PDF Oxu

Sosial

  • 11

Bələdiyyələrin fəaliyyəti müzakirə edildi

Bələdiyyələrin fəaliyyəti müzakirə edildi
Milli Məclisin Regional Məsələlər Komitəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olundu. İclası giriş sözü ilə açan komitənin sədri Arif Rəhimzadə bildirdi ki, ölkədə həyata keçirilən islahatlar bələdiyyələrdən də yan keçməyibdir: "Bu islahatlar nəticəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində dönüş yaranıbdır. Bəzi bələdiyyələr birləşərək, yenidən təşkil olunub. 2009-cu ilin dekabrında keçirilən seçkilərdə vətəndaşların fəal iştirakı bir daha sübut etdi ki, bu orqanların fəaliyyətinə maraq vardır".
Komitə sədri diqqətə çatdırdı ki, ötən il bələdiyyələrdə hüquqi maarifləndirmə işinin gücləndirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində səmərəliliyi artırıbdır.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə məruzə ilə bağlı ətraflı məlumat verdi. O, diqqətə çatdırdı ki, 2009-cu il ölkəmiz üçün uğurlu, yaddaqalan və əlamətdar olub: "Respublikamızda demokratiyanın, eləcə də yerli demokratiya və özünüidarənin inkişafı sahəsində olduqca önəmli işlər görülür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunmasına və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilir. Qanuna müvafiq olaraq 1651 bələdiyyənin birləşməsi nəticəsində 614 yeni bələdiyyə yaradılıb. Bütövlükdə, bələdiyyələrin sayı ölkə üzrə xeyli azalaraq 1718-ə çatıb. Ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçildi. Yeni seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil edirlər. Qeyd edim ki, onların sırasında qadınların və gənclərin sayı çoxluq təşkil edir. Belə ki, qadınların sayı 4243, gənclərin sayı isə 4 min nəfərdən çoxdur".
M.Səlimzadə onu da vurğuladı ki, bələdiyyələrə metodoloji yardımın yaxşılaşdırılması, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2009-cu ildə bələdiyyə üzvləri və qulluqçuları üçün ixtisasartırma kursları, seminarlar təşkil olundu. Bələdiyyələr üçün 872 tövsiyə və 19 metodiki vəsait hazırlanmışdır: "2009-cu il ərzində inzibati nəzarət qaydasında baxılması üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 21383 akt göndərilibdir. Onlardan 1231-i Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icraatında olub. Bu aktlardan 333-ü ləğv edilib və ya dəyişdirilib, 87 bələdiyyə aktının ləğvi üçün məhkəmələrdə iddialar qaldırılıbdır. Bələdiyyələrin Milli Assosiasiyaları və "İrəli" İctimai Birliyi tərəfindən 2009-cu ilin oktyabr-noyabr aylarında bələdiyyə seçkilərinə vətəndaşların marağını və hüquqi biliklərini artırmaq məqsədilə respublikanın 56 şəhər və rayon mərkəzində "Yerli demokratiya həftəsi" keçirilmişdir. "Həftə" çərçivəsində gənc fəallar üçün "Bələdiyyələrin statusu" və "Seçkiqabağı təşviqatın təşkili" mövzularında maarifləndirici təlimlər aparılıb. Eyni zamanda, yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq strukturları ilə əlaqələrin inkişaf etdirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə mühüm əhəmiyyət verilərək, bir sıra beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirilib, aktual məsələlər üzrə ölkəmizin maraqlarına uyğun təkliflər verilibdir".
Sonra deputatlardan Fəttah Heydərov, Tahir Rzayev, Rüstəm Xəlilov, eləcə də, Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Önünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov çıxış edərək, hesabatla əlaqədar rəy və təkliflərini bildirdilər.
İclasın sonunda hesabat Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

Digər xəbərlər