2009-cu il Nəsimi rayonu üçün uğurlu il olub
Nəsimi rayon icra hakimiyyətinin akt zalında ötən ilin yekunlarına dair hesabat keçirildi. Hesabatı giriş sözü ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq, bildirdi ki, rayonumuz ötən il bir sıra uğurlar əldə edib.
O, qeyd etdi ki, "2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqram"ına uğyun olaraq, rayonda 2176 yeni iş yeri açılıb ki, bunlardan 355-i yeni yaradılan, 191-i mövcud müəssisə və təşkilatdır. Onlardan 5-inin fəaliyyəti bərpa edilib, 1625-inə isə fiziki şəxslər başçılıq edib: "Hesabat ilində istehsal olunan sənaye məhsulunun həcmi 152007,2 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 216183,9 min manat olub. Nəqliyyat müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi keçən ilin müvafiq dovrünə nisbətən 0,3% artaraq, 313406,1 min manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi isə keçən ilin müvafiq dövrünə nisbətən 81,8% artaraq 6616,9 min manat olub. Hesabat ilində rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 598803,3 min manat olub ki, bu da keçən illə müqayisədə 19,9% artım deməkdir".
İcra başçısı onu da vurğuladı ki, əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən illə müqayisədə 84,4% artaraq, 505883,8 min manat olub. Rayon üzrə bir nəfərə düşən əmtəə dövriyyəsinin həcmi, orta aylıq əmək haqqı ötən illə müqayisədə artıb.
N.Məhəməliyev onu da bildirdi ki, Nəsimi rayonunda geniş miqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılıb. Ötən il yaşıllaşdırma işlərinə xüsusi fikir verilmiş, yaz və payız mövsümündə təkcə şənbə və bazar günləri keçirilən iməciliklər zamanı rayonun ayrı-ayrı ərazilərinə 20000-dən artıq ağac və dekorativ kollar əkilib: "2008/2009-cu tədris ilinin nəticələrinə görə, ölkə başçısının sərəncamına əsasən, 54, 240 saylı orta məktəblər və Texniki Humanitar Liseyi "Ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülüb, rayon müəllimlərindən 13 nəfər müəllim isə "Ən yaxşı müəllim" nominasiyası üzrə müsabiqənin qalibi olub. 1 nəfər müəllim "Əməkdar müəllim", 1 nəfər müəllim isə "Tərəqqi" medalı ilə təltif olunub. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009/2010-cu tədris ili ərəfəsində, bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilib, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilib. Rayon ərazisində 11 xəstəxana, o cümlədən, 2 elmi-tədqiqat institutu, 9 poliklinika, 2 qadın məsləhətxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası fəaliyyət göstərir".
N.Məhəməliyev qeyd etdi ki, rayon icra hakimiyyətində daimi fəaliyyət göstərən "Qaynar xətt" yaradılıb. Hazırda bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar rayonda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi davam etdirilir.