PDF Oxu

Sosial

  • 13

Yüksək gərginlikli elektrik naqillərinin altında tikilən evlər söküləcək

Yüksək gərginlikli elektrik naqillərinin altında tikilən evlər söküləcək
Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi, qaz və su ilə təmin olunması dövlətin priotritet istiqamətlərindəndir. Demək olar ki, bu məsələnin həyata keçirilməsində heç bir problem mövcud olmur. Çünki Azərbaycanın malik olduğu yeraltı və yerüstü resurslar ən ucqar kənd və qəsəbələrdə belə əhalini elektrik enerjisi, qaz və su ilə təminatına imkanlar yaradır. Düzdür, bəzən enerji resurslarının əhaliyə yüksək keyfiyyətdə çatdırılmasında müəyyən problemlər yaranır. Araşdırmalar zamanı məlum olur ki, bu problemlərin böyük əksəriyyətini əhalinin özü tərəfindən yaradılır. Çünki insanların elektrik xətlərinin, magistrial qaz kəmərlərinin keçdiyi ərazilərdə qanunsuz yaşayış evləri tikmələri yarana bilən nasazlıqların operativ şəkildə aradan qaldırılmasında çətinliklər yaradır. Ötən həftə Bakı şəhərində yaranan enerji böhranının da əsas səbəbinin yüksək gərginlikli elektrik xətlərinin altında yaşayış evlərinin tikilməsi olmuşdur. Bu barədə "Azərenerji" ASC-dən verilən məlumata görə, elektrik xətlərinin mühafizə zolaqlarındakı tikililər və çoxillik çəkilən xətlərin təmiri, yeniləşdirilməsi, eləcə də, qəza hallarının vaxtında aradan qaldırılmasına maneçilik törədir. Digər tərəfdən, bu, ərazidə yaşayanların həyatına da təhlükə törədir.
Verilən məlumata görə, hökumət mövcud problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Bu ilin sonunadək Azərbaycanın bölgələrində yüksək gərginlikli elektrik verilişi xətləri və magistral qaz kəmərlərinin altında və üstündə qanunsuz inşa olunmuş tikililərin inventarlaşdırılması və yekun siyahının Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.
Nazirlər Kabinetindən bildirilib ki, artıq bununla bağlı hökumət tərəfindən cavabdeh orqanlara müvafiq tapşırıqlar verilib. Ölkənin dayanıqlı enerji təchizatını həyata keçirmək, baş verən qəza hallarının vaxtında qarşısını almaq, qabaqlayıcı-proflaktik tədbirlərin həyata keçirilməsi üçün hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməyi planlaşdırır. Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunan tikililərin sökülüb-sökülməyəcəyi, xətlərin başqa əraziyə köçürülüb-köçürülməyəcəyi barədə qərar isə inventarlaşmanın nəticələri təhlil ediləndən sonra veriləcək.
Hökumətdə hesab edirlər ki, respublika əhəmiyyətli infrastrukturun mühafizə zolaqlarında inşa olunmuş bütün tikililərə kompensasiyanın verilməsi hazırkı şəraitdə mümkün deyil. Yalnız sənədi olan və dövlət reyestrinə daxil edilmiş obyektlərə kompensasiya ödənə bilər.
Nazirlər Kabinetindən o da bildirilib ki, işlərin beynəlxalq maliyyə institutlarının yardımı ilə gerçəkləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Sənaye və Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Neft Şirkəti, "Azərenerji" ASC, "Azərsu" ASC, "Bakıelektrikşəbəkə" ASC və yerli icra hakimiyyətlərinin nümayəndələrindən ibarət komissiyanın yaradılması da planlaşdırılır.
