanda 50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edildi. Azərbaycan təkcə özünün deyil, yaxın-uzaq bir sıra ölkələrin də enerji təhlükəsizliyini təmin edir. 2010-cu ildə Azərbaycan mavi yanacağının ixrac coğrafiyasının daha da artacağı nəzərdə tutulub. Yeri gəlmişkən, qeyd edək ki, əldə olunan razılaşmaya əsasən, bu il yanvarın 1-dən Rusiyaya ölkəmizdən qaz ixracına başlandı. Gündəlik ixrac 1,5 milyon kubmetrdir. Bu rəqəmin ilin sonuna qədər bir neçə dəfə artırılacağı nəzərdə tutulmuşdur. Qeyd edək ki, qaz ixracı ilə bağlı İranla da danışıqlar aparılır. Beləliklə, Azərbaycanın qaz idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi artıq reallıqdır. Onu da vurğulamaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağının vurğulayır: "Əsas məsələ budur ki, Azərbaycanın müdafiə etdiyi mövqe danışıqlar prosesində üstünlük təşkil edir. ...Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır." Bu gün Azərbaycanın hərbi potensialının günbəgün güclənməsi, bunu deməyə əsas verir ki, münaqişənin həlli üçün bütün imkanlar var. Prezident İlham Əliyevin Rusiyanın "Vesti" televiziya proqramına müsahibəsində dediyi "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə edə bilər" sözləri Ermənistanda böyük vahimə yaradıb. Politoloqlar bütün situasiyaları, o cümlədən, son vaxtlar Rusiyanın Azərbaycana yaxınlaşmasını nəzərdə tutaraq, belə proqnoz verirlər ki, 2010-cu ildə münaqişənin həllində əsaslı dönüş olacaq. Hələliksə, Azərbaycan hərbi potensialını artırır, iqtisadiyyatını inkişaf etdirir, xalqın həyat səviyyəsinin daha da yüksəldilməsi üçün dövlət başçısı tərəfindən mühüm sərəncamlar verilir.
Məlumdur ki, 2010-cu il "Ekologiya ili" elan olunub. Bu proqrama uyğun olaraq, ölkədə 3 milyon ağac əkilməsi, məişət tullantılarının emalı üçün zavod tikilməsi, Bakı buxtasının təmizlənməsi, bəzi sənaye müəssisələrinin şəhərdən kənara çıxarılması və s. nəzərdə tutulub. 2010-cu ildə tamamlanmamış bir sıra layihələr başa çatdırılacaq. Qəbələ-Bakı su kəməri işə salınacaq, metronun yeni stansiyalarının tikintisi davam etdiriləcək. Qeyri-neft sektorunun inkişafı dövlətin yenə də diqqət yetirdiyi əsas məsələlərdən biri olacaq. 2010-cu ildə Bakıda Koroğluya və Dədə Qorquda abidə qoyulacaq, yeni parklar salınacaq, paytaxtın gözəlliyinin artırılması üçün mühüm işlər görüləcək, regionların sürətli inkişafı davam etdiriləcək. Ölkədə görüləcək bu işləri, hər il olduğu kimi, yenə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçiriləcək yeni proqramlar, layihələr tamamlayacaq.

Digər xəbərlər