Rasim Musabəyovun Vəfa Quluzadədən fərqi nədədir?
Sovetlər İttifaqı dağılıb, yeni müstəqil dövlətlərin yaranması özü ilə keçid dövrünün problemlərini, çatışmazlıqlarını da gətirdi. Düzdür, bu problemlərin həlli bəzi ölkələr üçün uzun çəkmədi.
Müəyyən zaman kəsiyində çatışmazlıqlar aradan qaldırıldı. Konkret desək, keçmiş SSRİ respublikaları arasında müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin 1993-cü ildən həyata keçirdiyi düzgün, məqsədyönlü siyasəti nəticəsində dövlət müstəqilliyini qorumağa, onu daha da inkişaf etdirməyə, xalqın sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına nail oldu. Amma razılaşmaq lazımdır ki, yeniliyə, inkişafa doğru aparılan islahatlar fonunda dövlət siyasətindən asılı olmayan, çatışmazlıqlar hələ də qalmaqdadır. Bu çatışmazlıqlar bir o qədər ciddi, qlobal çatışmazlıqlar hesab edilməsə də, hər halda, nəzəri cəlb edən sahələrdir. Belə sahələrdən biri də qüsurlu, bəzən qərəzli təhlillər verən politoloqların mövcud olduğu sahədir. Yəni hər yerindən duran kəsin "mən siyasətşünasam" deyib, qəzetlərə praktik yanaşmaya, siyasətçi dəsti-xəttinə uyğun təhlillər, şərhlər verirlər. Hətta bir qədər də maddi təminata nail olmaq üçün sifarişli şəkildə müxtəlif ölkələrin ünvanına nalayiq ifadələr səsləndirirlər. Əslində isə, siyasətşünas fikirlərini elmi-nəzəriyyələr əsasında qurmalı və həqiqətə söykənməlidir. Başlıcası isə, Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun təhlillər verilməlidir. Amma bugünkü politoloqların siyahısına nəzər yetirsək və onların mövqelərinə baxsaq, o zaman kifayət qədər qüsurların, çatışmazlıqların olduğunu görmək olar. Fikir verin, Rasim Musabəyov adlı politoloq həyatını və fəaliyyətini yalnız Qərbi söyüb, təhqir etməyə yönəldib. Aradabir Amerika Birləşmiş Ştatlarının ünvanına Əfqanıstan taliblərinə uyğun ultimativ bəyanatlar səsləndirir. Hətta Müsavat Divanının üzvü olduğu dönəmlərdə qarşısına qoyulan vəzifələrə uyğun Qərbi Azərbaycanla üz-üzə qoymağa və münasibətlərin zədələnməsinə xidmət edən fikirlər səsləndirməkdən də çəkinmir. "Xəzər Araşdırmalar Mərkəzi"nin rəhbəri Vəfa Quluzadə isə, mətbuatda Rusiyanı tənqid və təhqir edən politoloq kimi tanınır. Bu şəxs Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasını əsaslı hesab etməyərək, Moskvanın ünvanına tənqidlər səsləndirir. V.Quluzadənin münəccimliyinə görə, Rusiyanın çökməsi labüddür və bu ölkə dağılacaq.
Hər iki politoloqun mövqelərinə şərh verməmişdən əvvəl, qeyd etmək yerinə düşər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlara Azərbaycanın bəzi politoloqları özünəməxsus şəkildə şərhlər verirlər. Çoxları bu danışıqların müsbət olduğunu və ciddi nəticələr olacağını söyləyirlər. Əslində, onlar, bu cür yanaşma ilə bir növ xalqı aldatmağa cəhd göstərirlər. Politoloq Elman Nəsirovun fikrincə desək, xalqın başının altına yastıq qoyulmasına səy göstərirlər. Yenə E.Nəsirovun fikrinə istinad etsək, bu cür ittihamlarla çıxış edən politoloqlar, həm də özləri-özlərini aldatmış olurlar. Çünki real, konkret nəticə olmadığı halda, fikir söyləməkdən çəkinmək lazımdır.