Qeyd etmək yerinə düşər ki, müvafiq qurumlar özləri də onlara məxsus kommunikasiya xətləri üzərində qeyri-qanuni tikililərdən şikayətlənirlər. Aprılan sorğu zamanı bütün qurumlar kommunkasiyalar üzərində tikinti işlərinin aparılmasında, bu ərazilərin vətəndaşlara satılmasında yerli icra hakimiyyətlərini və bələdiyyələri ittiham edib. Artıq bəzi qurumlar yaranmış problemin həlli üçün hökumətə təkliflər də verib. Bəziləri isə problemin həllində yerli icra hakimiyyətlərinin passivliyini nəzərə alaraq məsələnin yerində həlli üçün məhkəmələrə üz tutur.
"Azərenerji" ASC-dən yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında inşa olunmuş tikililərin sayı barədə konkret açıqlama verilməsə də, ümumilikdə bu cür halların daha çox Abşeron yarımadası və Bakıda olduğu bildirilib. Belə ki, Bakı şəhərinin Zabrat, Suraxanı, Maştağa, Qaraçuxur, Bakıxanov, Ramana, Bülbülə, Əmircan, II Zabrat, Böyük Şor gölünün ətrafı, Abşeron rayonunun Xırdalan, Saray, Ceyranbatan, Müşfiqabad yaşayış massivlərində bu cür faktlar çoxluğu ilə fərqlənir. Həmçinin Qaradağ, Binəqədi, Siyəzən, Dəvəçi, Quba, Qusar, Xaçmaz, Qobustan, Sabirabad, Ağsu, Hacıqabul, Lənkəran, Astara, Şəmkir, Tovuz və Ağstafa rayonlarında da yüksək gərginlikli xətlərin mühafizə zolağında inşa olunmuş çoxlu sayda obyekt və çoxillik əkmələr var.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yüksək gərginlikli xətlərin 250 metrliyində yaşayış məskəni salmaq olar. Bu xətlərin altında azillik əkmələrə (ot, bostan, tərəvəz və s.) icazə verilir. Bu ərazilərdə bağ salmaq, çoxillik ağaclar əkmək isə qadağandır. Faktlarla bağlı "Azərenerji" tərəfindən dəfələrlə müvafiq icra hakimiyyətlərinə bu problemlərin aradan qaldırılması üçün müraciətlər olunsa da, cavabsız qalıb.
"Azərenerji"dən o da bildirilib ki, hazırda üzərində iş gedən layihələr reallaşdırıldıqda, bəzi ərazilərdə evlərin köçürülməsinin çətinliyi nəzərə alınaraq, xətlərin yerinin dəyişdirilməsi mümkündür. Amma bu proses istisnalarla həyata keçirilə bilər.
Yeri gəlmişkən, qeyd edək ki, "Azərenerji" ASC-nin Asiya İnkişaf Bankı (AİB) ilə həyata keçirdiyi "Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi" (Power Transmission Enhancement Project) çərçivəsində iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulması nəzərdə tutulur. Bakının enerji təchizatının yaxşılaşdırılmasını nəzərdə tutulan bu layihə çərçivəsində mövcud enerji xətləriinin dəyişdirilməsi planlaşdırılır. Ümumi dəyəri 240 mln. dollar məbləğində qiymətləndirilən layihəyə AİB 160 mln. dollar ayıracaq.
"Bakıelektrikşəbəkə"ASC-dən də qeyd olunan problemlə tez-tez qarşılaşıldığı, bu məsələnin dəfələrlə qaldırıldığı bildirilib. Paytaxtın enerji təchizatına bilavasitə cavabdehlik daşıyan "Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin bizimlə söhbətində dediyinə görə, narahatlıq doğuran problemlə bağlı dəfələrlə rayon icra hakimiyyətlərinə, bələdiyyələrə müraciətlər ünvanlayıblar. Ancaq müraciətlər cavabsız qalıb. T.Mustafayev bu gün qanunsuz tikililərin yüksək gərginlik elektrik naqillərinin altından köçürülməsi üçün məhkəmələrə müraciət edəcəklərini söyləyib. Onu da qeyd edib ki, bir qədər əvvəl Nərimanov və Binəqədi rayon ərazilərində yüksək gərginlikli elektrik naqillərinin altında obyekt tikilməsinə cəhdlər göstərilib. Ancaq "Bakıelektrikşəbəkə"nin müdaxiləsi ilə tikilinin qarşısı alınıb: "Əgər obyektin tikintisinin qarşısı alınmasaydı, bu gün Bakı şəhərinin yarıdan çoxu qaranlıqda qalardı".
