Son vaxtlar beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bu fikirlər içərisində siyasətçilərin, politoloqların 2010-cu ilin münaqişənin həlli istiqamətində uğurlu il olacağı daha çox üstünlük təşkil edir. Həmçinin, siyasətçilər onu da bildirirlər ki, bir il əvvəl belə fikir söyləmək bir qədər çətin idi. Ancaq Amerika-Rusiya münasibətləri əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şərait yaranıb. Sanki indi dünya demokratiyadan, insan haqlarından bir qədər az danışmağa başlayıb və daha çox qaynar, donmuş münaqişələrin həllinə çalışır. Bəs münaqişə necə həll olunacaq və 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı gözləntilər əldə ediləcək? Bir çox siyasətçilər "Səs" qəzetinə verdikləri açıqlamalarında bildirdilər ki, ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox böyük nəticələr əldə olunubdur.
Millət vəkili Zahid Oruc:
- Bilirsiniz, son illər ölkəmizin bir çox sahələrində, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük nailiyyətlərə nail oluruq. Hesab edirəm ki, baza prinsiplərinin, yaxud çərçivə anlaşmasının imzalanması baş verə bilər. Mən bunu gözləyirəm. Çünki 2010-cu ilin ilk üç ayında məhz bu istiqamətdə diplomatik fəallıqlar artacaq. Ehtimal edirəm ki, tərəfləri masa arxasına əyləşdirmək mümkün olacaq. Əlbəttə, sonrakı dönəmdə o sənədin işləkliyinin nə dərəcədə real olacağını zaman göstərəcək. Eyni zamanda, bu, həm beynəlxalq, həm də regional situasiya ilə birbaşa bağlıdır.
Digər tərəfdən, bu məsələ həm də artıq Türkiyə ilə Ermənistan arasındakı diplomatik əlaqələrə, sərhəd diplomatiyasına bağlanmış bir problemdir. Bu mənada, mən gözləyirəm ki, bu məsələ ətrafında Azərbaycan Prezidentinin mesaj etdiyi variantların da ehtimalı güclənmiş olacaq. Yəni 2010-cu ildə müharibə amili daha da qabara bilər. Əgər proseslər indiki axarı ilə davam etsə və nəticə olmasa, artıq bu dəfə bu mesaj, sadəcə, bir informasiya-diplomatik savaş elementinə yox, real diplomatiya və informasiya hərbin bir elementinə çevriləcək.
Politoloq Qabil Hüseynli:
- Bildiyiniz kimi, 2009-cu il ölkəmiz üçün ən uğurlu il sayıla bilər. Ümumiyyətlə, son illəri uğurlu illər hesab etmək daha düzgün olar. Bu baxımdandır ki, prosesdə iştirak edən siyasilərin, diplomatların çoxu 2010-cu ilin Dağlıq Qarabağ probleminin həlli ili ola biləcəyini bildirirlər. Məsələn, ABŞ dövlət katibinin köməkçisi Filip Qordon deyir ki, sülh sazişinin əsasında dayanacaq baza prinsipləri üzrə tərəflərin mövqelərində yaxınlaşma var. Digər tərəfdən, yanvar ayında Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən hər bir görüş zamanı daha intensiv irəliləmələr əldə edilir. Əsasən, güc mərkəzləri olan dövlətlərin nümayəndələri sülh barədə, ümumiyyətlə, prosesin nizamlanması barədə daha optimist danışırlar.
