Bildiyiniz kimi, Milli Məclisdə "KİV haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir. Sizcə, bu dəyişikliklər jurnalistin ilk mənbədən informasiya almasına, həmçinin, mətbuatın müasir dövrün tələblərinə uyğun fəaliyyətinin tənzimlənməsinə nə kimi təsir göstərəcək? Bu məsələyə aydınlıq gətirmək üçün bir sıra KİV rəhbərinə müraciət etdik.
Asəf Abbasov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru:
- Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasında bilavasitə dövlət orqanlarının özləri maraqlı olmalıdır. Milli Məclisin bu məsələyə qarşı yeni adekvat formada cavab verməsi düzgün bir addımdır. Yəni, bunun qəbul olunması KİV-lərlə və onların əlaqələrinin daha sıx qurulması yönündə atılmış uğurlu addım ola bilər. Mətbuat tam sərbəst formada Milli Məclisin üzvləri ilə tədbirlərin işıqlandırılmasında müəyyən senzura formasında materiallar hazırlayırdılar. Bu məsələnin gündəmə gəlməsi onu göstərir ki, artıq mətbuatın Milli Məclislə əlaqələri daha sıx qurulacaq və mətbuat Milli Məclisin tədbirlərini sərbəst şəkildə işıqlandırmaq imkanı əldə edəcək.
Aydın Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru:
- Əgər ötən il keçirilən referendumda ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərə uyğun olaraq, qanunda müvafiq maddənin dəyişməsinə müsbət qarşılayıram. Çünki ölkə Konstitusiyası ilə "KİV haqqında" qanun arasında ziddiyyətin olmaması vacibdir. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə görə, hər hansı bir şəxsin, subyektin, təşkilatın rəhbərinin iradəsi və razılığı olmadan onun video və foto çəkilişinin aparılması və yayılması qanunsuzdur. İndiki qanunda nəzərdə tutulmuş əlavə və dəyişikliklər də, Konstitusiyada edilən müvafiq dəyişikliyə uyğun olaraq, həyata keçirilir. Əgər burada söhbət bu dəyişiklikdən gedirsə, hesab edirəm ki, bu, olduqca müsbət bir addımdır. Konstitusiya ilə qanunların arasında ziddiyyət ola bilməz. Ona görə də, bu dəyişikliklər təbiidir.
Sevinc Seyidova, "Həftə içi" qəzetinin baş redaktoru:
- Bu dəyişikliklərlə bağlı olaraq, hazırda müzakirələr gedir. Əldə etdiyimiz məlumatlara görə, foto-şəkillərin çəkilməsi ilə bağlı bəzi problemlər yaranacaq. Çünki burada müxbir foto çəkilişi aparmaq üçün icazə almalıdır. Bir sözlə, jurnalistlərin öz peşə borcunu yerinə yetirmələrinə bir sıra məhdudiyyətlər qoyulur. Fikrimcə, bu da istənilən halda bizim qəzetlərin professional şəkildə fəaliyyət göstərməsinə mane olacaq. Bu, eyni zamanda, yazıya uyğun hər hansı bir fotonun qəzetdə dərc olunmasına problemlər yaradacaq. Yəni, qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin edilməsi qüvvəyə minməsindən sonra bir sıra problemlərin ortaya çıxacağı istisna deyil.