"Bakıelektrikşəbəkə"dən verilən məlumata görə, yüksək gərginlik elektrik naqillərinin altında yaşayış evlərinin tikilməsinə daha çox Nərimanov, Binəqədi və Nizami rayonlarında rast gəlinir. Belə ki, bu rayonlarda 110 və 35 KV-luq hava xətlərinin təhlükəsizlik zolaqlarında çoxlu sayda qanunsuz obyekt inşa olunub. Məsələ ilə bağlı səhmdar cəmiyyəti məhkəmələrə də müraciət edib. Xətai rayon Məhkəməsi tərəfindən 4 iddia barədə qərar qəbul olunsa da, bu günədək icra edilməyib.
ARDNŞ-in "Azəriqaz" İB isə Bakı şəhərində magistral və rayondaxili qaz kəmərlərinin üzərində inşa olunmuş tikililərin kiçik bir ehtiyatsızlıqdan böyük faciələrlə üzləşə biləcəyindən ehtiyatlanır. "Azəriqaz"ın apardığı araşdırmalara görə, hazırda paytaxt və onun rayonlarında qaz kəmərləri üzərində və mühafizə zolağında ümumilikdə 3 mindən artıq tikili var. Binəqədi rayonunda və bəzi yerlərdə hətta yaşayış evlərinin divarları belə qaz kəmərlərinin üzərindədir. Bakı şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr çərçivəsində bəzi kəmərlərin evlərdən uzaqlaşdırılması həyata keçirilsə də, hazırda istehsalat birliyi bu faktlarla bağlı yenidən dəqiqləşdirmələr aparır.
"Azərsu" SC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov bildirib ki, analoji vəziyyətlə "Azərsu" da üzləşib. Hazırda Abşeron yarımadasında magistral su və kanalizasiya xətlərinin üzərində və mühafizə zolağında tikilmiş onlarla ev var. Bu evlər üçün yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yer ayrılarkən "Azərsu"dan heç bir texniki şərt və icazə alınmayıb. A.Rüstəmovun sözlərinə görə, tikinti işləri torpağın qruntundan asılı olaraq su anbarları və kəmərlərindən 5-10 metrdən 50 metrədək uzaqlıqda aparılmalıdır.
Sənaye və Energetika Nazirliyi də qanunsuz tikililərə qarşı daim mübarizə aparır. Bu barədə qəzetimizə açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Azər Mənsimli dəfələrlə bu məsələ ilə bağlı icra hakimiyyətlərinə, müvafiq qurumlara, vətəndaşların özlərinə müraciətlər etdiklərini söyləyib: "Müraciətlərdə qeyd olunub ki, qanunsuz tikililərin qarşısı alınsın, təhlükəli ərazilərdə tikililərin, yaşayış massivlərinin salınmasına imkan verilməsin. Eyni zamanda, aidiyyatı qurumlara da bu barədə tapşırıqlar verilib. Ancaq qeyd edim ki, bu istiqamətdə müəyyən tədbirlər də görülüb. Belə ki, Dövlət Neft Şirkətinə məxsus mədən ərazilərində, xüsusilə, Bibiheybət zonasında qeyri-qanuni tikililər var. Həmin tikililərin bir hissəsi sökülüb. Vaxtilə qurumlar razılıq məktubu verdilər, amma bu razılığın heç bir hüquqi əhəmiyyət kəsb etmədiyi qeyd olunub. Həmin yerlər insanlar üçün olduqca zərərli zonalardır, güclü radiasiya, şüalanmanın mövcud olduğu ərazidir. Burada insan həyatı üçün təhlükə törədə biləcək hər hansı hadisə baş verə bilər. Biz bir daha həmin aidiyyatı qurumlara, müvafiq icra hakimiyyəti orqanlarına və vətəndaşlara müraciət edərək bildiririk ki, bu qanunsuzluq qısa bir vaxtda aradan qaldırılmalıdır".