Söz yox ki, siyasətşünasların sayının çoxalması və onların bir-birinə zidd təhlillərlə çıxış etmələri, həm də onların maddi maraqlarının təmin olunmasına söykəndiyini də söyləmək olar. Çünki bunun üçün kifayət qədər əsaslar mövcuddur. Əgər ixtisasca şərqşünas olan və fəaliyyəti yalnız Xəzərlə bağlı təhlillərə söykənməli olan V.Quluzadə Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirməyə yönələn fikir söyləyirsə, deməli, burada maraqlı məqamlar olmamış deyil. Nəzərə almaq lazımdır ki, Türkmənistanla Azərbaycan arasında, eləcə də, İranla bağlı Xəzərin hüquqi statusuna dair fikir ayrılıqları mövcuddur. Amma "Xəzər Araşdırmalar Mərkəzi"nin rəhbəri olaraq V.Quluzadə məsələ ilə bağlı bir dəfə də olsun, fikir bildirməyib. Deməli, çox hörmət etmək istədiyimiz Vəfa müəllim üçün əsas hədəf Xəzərlə bağlı gedən proseslərə münasibət bildirmək deyil, yaxın qonşu dövlət olan Rusiyanın əleyhinə yönəldici təhlillər verməkdir.
Narahatçılıq doğuran politoloq təhlillərində, söz yox ki, peşəkarlıq olmadığından, tam şəkildə qüsurlu hesab olunur. Bu qüsurların və peşəkarlığın artırılmasına zərurətin olması şübhəsizdir. Politoloq E.Nəsirov bizimlə söhbətində qeyri-peşəkar politoloqun mövcudluğunun bir çox sferalarda yaranan boşluqdan irəli gəldiyini söylədi: "Müqəddəs yerlər heç zaman boş qalmır. Amma təəssüf ki, istənilən şəxs siyasətşünas elmi adına yiyələnmək üçün dissertasiya müdafiə edir. Bu gün həkim, aqronom və digər sahələrin sahibləri də siyasət elminə namizəd olur. Bu isə, qeyri-peşəkar politoloqların meydana gəlməsinə səbəb olur".
E.Nəsirov qütbləşmənin olduğunu və milli maraqlardan deyil, ancaq siyasi mənafedən çıxış edərək, bir qisminin Qərbyönümlü, bir qisminin isə Rusiya və İranyönümlü təhlillər verən politoloqların olduğunu da bildirdi. E.Nəsirovun sözlərinə görə, əslində, politoloq qərəzçilikdən uzaq olmalı və təhlillərində obyektivliyə üstünlük verməlidir. Milli maraqlara və dövlətçiliyə əsaslanan şərhlər isə, başlıca amil olmalıdır: "Bir də görürsən ki, Qarabağ münaqişəsinin həllinin açarının Rusiyanın əlində olduğunu iddia edən hansısa politoloq həm də, Rusiyanın 30 ildən sonra dağılacağını iddia edir. Bu məntiqlə Dağlıq Qarabağ münaqişəsinin həlli 30 ildən sonra olacaq. Yəni Azərbaycan xalqı 30 il gözləməlidir ki, Qarabağ problemi Rusiyanın dağılmasından sonra reallaşacaq. Halbuki ABŞ-ın məşhur Kornegi İnstitutunun ekspertlərinin gəldiyi qənaətdə Rusiyaya münasibətdə üç şeyə təəccüblənilib. Birincisi, Sovet İttifaqının dağılması proqnozlaşdırılıb. Ancaq bu dağılmanın belə sürətlə baş verəcəyi təəccüb doğurub. İkincisi SSRİ-nin varisi olan Rusiyanın 90-cı illərdə miskin vəziyyətə düşməsinə xarici işlər naziri olmuş Andrey Kozerevin mister Yes olmasına təəccüblənilib. Üçüncüsü isə, Rusiyanın böyük potensiala malik olduğundan dirçələcəyi proqnozlaşdırılıb, lakin bu prosesin belə sürətlə gedəcəyinə təəccüblənilib".