Azərbaycan tərəfində, hələlik, bu optimizmi bölüşən insanların çox az olduğunu vurğulayan politoloq bunun da əsassız olmadığını söylədi: "Çünki ermənilər tərəfindən səsləndirilən bəzi tələblər bizi belə düşünməyə məcbur edir. Məsələn, Ermənistan müxalifətinin liderlərindən olan Daşnaksütyunun təmsilçiləri, hətta Dağlıq Qarabağ ətrafındakı ərazilərdən də çəkilməyəcəklərini bildiriblər. Digər tərəfdən, Dağlıq Qarabağın müstəqilliyi, öz müqəddəratını təyin etməsi Ermənistan tərəfindən daim qabardılır. Azərbaycan isə belə bir şəraitdə qarşılıqlı kompromislərə nail olmağın mümkünsüzlüyünü görür. Baza prinsiplərində əsas məsələ həm Dağlıq Qarabağın statusu, həm də Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Bu iki məsələ problemin həllinin çıxış nöqtəsidir. Əgər bu məsələlərdə razılıq əldə etmək mümkün olacaqsa, o zaman sülh sazişinin imzalanması da mümkün olacaq. Bəziləri deyirlər ki, bu iki prinsipi uzlaşdırmaq olar. Amma bu, o zaman mümkün ola bilər ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilər və Dağlıq Qarabağa da bu çərçivədə öz müqəddəratını təyin etmək, milli-mədəni muxtariyyət kriteriyalarına uyğun gələn səlahiyyətlər vermək olar. Buna isə erməni tərəfi razı olmaq istəmir. Hər halda, danışıqlar prosesi gedir, bu prosesdə mütləq kompromislər olacaq. Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında dönə-dönə vurğulayır ki, bu, ancaq Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla, baş tuta bilər. Həmçinin, istər ötən il, istərsə də 2010-cu ildə Prezident İlham Əliyevin uğurlu siyasət onu deməyə əsas verir ki, münaqişənin bu ildə həll ediləcəyi ehtimalı böyükdür".
Politoloq Rasim Ağayevin fikrincə, son illər ölkənin, başqa sahələrdə olduğu kimi, xarici siyasətində də əldə edilən nailiyyətlər, onu deməyə imkan verir ki, 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün daha əlverişli şərait olacaq. Onun sözlərinə görə, məsələni birdəfəlik həll etmək üçün Azərbaycanın şansları daha da artacaq: "Bu, ilk növbədə, onunla bağlıdır ki, regionda baş verən problemlər artıq təkcə bizi deyil, dünyanın superdövlətlərini də narahat edir. ABŞ-ın, Avropa Birliyinin, Rusiyanın regionda öz maraqları və regionla bağlı müxtəlif beynəlxalq öhdəlik ləri var. Bizim bu problemlər isə onlara mane olur. Digər tərəfdən, bu konfliktlər diqqəti yayındırır. Çünki böyük dövlətlərin üzləşdikləri ayrı problemlər də var. Ümumiyyətlə, 2010-cu və 2011-ci il maliyyə-iqtisadi böhranı daha da güclənəcək, öz pik nöqtəsinə çatacaq və vəziyyət xeyli ağırlaşacaq. Bu, həm də ABŞ, Avropa Birliyi ölkələri və Rusiya kimi zəngin dövlətlərinin vəziyyətinin xeyli ağırlaşması deməkdir. ABŞ-a lazımdır ki, Bağdaddan Əfqanıstanadək bu regionun dəhlizlərindən istifadə etsin, Rusiyaya lazımdır ki, yeni dəhliz yaransın və onun ərazisindən keçən yükləri cənub istiqamətinə daşıya bilsin və sair. Bu konfliktlər isə onları yeni, daha bahalı yollar tapmağa məcbur edir. Əgər konfliktlər həll olunsa, yollar tapılacaq. Ona görə də həmsədr dövlətlər regionda öz fəaliyyətlərini aktivləşdiriblər. Düzdür, hələlik, onların fəaliyyətində sərtlik hiss olunmur. Bütün problemləri yaradan Ermənistan olsa da, ona bunu deyən yoxdur. Ancaq zənnimcə, Azərbaycan və Türkiyə öz diplomatik-siyasi fəaliyyətini gücləndirsələr, lazımi resurslardan istifadə edərək, yollar tapsalar, biz vəziyyəti öz xeyrimizə dəyişdirə və 2019-cu ildə münaqişənin həllinin şahidi ola bilərik".
Politoloq Xaləddin İbrahimli isə son vaxtlar beynəlxalq aləmdə Dağlıq Qarabağ kimi münaqişələrin həlli istiqamətində optimal situasiyanın yarandığını bildirib. Politoloqun fikrincə, bu cür münaqişələr birdəfəlik və qəti şəkildə həll olunmur: "Mən 2010-cu ildə münaqişənin, əsasən, həllini nəzərdə tuturam. Nizamlama prosesi bir müddət davam edəcək. Heç şübhəsiz, Azərbaycan tərəfi özünün prinsipial mövqeyindən geri çəkilən deyil. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bu, açıq və qəti bir ifadədir və Azərbaycanın mövqeyini əks etdirir".