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) isə bildirir ki, tikililər rabitə xətlərindən (kabellərin) minimum 2-3 metr uzaqda inşa olunmalıdır. Nazirlikdən verilən məlumata görə, keçirilən reydlər zamanı bu kimi hallar müəyyən olunur və tədbirlər görülməsi üçün məhkəmələrə göndərilir. Rabitə xətləri üzərində ən çox tikili isə Abşeron ərazisindədir.
"Azərbaycan Dəmir Yolları" QSC də artıq 4 ildən çoxdur qanunsuz tikililərlə mübarizə aparır. Səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"na əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün fiziki və hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Lakin bu sənədlərə məhəl qoymayan vətəndaşlar dəmir yoluna bir neçə metr məsafədə evlər inşa edib ki, bu həm qatarlar, həm də sakinlərin özləri üçün təhlükə yaradır. Dəmir yolu idarəsi tərəfindən bu məqsədlə keçirilən reydlər zamanı təkcə 2007-ci ildə Bakı və paytaxt ətrafı yaşayış massivlərində 400-dək qanunsuz tikili və hasar sökülüb. Abşeron yarımadasında dəmir yolunun mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərə ən çox aşağıdakı ərazilərdə rast gəlinir:
Nərimanov-Bakıxanov dəmir yolu sahəsinin 4, 5, 6, 7, 8, 9, 10-cu kilometrləri, Maştağa stansiyasının ərazisi, Səngəçal qəsəbəsi ətrafı dəmir yolu sahəsinin 484-cü kilometri, Xırdalan stansiyası ərazisinin 2638, 2640-cı kilometrləri, Bakı yük-Əhmədli dəmir yolu sahəsinin 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16-cı kilometrləri, Bakı sərnişin-Nərimanov dəmir yolu sahəsinin 1, 2, 3, 4-cü və Bakı sərnişin-Biləcəri dəmir yolu sahəsinin 2651, 2653, 2646-cı kilometrləri, Keşlə-Biləcəri dəmir yolu sahəsinin 2648, 2649-cu kilometrləri, Yeni Neftayırma Zavodu - Əhmədli mənzilləri və stansiya yollarının kənarı, yeni Suraxanı-Hövsan mənzilli və stansiya yollarının kənarı, Qala-Mərdəkan, Binə-Qala-Pirallahı mənzilləri və stansiya yollarının kənarında, Fioletov-Montin-Böyük Şor, Böyük Şor-2 blok/post mənzillərində və stansiya yollarının kənarı, Bakı-Biləcəri, Biləcəri-Xırdalan, Bakı-Sumqayıt, Sabunçu-Zabrat II-Mərdəkan, Yeni Suraxanı-Hövsan, Qala-Pirallahı, Bakı yük-Keşlə baş-Əhmədli, Güzdək mənzilləri, 8-ci km-Bakıxanov, Bakıxanov-Sabunçu-Zabrat II mənzilləri və stansiya yollarının kənarı. Həmçinin respublikanın digər yaşayış məntəqələrindən keçən dəmir yollarının ətrafında qeyri-qanuni tikililər, yaşayış və ticarət obyektləri mövcuddur.
Daşınmaz əmlakın qeydiyyatını aparan Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bildirilib ki, komitə tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq yalnız müvafiq sənədləri olan daşınmaz əmlak obyektləri qeydiyyata alınır. Əgər müvafiq qurumlar tərəfindən sənəd verilməyibsə, həmin obyekt harada yerləşməsindən asılı olmayaraq, dövlət qeydiyyatına götürülmür.

Digər xəbərlər